Suriyada terrorçu liderlərin məhv edilməsi əmrinin arxasında yatan amillər; Pentaqon Suriyada terrorçu ovuna başlayır
Prezident Barak Obama Pentaqona "Fəth əş-Şam" terror təşkilatının (köhnə adla "ən-Nusra") liderlərini öldürmək barədə əmr verib. Bu barədə “Vaşinqton Post” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən xəbər yayıb.
Xəbərdə qeyd olunur ki, Obamanın əmrinə əsasən Pentaqona məxsus pilotsuz aparatlar Suriya ərazisindəki terror təşkilatı liderlərini izləyib məhv edəcək. Qəzetə məlumat verən mənbə bu əmrin səbəbinin "əl-Qaidə"nin Avropanın cənubunda terror aktları planlaşdırması haqda məlumatlar olduğunu deyib. Ancaq bunun indi, ABŞ-da prezident seçkisindən bir gün sonra verilməsi suallar doğurub.
Qeyd edək ki, ABŞ hökuməti “ən-Nusra”nı terror təşkilatı kimi tanısa da, bir sıra Yaxın Şərq ölkələri, o cümlədən Türkiyə Suriyada Bəşər Əsədə qarşı vuruşan əsas silahlı qüvvə olduğu üçün “ən-Nusra” ilə əməkdaşlıq edir. Hətta zaman-zaman bir sıra ərəb ölkələrinin “ən-Nusra”ya silah və maddi yardım etməsi barədə xəbərlər yayılıb. Fakt odur ki, bu qruplaşma İŞİD-dən sonra Suriyada ən güclü və böyük silahlı təşkilatdır.
Eyni zamanda Rusiya bu qruplaşmanı birmənalı olaraq terror təşkilatı hesab edir və Amerikanı Hələbdəki bu qruplaşmaya qarşı kampaniyanı dəstəkləməyə çağırıb. Məhz bu mübahisələr nəticəsində bu ilin yayında "ən-Nusra" adını dəyişərək Şamın Fəth Ordusu edib və "əl-Qaidə" ilə bağlarını qopardığını bəyan edib. Ancaq buna baxmayaraq, qruplaşma hər hansı fəaliyyət və ya strategiyasını dəyişməyib. Bu səbəbdən də təşkilata münasibət dəyişməyib, yəni terrorçu hesab edənlər əvvəlki fikrində qalır. İndi isə ABŞ ordusu artıq bu təşkilatı hədəfə alır. Bu o deməkdir ki, Əfqanıstan, İraq, Pakistan və Yəməndən sonra Suriyada “Predator” pilotsuz aparatları fasiləsiz uçuşlar həyata keçirərək “ən-Nusra” liderini axtaracaq. Bu aparatlar Arizona ştatında yerləşən bazalardan (əsasən Arizona ştatında Holloman hərbi hava bazası - K.R.) idarə olunur. Davamlı uçuşlar həyata keçirən bu aparatlar izləmə və lazım gədikdə hədəfi məhv etmək üçün raketlərlə təchiz olunub. Bu isə o deməkdir ki, yaxın aylarda Suriyada terror təşkilatları üçün çətin dönəmlər başlayacaq.
O ki qaldı bu qərarı indi verməsinə, hələlik prezident Obamanın məhz seçkilərdən sonra bu cür sərt qərar verməsinin əsl səbəbləri dəqiq məlum deyil. Mümkündür ki, Obama postu təhvil verənə qədər terrora qarşı mübarizədə ciddi irəliləyişlər etmək və Trampa böyük terror problemləri qoyub getmək istəmir.
Çünki indiki vəziyyətdə hakimiyyət ötürülməsi həm Obamanın tənqidlərinə səbəb ola bilər, həm də hər zaman qürurlandığı müsbət fəaliyyətlərinə kölgə salacaq. Barak Obama buna qədər bin Ladenin məhv edilməsi əməliyyatı ilə qürurlanaraq dünyada terrorizmə qarşı ciddi uğur qazandığını bəyan edirdi. Ancaq indi Suriya və İraqda terror geniş vüsət alıb. Və bu vəziyyətin yaranmasında ittiham olunan tərəflərdən biri də Obama administrasiyasıdır.
Bu baxımdan, Yaxın Şərqdə həll olunmamış terror problemini xələfinə ötürməsi prezident kimi Obamanın aktivinə mənfi yazılacaq. Bu səbəbdən də Obama Suriyada terrora zərbə vurmaq, Vaşinqtonun terrora dəstək verməsi ilə bağlı ittihamları susdurmaq istəyir.