Bismilləhir-Rahmənir-Rahim!
Allaha şükürlər olsun ki, bizlərə yenidən mənəvi Üçaylığa daxil olmaq, mübarək Rəcəb ayını yaşamaq ləyaqətini nəsib edib.
Yaşadığımız Rəcəb ayı böyük fəzilətlər, əməllər, savablarla zəngin bir aydır. Sözsüz ki, bu ayda oruc tutmaq - ən fəzilətli əməllərdəndir. Amma Rəcəb ayı yalnız oruc tutmaq üçün nəzərdə tutulmayıb. Rəcəb ayı, mübarək Ramazan ayı üçün toparlanmaq baxımından çox böyük fürsətdir. Rəcəb ayında gündəlik dualar da çox önəmlidir. Amma, ildən-ilə bizlər gərək Rəcəb ayı üçün buyurulmuş digər əməllərlə də tanışlığımızı artıraq. Rəcəb ayını yaşayan, dərk edən kəslər gözəl olar ki, hər il bu ayın içərisində olan gözəl İslam maarifindən yeni mövzulardan bəhrələnsinlər.
Bütün mövcudiyyətin sahibi və maliki
Bəli, inşəallah, artıq Üçaylıqdayıq - Rəcəb, Şəban və mübarək Ramazan ayları estafeti başlayıb. Bu, son dərəcə mənəvi yüklü bir səfərdir. Bu səfərdə mənəvi kamilləşmə üçün böyük fürsətlər vardır. Bu aylardan əvvəlincisi mübarək Rəcəb ayıdır. Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, sui-zəndən, digər qəlbi mərəzlərdən müalicə olunma ayıdır. Uca Allahdan istəyimiz budur ki, bu mübarək ayın əməllərindən bəhrələnməyi hamımıza nəsib etsin. Allah Təala bu mübarək ayda mənəvi yüksəliş əldə etməyi bütün diləyənlərə qismət etsin, inşəallah!
Əzəmətli bir aydır Rəcəb ayı. Çox yanlış bir iş olardı ki, bir insan Rəcəb ayında yaşasın, amma nə etməlisi haqqında fikirləşməsin. İnsan necə digər işlərini, özünün digər məsələlərini planlaşdırır, hazırlığını görür, elə o cür də gərək fövqəladə mənəvi fürsətlər olan bu aya da sistemli yanaşsın. Əgər bu ayların gəlişi ilə bağlı lazımi araşdırmaları əvvəlcədən aparmasa, bu mənəvi nemətləri qəbul etmək üçün vəziyyətini düzənləməsə, Ramazan ayında İlahi ziyafətdən qədərincə və lazımınca bəhrələnə bilməyəcək.
Bir var insan mübarək Ramazan ayını səbirsizliklə gözləyir ki, bu ayın bütün imkanlarından faydalana bilsin və bu gözləməni mübarək müqəddimələrdə - Rəcəb və Şəban aylarında müəyyən edilmiş mənəvi yüksəliş fürsətlərini qavramaqla həyata keçirsin. Bir də var ki, insan Ramazan ayına yetişib və loruc vacibdir» mülahizəsi əsasında vacibatlarını yerinə yetirir və misilsiz mənəvi nemətlərə yiyə durmaq fürsətindən əsla bixəbər olur. Mübarək Ramazan ayının imkanlarından bəhrələnmək istəyiriksə, bunun mütləq şərti - Rəcəb ayından etibarən mənəvi hazırlığı əldə etməkdən keçir.
İki ay məşq fürsəti
Rəcəb ayını tanımaq üçün ən böyük fürsət - bu ayda edilən dualardır. Rəcəb ayının mübarək və zəngin dualarından biri də, bu ayın girişində, ilk daxil olduğu gecəsində oxunan mübarək duadır. Əxlaq ustadlarının, ariflərin bu dua ilə bağlı nurani buyuruşlarına, izahlarına diqqət etmək olduqca faydalı olar. Bizlər mübarək Ramazan ayına, İlahi ziyafətə hazırlaşmaq üçün bu kimi duaların fövqəl əhəmiyyəti var. Rəbbimiz bu qonaqlığa, bu İlahi ziyafətə hazırlıq üçün iki ay məşq fürsəti verib. Allah qapısını hazırlıqlı döymək üçün bizlər bu dualar vasitəsilə toparlana bilərik.
Duada buyurulur: “Allahım, həqiqətən mən Səndən istəyirəm, Malik sənsən və varlıq aləmində olmaq tutumuna malik hər şeyə qadirsən”. Bizlər Rəbbimizə müraciət edərək bəyan edirik ki, Onun qapısına gəlmişik, O da hər şeyin sahibi, malikidir.
Dünyanın ən böyük problemlərindən biri, şeytanın (lən) ən böyük hoqqalarından biri budur ki, insan Allahı Xaliq olaraq tanıyır, Yaradan olaraq bilir, amma Onun hər şeyin sahibi, maliki olduğunu unudur. Bu dua ilə insan sanki, Rəbbinə Onu Xaliq kimi tanıması ilə yanaşı, hər şeyin sahibi olaraq tanımasını da iqrar edir. Nəfəslərimizin də, gözümüzün də, dilimizin də, hər şeyin sahibi Rəbbimizdir.
Biz nəyə görə məhz Rəbbimizdən istəyirik? Çünki həqiqi sahib, həqiqi malik - Odur. Ondan başqa kimdən istəyək? Allahdan başqa istənilməli ünvan yoxdur. Allahdan başqa istədiyimizi verə bilən ünvan yoxdur. Varlıq aləmində nə varsa, sahibi Odur. Varlıqları yaradan, onlara mövcudiyyət verən, bütün varlıq aləminin həqiqi sahibi Odur.
Rəbbimizə müraciət edərək bəyan edirik ki, bizim ki, düzəlmək potensialımız var - bu potensialı daxilimizdə Rəbbimiz qoyub. Mən ki, tövbəli, peşman, düzəlmək istəyən halda acizliyimi dərk edirəm və Səndən istəyirəm - Sən bizlərə nəzər salmağa qadirsən.
Bizlər Rəcəb ayında Allahın bəndəsi ola, mübarək Ramazan ayına Allahın qonağı kimi daxil ola bilərik. Allaha müraciətlə bildiririk ki, Rəcəb ayının da sahibi Odur və bu ayda dəyişmək üçün imkan yaradan qüdrətə malik olan Odur. Rəcəb ayına bu istedadı, bu imkanı Rəbbimiz verib. Allah imkan verdi ki, bəndələr gəlib Rəcəb ayının xilas gəmisinə daxil olsun və düzəlsin. Ona görə də bizlər ümidli halda gəlmişik.
Hikməti üzərindən nəyə iradə etsə, o, mövcudiyyət tapar
Duanın ardında buyurulur: “Allahım, Sən o Allahsan ki, Öz hikmətinə uyğun hər nəyi ki, əmrinlə iradə edərsən - o şey mövcudiyyət tapar. Sən şəninə, hikmətinə, öz Allahlığına uyğun hər nəyi iradə etsən, o mövcudiyyət tapar, hər nəyə ”ol!" desən, olar".
Fərdi həyatımızda, ailə həyatımızda, toplumumuzda, ümmətin halında, dünyanın bu gedişatında bilməliyik ki, Rəbbimiz nəyə “ol!” desə, olar. Əgər bizim tutumumuz olsa, ləyaqətimiz olsa, qabiliyyətimiz olsa və Rəcəb ayının imkanlarından doğru istifadə edə bilsək, Rəbbimizin “ol!” deməsi ilə hallarımızda dəyişiklik əmələ gələr. Biz bunları bilərək Allahımızdan istəyirik. Deməli, Allahın həqiqi sahibliyini, bütün varlıq aləmində baş verə biləcək hər şeyə qadirliyini və Allahın hikmətinə uyğun olaraq istədiyi hər şeyə mövcudiyyət verə bilməsini xatırladırıq.
Peyğəmbər (s) və Əhli-Beytini (ə) vasitə qərar verərək istəyək
Bundan sonra Allahdan istəyirik: “Allahummə, inni ətəvəccəhu iləykə bi nəbiyyikə Muhəmmədin nəbiyyir-rahməh salləllahu əleyhi və alihi”.
Allahım, mən Sənə tərəf üz tutmuşam, mən Sənə tərəf gəlmişəm. Amma, gör, necə gəlmişəm?! Allahım, mən Sənə üz tutarkən əliboş gəlməmişəm. Mən bunun fərqindəyəm ki, qərar verdiyin ən ali vasitələrlə Sənə yaxınlaşım. Onları şəfaətçi, həqiqi vasitə qərar verirəm. Allahım, mən əziz Peyğəmbərimizi (s) vasitə qərar verərək Sənə üz tutmuşam. Bir Peyğəmbər (s) ki, rəhmət Peyğəmbəridir, Allahın salamı olsun ona və onun pak Əhli-Beytinə (ə).
Sonra duada gəlir: “Ya Muhəmmədu (s), ya Rəsulallah! İnni ətəvəccəhu bikə iləllah Rabbikə və Rabbi. Li yuncihə bikə təlibəti”. Duanın bu yerində Peyğəmbərimizə (s) müraciət edirik. Sonra deyirik ki, biz onu Allah dərgahında vasitə qərar vermişik. Ey Peyğəmbər (s), Səni O Allahın yanında vasitə qərar vermişik ki, həm Sənin Rəbbindir, həm də bizim Rəbbimizdir. Bu halda Allahın dərgahına üz tuturuq, Allahdan istəyirik ki, bizim hacətlərimizi, istəklərimizi həyata keçirsin.
Duanın ardında gəlir: “Allahummə, binəbiyyikə Muhəmmədin vəl-əimməti min Əhli-Beytihi sallallahu əleyhi və əleyhim. Əncih təlibəti” - “Allahım, Səni and verirəm Həzrət Rəsulallaha (s) və onun pak Əhli-Beytindən (ə) olan Məsum İmamlara (ə), hacətlərimi həyata keçir!”.
Allahı ən üstün bəndələrə, Rəbbimiz üçün ən əziz olanlara and veririk və yenə də Allahımızdan hacətlərimizi həyata keçirməsini istəyirik.
Deməli, biz bunun fərqində olaq ki, Rəcəb ayının ilk gecəsindı belə bir əzəmətli dua var və bundan sonra insan Allahdan nə hacətini istəsə, Allah Təala inşəallah həyata keçirdər.
Allahla doğru danışmağı öyrənirik
Mübarək İslami mətnlərdə bizlər Allah Təala ilə necə danışmağı öyrənirik. Görürük ki, Allah Təalanın bütün varlıq aləminə, bütün mövcudlara həqiqi sahibliyi, malikliyi vurğulanır. Allah Təala, bütün varlıq aləminin həqiqi sahibi və malikidir. Rəbbimiz bizi yaradıb və bizi boş-boşuna buraxmayıb. O, bizi yaradıb, Rəbbimizdir və varlıq aləmində baş verən hər şeydə, hər vəziyyətdə, hər durumda bizim varlığımızı təmin edir.
Biz hər an Allah Təaladan mövcudiyyət alırıq. Nəyimiz varsa - Allahımızdandır. Eyni zamanda vurğulanır ki, Allah Təala qadirdir. Hikmət üzərində bizim ləyaqətimiz, tutumumuz, qabiliyyətimiz olsa, duada istədiklərimizi də həyata keçirdər. Bizim tutumumuz olsa, halımız yerində olsa, Allah inayət edər.
Allahın bizə kömək və vəhdət üçün hədiyyə etdiyi ip
Duanın önəmli bir hissəsi də Peyğəmbərə (s) və onun pak Əhli-Beytinə (ə) təvəssül üzərindədir. Həzrət İmam Sadiq (ə) buyurur: “Biz Əhli-Beyt (ə) - həmin İlahi ipik ki, Allah Təala buyurub: ”Hamılıqla Allahın ipindən yapışın və dağılışmayın"".
Həzrət İmam Sadiq (ə) bəyan edir ki, həmin İlahi ip - pak Əhli-Beytdir (ə). Kim Allahın ipindən - Peyğəmbər (s) və Əhli-Beytinin (ə) ətəyindən yapışsa - qurtuluşa çatacaq. Kim onların nicat gəmisinə ayaq qoysa - qurtulmuşlardan olacaq. Deməli, Rəcəb ayının ilk gecəsində xilas gəmisinə daxil olmaq üçün bizlərə Əhli-Beytə (ə) təvəssül edərək, istəmə öyrədilir.
Əxlaq ustadlarından biri buyurur ki, təvəssül budur ki, insan bir yerə gedəcək, bir ziyafətə dəvət olunub - amma ora uyğun geyimi yoxdur. İnsanın özündə olmayanda, özündən böyüyündən istəyir. Təvəssül budur ki, bizim İlahi ziyafətə daxil olacaq təqva libasımız yoxdur, ona görə Əhli-Beytə (ə) müraciət edərək, onlardan istəyirik. Bizim tutumumuz, ləyaqətimiz yoxdur ki, Allah ziyafətinə daxil olaq, Amma Əhli-Beytin (ə) Allah yanında olan məqamını, abrını vasitə tutaraq, bu İlahi ziyafətə daxil olmaq istəyirik.
İstəmək, bizi Ona daha da yaxınlaşdırar
Allah Özü hər bəndəsinə bəyan edib ki, əgər Onu çağırsalar, cavablandıracaq. Kim Allahı çağırdı ki, cavablandırılmadı? Bizim müsibətimiz odur ki, biz çağırmırıq. Biz Allahdan başqa hər yaranmışı, hər acizi xilas mənbəyi görürük. Halbuki, Allahdır cavablandıran...
Pak Əhli-Beyt (ə) də bu yolda ən gözəl vasitədir. Biz gündəlik həyatımızda məqama, pula, tanışlığa, yoldaşlığa, cürbəcür məsələlərə o qədər güvənirik ki, yaddan çıxarırıq ki, bunlar hamısı ötəri, qərarlaşılmış mövzulardır. İnsanlar razılaşıblar ki, bu cür olsun. Misal üçün, insanlar razılaşıblar ki, bir metro kartı olacaq, onun üçün ödəniş edəcəklər, sonra onu qoyub keçəcəklər. Buna razılaşma deyilir. Bunun bünövrəsində heç nə durmur. Bu gün razılaşırlar - bu cür olur, sabah bu razılıq pozulur - başqa cür olur. Bu dünyada olan bütün məsələlər bu cürdür. Məqam da, imkanlar da müvəqqətidir. Bir yerə bir virus daxil olur, hər kəs nəyi varsa, qoyub gedir, qaçır o yerdən.
Bu qədər dünya müvəqqətidir. Həqiqi sahib - Allahdır. Hər an, hər vəziyyətdə bizə yiyə duran Odur. İnsan bunun fərqində olmalıdır. İnsan ilk öncə istəməyi öyrənməlidir.
Həzrət Əli (ə) buyurur: “İnsanların ən çox Allah tanıyanı - onların ən çox Allahdan istəyənidir”. Bir də görürsən ki, adam olur, ya cahilliyindən, ya qəflətdən, ya dini səhv başa düşməsindən deyir ki, mən Allahdan istəməyə utanıram. Uca Allah Özü bəyan edir ki, bəndə Ondan istəsin. Biz istəyək - xırda məsələ yoxdur, həyatımızın hər detalına, hər məqamına aid istəyək gərək. Bu istəmənin özündə Allahla bir bağlantı yaranır, Allahla rabitə əmələ gəlir. O kəs Allahı çox tanıyır ki, ən çox Allahdan istəyir.
Həzrət Rəsulallah (s) buyurur: “Hər vaxt ki, sizlərdən biri dua edər, hamı üçün dua etsin. Çünki, bu, qəbul olmağa daha da yaxınlaşmaq tofiqatı verər”.
Bir var ki, insan özü üçün dua edər, buna da Allah nəzər salar. Amma elə ki, insan cəm üçün dua edir - cəm üçün edilən qəbul olmağa daha da yaxınlaşdırır.
Allahım, bizlərə Rəcəb ayını tanıyıb bu ayın imkanlarından bəhrələnmək ləyaqətini nəsib et!
Allahım, bizləri bu ayda bağışlanmışlardan, tövbəkarlardan qərar ver!
Allahım, Səndən istəməyi bizlərə nəsib et! Amin!