Размер шрифта:
A+
A
A-
20 Апрель 2017

İnkişafın ölüm modeli

Yaxud, statistik rəqəmlərdən tökülən tənəzzül

Hamı normal ölkənin necə olması haqqında təsəvvürə malikdir. Hətta AzTv də normal ölkə standartından xəbərdardı. Yoxsa, gecə-gündüz ölkədəki inkişafdan, vətəndaşa qayğıdan, regionların çiçəklənməsindən dəm vurmazdılar. Yəni, başa düşürlər ki, normal ölkədə AzTv-nin göstərdiyi kimi “xoşbəxtlik nəğmələri” eşidilməlidi. Təəssüflər olsun ki, bizim ölkəmizdə 24 ildir ki, canlı “xoşbəxtlik nəğməsi” eşidilmir. Uzun illərdi ki, xalqa “fonaqram” təqdim olunur. Amma artıq fonoqram lent yazıları da keyfiyyətini itirib. “Xoşbəxtlik nəğməsi”, “bədbəxtlik şikəstəsi” kimi səslənir.
Statistik rəqəmlərə nəzər salanda, atəşkəs rejimində olan ölkənin “müharibə” gündəmi insanı dəhşətə gətirir. Cəbhədən uzaq yerlədən gələn ölüm xəbərləri, cəbhədəki ölüm xəbərlərini dəfələrlə üstələyib. Təkcə son 2 ayda 11070 nəfər dünyasını dəyişib. Təkcə son 2 ayda 2044 ailə dağılıb. Artıq bu ölkədə faciələrin miqyası illər üzrə deyil, aylar üzrə “rekord” vurur. “İnkişaf”ın statistik göstəriciləri göz qaraldır, ürək yandırır.
Borclu adamların, xəstə adamların, boşanan adamların, ölən adamların, itən adamların, ümidi itən adamların sayına görə dünyada rəqib tanımırıq. Bizim ölkəmzidə qeyri-neft sektorunun inkişafı, insan taleyinin məhv olma sürətinə görə hesablanır. Son 2 ayda o dünyaya 11070 nəfər ixrac etmişik. Bəli, biz o dünyaya insan kapitalı yerləşdiririk. İnsan həyatını ixrac edib, dərd idxal edirik. Hökumətimizin iqtisadi strategiyası həqiqətən də insan amilinə söykənir. Bu ölkədə uzun illərdi ölüm islahatı aparılır. Ölkənin istənilən bölgəsində ölmək üçün ideal şərait yaradılıb. İstənilən an limitsiz, faizsiz dərd-kədər əldə etmək mümkündür. Hökumət təkcə iqtisadiyyatın Azərbaycan modelini yaratmayıb, həm də ölümün inkişaf modelini ixtira edib.
Statsitik rəqəmlərə nəzər salanda geriyə inkişafın sürəti insanı heyran qoyur. Bu ölkədə eyni zamanda həm ölənlərin, həm boşananların, həm müflisləşənlərin, həm xəstəliyə tutulanların, həm də intihar edənlərin sayı artır. Bu ölkədə eyni zamanda həm korrupsiyanın, həm ədalətsiz məhkəmə hökmlərinin, həm qiymətlərin artımı müşahidə olunur. Uzaqgörən siyasət şaxələnmiş inkişafı təmin edə bilib.
Bizim hökumətimiz vətəndaşa 116 manat maaş verib, “siyasətimizin fövqündə insan amili dayanır” deyə biləcək qədər “müdrik”dir.
Bizim hökumətimiz korrupsiyanı ifşa edənlərə qarşı mübarizə aparıb, “korrupsiyaya qarşı mübarizə aparırıq” deyə biləcək qədər “qətiyyətli”dir.
Hətta statistik rəqəmlərdən tökülən tənəzzül də hökumətin optimizminə təsir edə bilmir. Görünür, odlar yurdunu odlanmış yurda çevrimək də bacarıq tələb edir. Cənnət bir ölkəyə, 9 milyonluq bir vətəndaşa qarşı bu qədər bu qədər zərbə vurmağı hər kəs bacarmazdı.
P.S Belə getsə statistik məlumatların açıqlanmasına da qadağa qoyulacaq. Çünki, əldə olunan bütün rəqəmlər “inkişaf”a xor baxır. Bütün rəqəmlər hər şeyi qara rəngdə görür. Artıq rəqəmlər də özünü müxalifət kimi aparır.
5163 dəfə baxılıb
ожидание...