Размер шрифта:
A+
A
A-
26 Ноябрь 2014

Ali Məhkəməyə şikayət olunacaq

Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan İslam Partiyası lideri Mövsüm Səmədov haqda çıxardığı qərardan Ali Məhkəməyə şikayət veriləcək.

Noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsində Mövsüm Səmədovun qapalı rejimə köçürülməsi haqda çıxarılan qərardan şikayəti təmin edilməyib. Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı təqdimatına əsaslanaraq məhbusun 2 il müddətinə qapalı həbsxana rejiminə (Qobustan həbsxanasına) keçirilməsi qərarını çıxarıb.

Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov “Media forum”a deyib ki, Ali Məhkəməyə şikayət olunacaq, qərar qüvvədə saxlansa isə Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutulacaq:

“Avropa Məhkəməsinə Mövsüm Səmədovun qanunsuz həbsi ilə bağlı müraciət etmişik. Hətta həbsdə də ona təzyiqlər davam edir. Ona görə Qobustan həbsxanasına köçürülməsi ilə bağlı çıxarılan qərardan da şikayət göndərəcəyik”.

Elçin Manafov noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsinə Mövsüm Səmədovun da gətirildiyini deyib: “Çox dəyişib, qocalıb. Onların saxlandığı həbsxana əlverişli ərazidə yerləşmir. Ruhani Abgül Süleymanov da eyni vəziyyətdədir. Həbsxana həyatı onların sağlamlığını alıb. Amma ruhən heç bir dəyişiklik yoxdur. Mövsüm Səmədov danışanda bunun şahidi olduq”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.
6465 dəfə baxılıb
ожидание...