Размер шрифта:
A+
A
A-
12 Апрель 2021

Oruc tutmağın faydası haqqında hədis

Merac hədisində gəlmişdir ki, Mütəal Allah Peyğəmbərə (s) buyurdu:

- Ey Əhməd! Orucun faydasının nə olduğunu bilirsənmi?
Peyğəmbər (s) dedi: - Xeyr.

Mütəal Allah buyurdu: - Orucun faydası az yemək və az danışmaqdır.
Sonra buyurdu: - Sükutun (az danışmağın) faydası hikmət, hikmətin faydası mərifət, mərifətin faydası isə yəqinlikdir. Bəndə yəqinliyə çatdıqda daha ruzigarı keçirməkdən qorxmur və onun üçün ruzigarın ona çətin yaxud asan keçməsinin fərqi olmur. Bu məqam “riza” məqamına çatanlar üçündür. Hər kimin razılığı Mənim razılığım olsa və Mənim razılığıma uyğun əməl etsə, ona üç xislət verərəm: nadanlıqla birgə olmayan şükür; unutqanlıqdan uzaq zikr; Mənə sevgini məxluquma sevgidən üstün tutan sevgi.
Bəndə Məni sevsə, Mən də onu sevərəm və onun sevgisini bəndələrimin qəlbinə salaram, onun qəlb gözünü Öz əzəmətim və böyüklüyümlə açaram, yaradılmışlarımın elmini onun üçün aşkar edərəm, gecənin qaranlığında, gündüzün aydınlığında onunla razü-niyaz və münacat edərəm, belə ki, başqaları ilə söhbət etməz, onlarla oturub-durmaz. Özümün və mələklərimin sözlərini onun qulağına çatdıraram, hamıdan gizlətdiyim sirrimi ona açaram...

Mütəal Allah sonra buyurdu: - Mən belə bir bəndənin ağlını Öz mərifət dənizimdə qərq edərəm, onun dərkini yüksəldərəm, cənnətə daxil olana kimi ölüm, çətinlik və (ölümlə bağlı) qorxunu ona asan edərəm, Əzrail onun yanına gəldikdə deyər: Əhsən sənə, xoş halına, xoş halına! Allah sənin müştaqındır...
Sonra buyurdu: - Mən o bəndəmə deyərəm: - Bu mənim cənnətimdir. Orada rahat ol və Mənim qonşuluğumda sakin ol.

O bəndənin ruhu deyər: - Ey mənim Məbudum! Özünü mənə tanıtdın və mən bu tanımaqla Sənin bütün yaratdıqlarından ehtiyacsız oldum. And olsun Sənin izzət və cəlalına ki, əgər Sənin razılığın mənim tikə-tikə olmağımda, yetmiş dəfə ən faciəli şəkildə qətlə yetirilməyimdədirsə, yenə də Sənin razılığın mənim üçün sevimlidir...

Sonra Mütəal Allah buyurur: - And olsun izzət və cəlalıma, Mən səninlə Öz aramda heç vaxt mane qoymaram ki, hər vaxt istəsən Mənim yanıma gələ biləsən. Mən dostlarımla belə rəftar edirəm.
Mirzə Cavad Ağa Məliki Təbrizi, “Əl-Müraqibat” kitabı
3382 dəfə baxılıb
ожидание...