İmam Hüseyn (ə):
Həqiqətən də, bizim şiələrin qəlbi riya, hiylə, fitnədən pakdır.
***
İnsanların ən acizi duadan məhrum qalan şəxsdir. Ən paxıl insan isə salam verməkdən məhrum olandır.
***
Səni olmayanın kimi var?! Səni olanın nəyi yoxdur?! Sənin əvəzinə başqasını bəyənən, onunla kifayətlənən insan şübhəsiz zərərdədir.
***
Allahın narazı olduğu yolda addım atan insan ümidini itirər. Nigarançılıq onun vücudunu bürüyər.
***
O insan mərhəmət və əfv əhlidir ki, güc və qüdrəti olan zaman bağışlayır.
***
Səni sevən Səni tənqid edir. Səni sevməyənin dilinə yalnız tərif gəlir.
***
Dilinizdən elə söz çıxmasın ki, dəyəriniz azalsın.
***
İnsanların sizə ehtiyacı Allahın nemətlərindəndir. Bu nemət sorağınıza gələndə narazı qalmayın.
***
Allahdan başqa kimsəsi olmayana zülm etməkdən həzər qılın.
***
Bir qrup insan Allaha mükafat ümidi ilə dua edir. Bu böyüklərin ibadətdir. Başqa bir qrupun bəndəliyi Allahdan qorxduğu üçündür. Bu qulların ibadətidir. Bir qrup da Allaha nemətlərinə təşəkkür olaraq sitayiş edir. Bu azad insanların yoludur.
***
Ən üstün sərvət odur ki, insan onun vasitəsilə öz abrını, şəxsiyyətini qorusun.
***
Əgər yoxsulluq, xəstəlik və ölüm olmasaydı insan heç nəyin qarşısında boyun əyməzdi.
***
Ata-babaların ölümünü yada sal: Harad idilər və indi haradadırlar? Sən də tezliklə onlara qatılacaqsan. Bununla başqalarına ibrət olacaqsan.
***
İzzət və həya yolunda ölüm necə də asandır! İzzətlə ölüm əbədi həyat, zillətlə yaşamaq əbədi ölümdür.
***
İmam Səccad (ə):
İnsan unutmamalıdır ki, onun qonşular, yaxınlarla ünsiyyəti ruhuna təsir göstərir.
***
İnsanların ağası dünyada səxavətlilər, axirətdə təqvalılardır.
***
Pis qardaşlıq, dostluq odur ki, imkanlı olanda sənə yaxın gələlər, ehtiyaclı olanda səndən üz döndərələr.
***
Hansı mömində üç sifət olsa Allahın pənahındadır və qiyamət günü ilahi ərşin rəhməti kölgəsindədir. Bu adam məhşər səhrasının çətinliyindən amanda qalar. Birinci budur ki, ehtiyaclılara, kömək istəyənlərə köməyini əsirgəməsin. İkinci sifət hər işdən qabaq Allahın razılığını düşünmək, Onun qəzəbini yaddan çıxarmamaqdır. Üçüncü sifət birinin eybini dilə gətirməzdən öncə eyblərini aradan qaldırmaqdır.
***
Üç xasiyyət insan üçün qurtuluşdur: Dili pis söz və qeybətdən qorumaq, dünya və axirət üçün faydalı işlər görmək, öz xətalarına görə narahat olmaq.
***
Kimdə dörd xasiyyət olsa imanı kamildir, günahları bağışlanar, Allah onu razılıqla qarşılayır: Elə bir təqva ki, insanı təmənnasız xidmətə sövq edir; Xalqla düzgün və səmimi rəftar; Şəri və ürfi çirkinliklərdən uzaqlıq; Yaxınlar və ailə ilə xoş rəftar.
***
Ey Adəm övladı! Nə qədər ki, qəlbində sənə nəsihət edən var, bütün işlərini araşdırıb, ölçü ilə həyata keçirirsən, vücudunda Allah qorxusu var, xeyir və səadətdəsən.
***
Qarının haqqı budur ki, onu az ya çox haramla doldurmayasan. Hətta halal nemətlərdən istifadədə qənaət edəsən, ehtiyac qədərində faydalanasan.
***
Behişt eşqində olan insan xeyir işlərə tələsir. Azğın istəkləri ayaq altına alır, şəhvətə yox deyir. Qiyamət odundan qorxan şəxs tövbə qılır, günah və çirkin işlərdən uzaqlaşır.
***
Xalqa əl açma, bu iş insanı aşağılayır, alçaldır. Hər dəfə ağız açanda həya əldən çıxır, şəxsiyyət puç olur. Belə insan həmişə özünü ehtiyaclı görür. Ətrafdakılara nə qədər az ağız açsan, az kömək istəsən özünü bir o qədər ehtiyacsız hiss edərsən.
***
İnsanın xoşbəxtliyi bədən üzvlərini çirkin işlərdən qorumaqdadır.
***
Allahın razılığına xatir ailə quran, qohum-əqrəbaya əl tutan (sileyi-rəhim edən) insanı Allah qiyamət günü başıuca edər.
***
Dost və qardaşını Allahın razılığına xatir ziyarət edən insanı 70 min mələk müşayiət edər. Ona xitab olunar ki, çirkinliklərdən paklandın, ruzin behişt olsun! İnsan dost və qardaşı ilə əl görüşəndə Allahın mərhəmətinə çatar.
***
Bir insan sənin haqqında pis danışsa, sonradan peşman olub üzr istəsə üzrünü qəbul et.
***
Yeyib-içdiyinin zərərinə çox diqqətli olan adamın günaha əhəmiyyət verməməsinə təəccüb edirəm! Belə insan necə olur ki axirət bəlalarına biganə qalır!
***
Ac insanı yedirən şəxsi Allah behişt nemətləri ilə doyurar. Susuz insana su verəni Allah behişt çeşməsindən sirab edər. Çılpağı geyindirən insana Allah yaşıl behişt libası geyindirər.
***
Naqis ağıl, batil nəzəriyyə, puç müqayisələrlə dini hökmləri öyrənmək olmaz. Dinin həqiqi hökmlərinə çatmaq yolu Allah qarşısında təslimçilikdir. Biz Əhli-beyt qarşısında təslim olan insan bütün azğınlıqlardan amandadır. Bizim vasitəmizlə doğru yola gələn şəxs xoşbəxt olacaq. Öz şəxsi müqayisələri ilə dini tanımaq istəyən hökmən həlak olacaq.
***
Dünya mürgü kimidir, axirət isə oyaqlıq. Biz yuxu ilə oyaqlıq arasındayıq.
***
Öz şəhərində alış-verişlə məşğulluq, saleh şəriklərə malik olmaq, övladlardan kömək görmək insanın xoşbəxtliklərindəndir.
***
Quranın hər ayəsi Allah-Taalanın xəzinələrindəndir. Buna görə də hər ayəni oxuyanda diqqətli ol, gör onda nə tapacaqsan.
Əmirəlmöminin Əli (ə):
Dəyərini bilməyən insan məhv oldu.
***
Düşüncəsiz adamla yoldaşlıq etmə. Sənin pis işini yaxşı göstərər, istəyər ki, onun kimi olasan.
***
Davamlı az iş davamsız çox işdən ümidvericidir.
***
Ey Adəm övladı! Özün öz malına sahib çıx. Öləndən sonra necə əməl etmək istərdinsə, bu gün elə əməl et.
***
Əsassız sərtlik dəlilikdir. Sərt adam peşman olar. Əgər peşman olmasa dəliliyi qətidir.
***
Yoxsulluq zamanı sədəqə verməklə Allahla müamilə edin.
***
Xəyanətkara sədaqət özü xəyanətdir. Xəyanətkara xəyanət Allah yanında sədaqətdir.
***
Ey Adəm övladı! Sabahın qəmini bu gün çəkmə. Əgər sabaha ömrün olsa Allah ruzini yetirəcək.
***
Müstəhəb əməllər vacib əməllərə mane olduqda onları tərk edin.
***
Sizin cahilləriniz çalışqan, agahlarınız tənbəldir.
***
Allah bir bəndəni zəlil etmək istəsə onun elmini alar.
***
İnsanlar dünyanın övladıdır. Heç kəsi anasını sevdiyi üçün məzəmmət etmək olmaz.
***
Xəlvətdə günahdan çəkin. Səni görən kəs (Allah) hökmünü verəcək.
***
Üzürlü iş görməmək sonradan üzr istəməkdən yaxşıdır.
***
Bütün insanların var-dövlətinə iki şərik var: Varislər və hadisələr.
***
Ən böyük ehtiyacsızlıq və sərvət xalqın əlində olana göz dikməməkdir.\
***
Tərifdə həddi aşmaq yaltaqlıqdır. Həddindən aşağı tərifsə paxıllıq göstəricisidir.
***
Ən ağır günah günahı kiçik saymaqdır.
***
Harama göz yumsan Allah sənə haramın çirkinliyini göstərər. Unutma ki bir an olsun belə Allah səndən qəflətdə deyil.
***
Danışın ki, tanınasınız. İnsan öz dilinin altında gizlənib.
***
Çox söz silahlı hücumdan ağrılıdır.
***
Allah nadanlardan öyrənmək vədi almamış alimlərdən öyrətmək vədi alıb.
***
İki ac heç vaxt doymaz: Elmə ac olan və dünya malına ac olan.
***
Allah insana ağıl verdi və bu ağıl vasitəsilə ruzi yetirdi.
***
Kim haqqa qarşı çıxdısa məhv oldu.
***
Qəlb gözün kitabıdır. Gözün gördüyü qəlbə yazılar.
***
Bütün əxlaqi dəyərlərin başında təqva dayanır.
***
Sənə danışmağı öyrədənlə sərt danışma. Gözəl danışmağı öyrəndiyin kəslə kobud danışma.
***
Özünütərbiyədə başqalarında bəyənmədiyin xasiyyətlərdən uzaqlıq bəs edər.
Nur-az.com