İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirib. Yenə eyni sözlər deyilib, bənzər rəqəmlər sadalanıb. Yenə də iş yerlərinin açılması ilə bağlı artım önə çəkilib. Bu hakimiyyət köhnə üslubunu, tərzini, üsulunu azacıq da dəyişmir. Siyasi baxışlar aydındır, iş yerləri ilə bağlı rəqəmlər artdıqca siyasi məhbusların sayı da artır, amma sosial-iqtisadi məsələlərdə də yanaşmalar dəyişmir. Hər dəfə eyni tədbirlər, hər dəfə inkişaf barədə nitqlər, hər dəfə də xalqın gerçək durumu, ölkədəki dəhşətli korrupsiya və inhisar haqda susqunluq.
İlham Əliyev yenə iş yerlərinin artdığını deyib: “Ötən 9 ayda Azərbaycanda 100 min yeni iş yeri açılıb. Bununla da son 10 ildə açılan yeni iş yerlərinin sayı 1 milyon 300 minə çatıb”.
Biz yenə də rəsmi rəqəmlərə müraciət edək. Hətta rəsmi rəqəmlər də bunu təsdiqləmir. Dövlət Statistika Komitəsinin saytında “Əmək bazarının əsas sosial-iqtisadi göstəriciləri” bölümündə “Iqtisadiyyatda məşğul olan əhalinin sayı” adlı cədvələ baxaq. Bu cədvəl illər üzrə işləyən əhalinin sayını, yəni həm də ölkə əhalisinin sahib olduğu real iş yerlərinin sayını göstərir. Cədvəldə hər şey necə var saxlanılıb. Orada həmçinin 2003-dən 2013-ə qədər bütün illərə aid göstəricilər var, yəni onun vasitəsilə işləyən əhalinin, yaxud da iş yerlərinin illər üzrə artımını da görə bilərik.
Cədvəldəki rəqəmlərə baxaq (mənbə: http://www.stat.gov.az/source/labour/):
1.6 İqtisadiyyatda məşğul olan əhalinin sayı | |
| min nəfər |
İllər | Məşğul əhalinin sayı |
1940 | 998,8 |
1950 | 1049,5 |
1960 | 1523,2 |
1970 | 1756,3 |
1980 | 2299,5 |
1990 | 3703,4 |
2000 | 3855,5 |
2001 | 3891,4 |
2002 | 3931,1 |
2003 | 3972,6 |
2004 | 4016,9 |
2005 | 4062,3 |
2006 | 4110,8 |
2007 | 4162,2 |
2008 | 4215,5 |
2009 | 4271,7 |
2010 | 4329,1 |
2011 | 4375,2 |
2012 | 4445,3 |
2013 | 4521,2 |
|
|
11 il ərzində, yəni 2003-cü ildən 2013-cü ilə qədər işləyənlərin sayındakı artımı tapaq. Sonuncu göstəricidən 2003-cü ilə aid göstəricini çıxaq. 4521,2 - 3972,6 = 548,6. Deməli, 11 il ərzində işləyənlərin sayı 548600 nəfər çoxalıb. Builki artımı da (100 min) əlavə etsək, 648600 edir.
Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılsa da, son 12 ildə işləyənlərin sayında artım 648600 olub, düz iki dəfə az. Bəs qalan iş yerlərində kim çalışır? Xaricdən gələnlərmi? 650 min xaricdən gələn işçi varmı ölkədə? Mümkün deyil axı. Bu qədər insan gizlimi işləyir ki, biz onları görmürük.
Bəlkə qalan 650 mindən artıq iş yerləri də doğrudan açılıb, amma orda işləyən yoxdur? Bəs bu necə olur?
Ortaya çıxan təzadla bağlı dəfələrlə yazsaq da, Dövlət Statistika Komitəsi öz rəqəmlərinin siyasi rəhbərliyin söylədikləri ilə ciddi təzad təşkil etdiyinə izah vermir. Zatən, bir izah da yoxdur. Şişirtmə ortadadır. Deyəsən, heç onu təkzib də etmək istəmirlər.
Şahvələd Çobanoğlu/azadlıq