Allahşükür Paşazadənin qulağına dəyib ki, sən demə İmam Hüseyn əleyhissəlam Aşura günü Allah üçün qanını, canını, ailəsini, övladlarını, qardaşlarını qurban verib, ona görə də uzun illərdir o da hər Aşura qanından keçir. Amma zalımlarla döyüş meydanında yox, hansısa qanvermə kompaniyasında. Çünki bilir ki, əgər İmam Hüseyn əleyhissəlamın etdiyi kimi eləsə, yəni zalım əleyhinə danışsa onu qanına qəltan edəcəklər. Vəzifəsini itirməsi bir yana qalsın, özünü də tutarlar, İran agenti hesab edərlər, narkoman adı verib incidərlər. Var-dövləti də əlindən çıxar. Ona görə də deyir ki, mənim nəyimə lazımdır ki, çıxıb etiraz edim?
Amma Aşura günü qanvermə salonunda yaman yerdə axşamlayıb. Jurnalist xanım yaxınlaşıb ona həbs edilən şiə inanclılarından danışıb. Açıq açığına ona demək istəyib ki, dur da bə, Aşura günüdür, çıx sən də bir etirazdan metirazdan elə. Allahşükürün aşına əməlli başlı soğan doğrayıb. Jurnalist sual verən zaman Allahşükürün sifətinə baxan adamın yüz dükana 150 min dollar borcu da olsa Allaha şükür edər ki, yaxşı ki, Allahşükürdə olan sifət məndə yoxdur. Jurnalist xanım sual verib qurtarandan sonra Allahşükür müəllim də deyib ki, sonra gələrsən sual verərsən. Mən sualdan yayınmıram, amma bura yeri deyil. Güya indi sualdan yayınmasaydı nə cavab verəcəkdi ki? Həmin jurnalist sual verəndən sonra başqa bir jurnalist də elə təqribən həmin səpkidə sual verib. Allahşükür isə deyib ki, mənim zənnimcə bütün bunlar ermənilərin işidir.
Sübhanəllah, təsəvvür elə ki, Allahşükürə deyir ki, ölkədə bu qədər şiə həbs edilir, niyə cınqırın çıxmır, o da deyir ki, heç də elə deyil. Ölkədə şiələrə qarşı repressiya yoxdur. Bu, ermənilərin tirajladıqları xəbərdir. Adamı yandıran odur ki, biz artıq az qalırıq ermənilərlə dost olaq, Allahşükür hələ 90-cı illərin ağzı ilə danışır. Nə əcəb qayıdıb bütün bunları İran edir deməyib?
Unutmadan onu da deyək ki, Allahşükürə sual verən xanım jurnalistləri araşdırmaq lazımdır. Ya İran agenti çıxacaqlar, ya da erməni. Yoxsa kim gəlib Allahşükür müəllimə dəxlisiz suallar verər!