Размер шрифта:
A+
A
A-
29 Ноябрь 2014

Ömür - ən gercək fürsət

Günlər keçir. Biri-birini əvəzləyir. Özü də çox sürətlə əvəzləyir. Nəticədə, hər gün təvəllüd tariximizdən uzaqlaşırıq və vəfat tariximizə yaxınlaşırıq. Bunlar bir gerçəklikdir. Deyərdim ki, ən fundamental gerçəkliklərdən biri. Hər gün müşahidə etdiyimiz. Hər gün qarşımızda baş verən və yaşanan. Nə qədər ətrafımızda təvəllüd və vəfat var.«Allah sizi torpaqdan sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O, bilmədən heç bir qadın hamilə olmaz və dünyaya uşaq gətirməz. Ahılın ömrünün uzadılması da, kimsənin ömrünün qısaldılması da, ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır». (Fatir surəsi, ayə 11))

Yuxarıda xatırlatdığımız gerçəkliyə diqqət edilərsə, ömür nemətinin nemət olaraq qədrini bilərik. Allahın Peyğəmbəri (s) buyurub: «Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də ömür başa çatmamış tələsin».

Ömür. İxtiyarımızda olan ən real fürsət. İmtahanla, sınaqla dolu olan ömür. Yaşanmaq üçün verilən və hər an yekunlaşa bilən bir ömür. İmam Əli (ə) buyurub: «Günün keçəni səndən gedəndir, gələcəyi şübhəlidir və indiki zaman isə fürsətdir».

Ömür. Sanki həmişə yaşayacağımız kimi davranmalı və sanki ən yaxın zamanda vida deyəcəyimiz kimi yaşanmalı ömür. İmam Həsən (ə) buyurub: "Dünyan (dünyanla bağlı işlərin)üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən (yəni dünya işlərində tələsməyə bilərsən. Lakin axirətlə bağlı işlərini heç zaman təxirə salmamalısan”.

Ömür. Yaşanması üçün hədəfi bəlli olmalı. Hədəfi bura ilə məhdudlaşacaqsa, çox məhdud və səmərəsiz olar. İmam Əli (ə) buyurub: «Məbada, öz ömrünüzü sizə qalmayacaq bir şey üçün hədərə verəsiniz. Çünki keçən ömür geri dönməz».

Ömür. Hədəfi əbədiyyətə bağlanacaqsa, hüdudsuz istedadları üzə çıxararaq, buralarla məhdudlaşmayan əbədi səadətin feyzindən bəhərələnməyə qədər yüksələ bilər. İmam Əli (ə) buyurub: «Ömrün – sənin xoşbəxtliyinin mehriyyəsidir. Bu şərtlə ki, onu Allaha ibadət yolunda keçirəsən».

Günlər keçir. Biri-birini əvəzləyir. Özü də çox sürətlə əvəzləyir. Nəticədə, hər gün təvəllüd tariximizdən uzaqlaşırıq və vəfat tariximizə yaxınlaşırıq. Yəni ömürümüzdən xərcləyirik. Xərcləyərkən uduzanlardan olmayaq...

İmam Əli (ə) buyurub: «Ey camaat! Elə indi, indicə vaxtı qənimət bilin, peşman olmamış və hər bir kəs «Əfsus ki, Allahın işində səhlənkarldıq etdim» deməmiş, vaxtı qənimət bilin».

Vaxtı qənimət bilək. Peşman olmuşlardan olmayaq.


6490 dəfə baxılıb
ожидание...