Размер шрифта:
A+
A
A-
22 Февраль 2019

Bu xüsusiyyəti anlasa, insan bütün psixoloji problemlərini həll edər

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə nurani İlahi təlimin müddəaları əsasında yaşamaq və nemətlərdən bəhrələnmək lütfünü inayət edir.

Zati ehtiyaclılığı dərk etməmək

Allah Təala Qurani-Kərimin “Fatir” surəsinin 15-ci ayəsində buyurur: “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)”.

Qurani-Kərimin bütün ayələri öz nuraniyyəti ilə qəlblərimizi sağalda bilər. O cümlədən bu ayəni gerçək mənada dərk edə bilsək, halımıza böyük təsir qoyar. İnsanın islah olması, düzəlməsi, özünə gəlməsi üçün bu ayəni anlaması, duyması yetərli ola bilər.

Çünki insanın bütün müsibətləri, insanın təkəbbürü, özündən razılığı, arxayınlığı, özünü Allahın hüzurunda hiss etməməsi, özünü sərbəst bir varlıq kimi duyması ondan başlayır ki, insan zati ehtiyaclılığını, büsbütün, bütün varlıq səviyyəsində ehtiyaclı olmasını unudur və ya bu həqiqətlə lazımi qədər tanış olmur.

Niyə Allah Təala yaradılmışlar içərisindən insanı xüsusi vurğulayır?

Allah Təala ayənin əvvəlində bütün insanlara müraciət edir. Başa düşülən budur ki, bütün insanlar, bütün yaradılmışlar Allaha möhtacdırlar, Allaha ehtiyaclıdırlar. İnsanların yaradılmışlar içərisində xüsusi olaraq vurğulanması isə ona görədir ki, insan - iradəvi varlıqdır və insan qəflət yuxusunda öz kimliyini unuda bilir, o cümlədən, seçim zamanı həddini aşa bilir.

Əslində bütün yaranmışlar, bütün varlıqlar ehtiyaclıdır. Amma yaranmışlar içində məhz insan həddini aşa bilir, üsyan edə bilir, ehtiyaclı olduğunu unuda bilir. Və elə buna görə də birbaşa insanlara ehtiyaclı olmaları xatırladılır.

Varlığımızda bizdən asılı olmayan hissələrin, əzaların bizdən soruşmadan bütün ehtiyacları təmin olunur. Harada ki, bizdən asılıdır - orada da elə özümüz işləri korlayırıq. Asılı olduğumuz hissələrdə isə lazımi formada istifadə etmirik. Bir də iradəviliyimizə bağlı, özümüzü islahımıza bağlı olan ehtiyacımızın təmin olunması mövzusu var. Bu müstəvidə ehtiyacın ödənməsi başdan-başa iradəvidir.

Bizim dünyaya gəlişimiz, ümumi inkişafımız, yerimək, danışmaq qabiliyyətinin təmini, digər fiziki məsələlərimizin təmini bizdən asılı olmadan həyata keçirilir. Amma həyatda müəyyən bir şeylər var ki, onlardan istifadə etmək üçün iradə etməliyik. Əgər iradə etməsək - əldə etməyəcəyik, onlardan bəhrələnə bilməyəcəyik, o müstəvidə Allahın rübubiyyətindən istifadə edə bilməyəcəyik, özümüzü bəlli məsələlərdən məhrum edəcəyik.

O zaman bəhrələnmək olur ki, biz orada iradə edə bilək. İradə etməsək, ancaq Allahın təkvini rübubiyyətindən istifadə edə bilərik - yeyərik, içərik, yatarıq və s. Yalnız təkvini rübubiyyətlə yaşayan insan bioloji varlıq olmaqdan yuxarı qalxa bilməz. Halbuki bütün təkvini rübubbiyyət ona görə verilir ki, insan bununla başlasın və təşrii rübubiyyətdən istifadə etsin, bioloji varlıq olmaqdan başlayıb, kamil insan olmağa doğru hərəkət etsin.

Sanki bir valideyn övladının təhsil xərclərini qarşılayır ki, övlad oxuyub savadlı olsun. Övlad bu vəsaitdən istifadə edib, savadlı mütəxəssis də ola bilər, bu vəsaitlə gününü mənasız surətdə keçirə də bilər.

Allahın vücud təmin etməsi ilə insan iradə göstərə bilir

Ayədə insanın ehtiyaclı olması, Allahın isə tamamilə ehtiyacsız olması vurğulanır. Bu həm də fəlsəfi dillə desək “beyna-beyn”ə işarədir. Yəni biz iradəvi varlığıq. İradəvi varlıq olaraq da, gərək bütün hallarda varlığımız təmin olunsun ki, iradəvi varlıq kimi yaşaya bilək.

Bütün hallarda biz ehtiyaclıyıq - gərək bütün hallarda mövcud olaq ki, nə isə edək. Bizim bir varlıq olaraq yaşayıb mövcud olmağımız üçün varlıq şəbəkəmiz olmalıdır, gərək Allah bizi varlıqla, var olma ilə təmin etsin. Bunun da içərisində bizim bir iradəmiz var ki, o iradəmiz bu varlıq şəbəkəmiz təmin olunan halda işə düşə bilər.

Ola da bilər ki, işə salmayaq. Əgər işə salsaq, Allahın digər təminetmə mexanizmindən də bəhrə apara biləcəyik - işə salmasaq, istifadə edə bilməyəcəyik.

Həqiqi ehtiyacsız yalnız Allahdır

Ayədən başa düşülür ki, həqiqi ehtiyacsız yalnız Uca Allahdır. Allah Təala - Qənidir. Böyük İslam filosofu, mərhum Molla Sədra qeyd edirdi ki, varlıq ya qəni, ya da fəqir ola bilər. Fəqirlər özü-özlərinin varlığını heç cür təmin edə bilmirlər. Bununla da Qəninin varlığı sübut olunur.

Beş fəqir də olsa, yüz fəqir də olsa, milyon fəqir - zatən ehtiyaclı olan varlıq olduğu üçün - bunlar bir-birilərinin ehtiyaclılığını təmin edə bilmir. Gərək bir qəni olsun ki, onların varlıqları həmin mənbədən təmin olunsun.

Adətən imkanlı insanlara münasibət birmənalı olmur. Çünki insan nə qədər imkanlı olsa da, hamıya kömək edə bilmir. Ona görə də biri paxıllıqdan, biri rəqabətdən, biri istəkləri ödənmədiyi üçün, biri kin-küdurət səbəbindən həmin imkanlı şəxsə fərqli münasibətdə olur.

Amma Allah o Qənidir ki, həm də Həmiddir. O imkanlıdır, o ehtiyacsızdır, o Qənidir ki, həm də həmd ediləndir, şükür ediləndir. Bütün varlıq aləminin ehtiyacını ödəyir və bütün varlıq aləmi ona şükür edir. Təkvini müstəvidə hamının ehtiyacını ödəyir, təşiri müstəvidə bir qədər hərəkət etsək, ödəyər.

İnsanın nədə ehtiyaclı olması ona görə vurğulanmır ki...

Əllamə Təbətəbai (r.ə) buyurur ki, ayədə insanın nədə ehtiyaclı olmasının vurğulanmaması ona dəlalət edir ki, insan hər şeydə, hər mövzuda - başdan-ayağa Allaha ehtiyaclıdır. Yatmağında, durmağında, nəfəs almasında, ibadət etməsində - bütün hallarında ehtiyaclıdır.

Elə bir məsələ, elə bir mövzu göstərilə bilməz ki, insan Rəbbinə ehtiyaclı olmasın. İnsan olaraq, bizim lokal ehtiyacımız yoxdur, fraqmental ehtiyacımız yoxdur - başdan-ayağa ehtiyacın içərisindəyik.

Ən sadə işdən başlamış, ən ağır işə qədər insan ehtiyacın içərisindədir. Bir an Rəbbimiz varlıq verməsə, əlimizdən heç nə gəlməz.

Tövhidi yaşam - ehtiyaclılığımızı dərk edərək yaşamamızdır

Ariflərdən biri buyurur ki, Həzrət Mövla - İmam Məhdi Sahibəz-Zaman (ə.f) zühur edəndə onun bütün hissələrindən, hətta ayaqqabısının bağından da Tövhid nidası gələcək. Həqiqi ehtiyacın nə olduğunu anlayan ən kamil insan zühur edəndə, varlığının hər cəhətindən Tövhid nidası gələcək. İndi bəzən görürsən ki, biri deyir: “olmaz ki, mən saçımı belə edim?”, ya: “olmaz mən hicabımı bir az belə taxım?” Mövla (ə.f) zühur edəndə Mövlanın (ə.f) hər bir əzasından, hər bir hissəsindən Tövhid nidası gələcək. İnsan indi gərək elə etsin ki, saçından, saqqalından, hicabından, yaşayışından, ibadətindən Tövhid nidası gəlsin.

İnsanın bütün yaşayışı bəndəlik təzahürü olmalıdır - necə ki, zühurunu gözlədiyimiz Həzrət Mövlanın (ə.f) bütün təzahürlərindən Tövhid ətri gəlir.

Mərhum İmam (r.ə) buyurur ki, “İnsan gərək bütün qəlbi ilə anlasın ki, varlıq aləmində bir sözdən başqa söz yoxdur və o pak kəlmə - ”Lə iləhə illəllah"dır və bu şərafətli möhürü gərək qəlbinə vursun".

Varlıq aləminin büsbütün kodu bu cümlədədir - Allahdan başqa ilah yoxdur. Bütün varlıq aləminin kodu bu cümlədə cəmləşib. İmam (r.ə) buyurur ki, gərək insan bu gözəl, bu şərəfli möhürü öz qəlbinə vursun. Əgər bunu edə bilsə, o zaman həyatı fərqli olar.

Tövhid anlamının miqdarı

Əllamə Təbətəbai (r.ə) yuxarıdakı ayənin təfsirində buyurur ki, insan nə zaman ki, anlayar o, Allahın yoxsuludur, Allahın fəqiridir, Allahın möhtaclısıdır - Tövhid anlamı onun qəlbində hakim olar. Və bu fəqirliliyi, bu ehtiyaclılığı anlamasının miqdarına uyğun olaraq, Tövhid onun qəlbində hökumət edəcək.

Əvvəla insan gərək başa düşsün ki, Allahın yoxsuludur. Dərk etməliyik ki, fəqirik, bütün mənalarda ehtiyaclıyıq. Bunu insan nə qədər duysa, anlasa, dərk etsə, nə qədər miqdarda duysa - o qədər də Tövhidin hakimliyi həmin insanın qəlbində hökmranlıq edəcək. Deməli, biz gərək qəlbimizdə Tövhidin hakimliyini bərqərar edək. Qəlbimizin nə qədər hissəsi Tövhidin hakimliyi ilə idarə olunur? İnsan bunu qəlbən, ruhən nə qədər duysa, ehtiyaclılığını nə qədər ürəkdən hiss etsə - o qədər qəlbini Tövhidə bağlayacaq.

Bir çox zamanlarda insanın günah etməsinin səbəbi bu olur. Bizim bəzi xətalarımız, günahlarımız elə bu halımızla bağlıdır ki, ehtiyaclı varlığıq. Yəni bizim varlığımızın xarakteri budur ki, biz o qədər ehtiyaclıyıq ki, hətta düz yolda yıxılırıq. Nə iləsə öyünə biləriksə, onun bir anlıq da saxlanılmasını təmin etməyə zəmanətimiz yoxdur. İnsan nə qədər anlasa ki, ehtiyaclıdır, o qədər qəlbində Tövhidin hakimliyi olacaq.

Bütün peyğəmbərlər (ə) və övliyaların missiyası bunu xatırlatmaq olub

Bütün peyğəmbərlər (ə), bütün İlahi övliyalar buna görə gəlib. Allah Təalanın göndərdiyi bu qədər peyğəmbərlərin (ə), Məsumların (ə), Allah dostlarının missiyaları ondan ibarət olub ki, bizə zati fəqir olduğumuzu xatırlatsınlar.

Bizə anlatmaq istəyiblər ki, başdan-ayağa Allahın ehtiyaclıları, fəqirləriyik. Bizə xatırladıblar ki, bir Qəni var ki, nə qədər Ona bağlansaq, bir o qədər insan olarıq.

Biz bunu nə qədər duyub dərk etsək və əmələn bağlansaq, o qədər Allahın qəniliyindən bəhrələnə bilərik.

İnsan öz ehtiyaclılığını dərk etsə, onun bütün psixoloji problemləri həll olunar. Çünki, yəqinən bilər ki, onun bütün mövzularının həqiqi təminatçısı var və insan, həmin o mənbəyə bağlanar.

Yalnız Allaha bağlantını saxlamaqla Tövhidi yaşam qurmaq mümkündür

Bunu elə bir zamanda danışırıq ki, bütün hər şey bu mövzunun alternativində və paralelində qoyulub. Təhriklər, iş, güc, təhsil, sosial media, tv, radio - hamısı bunun alternativindədir, hamısı bunu xatırlamaq üçün deyil, əksinə - bizə bunu unutdurmaq və bizdən bunu kənarlaşdırmaq üçündür.

Biz ehtiyaclı varlıq kimi ruzi dalınca gedirik, Rəzzaqdan ruzi istəyirik, amma Rəzzaq bizə ruzi verəndə Onunla bağlantını yaddan çıxarmış oluruq. Bizim həmin ehtiyaclı halımız yadımızdan çıxır, alternativ yollarda, ruzini verənə aparmayan yollarda ilişib qalırıq. Biz elm dalınca gedirik, həqiqi Alimə qovuşmaq üçün başlayırıq, amma o yollarda Alimə aparmayan alternativ yollarda ilişib qalırıq.

Ona görədir ki, qəlblər aram olmur, rahatlıq tapmır. İnsan vücudi, zati ehtiyacını duymasa, rahatlıq tapa bilmir. Bir maşında bir qədər kənar səs əmələ gəlirsə, insan narahat olur ki, nədən səs edir. Bir qədər səsi artanda, daha çox narahat olur. Tez mütəxəssisə baş vurur, mütəxəssis düzəltməyi tövsiyə edir, əks təqdirdə başqa yerləri də dağıdacağı barədə xəbərdar edir. Dərhal problemi əvvəl mərhələsində həll edir ki, sonra fəsadları böyüməsin. Amma bizim öz içərimizdə vicdanımız səs-küy salır ki, qaydasında deyilik. Onu müvəqqəti məsələlərlə susdururuq ki, hələ vaxtı çatmayıb. Səsi getdikcə artır, arada bizi yerə çırpır, bir də görürük ki, namazlarımız əvvəlki namaz deyil, Allahla rabitəmiz əvvəlki deyil, hər şeyimiz var - amma aramlığımız yoxdur. Aradan qaldırmadıqca getdikcə fəsadları artmaqda davam edir.

Qəlb sıradan çıxandan sonra isə artıq onu bərpa etmək çox çətin olur. Ona görə də insan gərək ilk mərhələlərdən Allaha bağlantını itirməsin. Əgər Allaha bağlantını itirməsə, bütün işləri mübarək olacaq. Bu insanın bütün yaşamı Tövhid üzərində olacaq.

Allahım, aqibətlərimizi xeyirli et!

Allahım, içərimizdə, halımızda, ruhumuzda ehtiyaclılığımızı duymağı bizə nəsib et!

Allahım, bütün ehtiyaclıların ehtiyacını Öz qəniliyinlə təmin et! Amin!
4805 dəfə baxılıb
ожидание...