11 aprel niyə tarixə düşəcək?
20 gündən sonra ölkədə prezident seçkisi keçiriləcək. Amma bu ölkənin gündəmi tamam fərqli hadisələrlə yüklənib. Sanki, prezident seçkiləri Azərbaycanda deyil, Afrikanın hansısa ölkəsində keçiriləcək. İranda, Suriyada, Türkiyədə, Rusiyada baş verənlər Azərbaycan insanını daha çox özünə çəkir. Əlbəttə bu ölkədə 25 ildir ki, seçki keçirilmir və hamı da bunu belə qəbul edib. Amma 11 aprel seçkisi əvvəlki seçkilərdən fərqlənir və bu fərqə görə tarixə düşəcək.
Bəli, 11 aprel seçkisi seçib-seçilmək ənənəsinin “soyqırım”ı günü olacaq. 11 apreli seçkiyə oxşatmaq üçün ənənəvi namizədə 7 namizəd qoşublar. Amma bu “namizəd”lərin teledebatları, müsahibələri, mövqeləri imitasiyanı da darmadağın edir. Aydın görünür ki, 11 aprel seçkisi namizədsiz qalıb. Amma ən dəhşətlisi bu da deyil. Faciə budur ki, namizədlərin heç biri cəmiyyətin sevgisi ilə əhatə olunmayıb.
Siz nə vaxtsa bir qrup adamın Araz Əlizadəyə tərəf qaçıb “biz sizinlə fəxr edirik” dediyini görmüsüz?
Nə vaxtsa bir neçə sadə vətəndaşın “Zahid Oruc bu ölkənin xilaskarı ola bilər” dediyinə şahidlik etmisiz?
Yaxud, bir nəfər normal adamın “Hafiz Hacıyevə səs verəcəm” dediyini eşitmisiz?
Digər 5 namizədin vəziyyəti də oxşardı. Yəni, şəffaf seçki keçirilsə belə bu adamlar 2-3 faiz səs ala bilməzlər. Deməli, bu ölkənin ən nüfuzsuz, qeyri-ciddi qəbul olunan adamlarını bu xalqa rəhbər olmağa layiq biliblər. Məhz o adamları qeydə alıblar ki, həmin adamların adı çəkiləndə insanlarda mənfi reaksiyalar müşahidə olunur. Faktiki olaraq namizədlər arasında xalqın adamı yoxdur. 9 milyonun taleyi üzərində oyun qurublar və yalançı namizəd kimi 7 nəfər ən sevimsiz “siyasi xadim”i önə veriblər. Seçki qutusunun əbədi “fovarit”i olan 1 nəfər isə bu mənzərəyə tamaşa edir.
Bu dəfə həm seçki saxtalaşdırılır, həm də ən qeyri-ciddi adamları namizəd kimi qeydə almaqla xalq təhqir olunur.
Bir sözlə, biz namizədsiz seçki keçirməklə növbəti dəfə tarixə düşürük. Xalq seçki qutusuna haram qatılanda susarsa, Hafizləri, Arazları, Zahidləri ona namizəd kimi təqdim etməkdən çəkinməzlər.