Размер шрифта:
A+
A
A-
25 Июль 2014

Bu qolları kəsən gələr

Bu qollara tut deyən kim?
Bu qolların gücü hardan?
Ev sahibi zəncirlənib,
Hökm gəlir oğrulardan.

Qəzzə adlı qətlgahda
Baltaların dəstəyi qan.
Şərq də, qərb də dayan deyir,
Çəpik çalır Azərbaycan.

Şücaiyyə, Xanyunusda
Bələklərdə kəfən tozu.
Yalandır ki, bu millətə
Bu taleyi Tanrı yazıb.

Bakı ola, Şəki ola,
Bu günahda əlimiz var.
Şərik olmaq istəməsən,
Boğazında qolumuz var.

Bu qollara tut deyən kim?
Bu qolların gücü hardan?
Soruş Bakımızı minmiş
Tel-Əvivli qardaşlardan.

Quran kimdi, İmam kimdi,
İran kimdi, Turan kimdi!!
Bizə nə var Fələstində
Uşaqları qıran kimdi!!

Dünya batsın - neftimizi,
Qırımızı alan olsun.
İt payımız kəsilməsin,
Haqq-ədalət yalan olsun!!

Məmur oğlan, polis oğlan!
Bu qolları qıran gələr.
Demə dünya yiyəsizdi,
Bir gün başa Quran gələr.

Qulaqların kəsiləndə
Küçük kimi zingildərsən.
Daşa dəyən kasa kimi
Çiliklənib cingildərsən.

Kanalları dəyiş tez-tez,
Qan daşmasın gözlərindən.
Arxayınsan? Lənət olsun
Hər kim dönə sözlərindən!

Arzu Eyvazov
10627 dəfə baxılıb
ожидание...