Şrift ölçüsü:
A+
A
A-
30 Ekim 2015

Azərbaycanın Xomeynisi

İlk mehrab şəhidi Ayətullah Qazi Təbatəbai haqqında
Şah rejimi yaxşı bilirdi ki, Azərbaycanda qiyam bütün İranın ayağa qalxması ilə nəticələnəcək... 

Şəhid Ayətullah Qazi məqbul müctəhid, dəyərli bir alim idi. Nəcəf və Qum hövzələrində böyük ustadların elm və mərifətindən faydalanaraq bu məqamları əldə etmişdi. Ona Təbrizdə “Azrəbaycanın Xomeynisi” deyirdilər. 
Mehrab şəhidləri Əmirəlmöminindən (ə) dərs almaqla öz həyatları bahasına İslamı qoruyanlardır. Həqiqi Məhəmməd (s) İslamı mədəniyyətinin yaşaması üçün bu insanlar öz canlarından keçiblər. Bu gün İran İslam Respublikasının dünya miqyasında söz sahibi olan bir ölkə kimi tanınması həm də bu insanların fədakarlığı ilə bağlıdır. Onlar öz işlərini gördülər. Növbə bizimdir ki, özümüzdən onların fədakarlığının səbəbini soruşaq. Mehrab şəhidləri qarşısında bizim bugünkü vəzifələrimiz nədir? (Farsnews)
36 il öncə, şəmsi 1358-ci il, aban ayının 10-da Qazi Təbatəbai qəlbikor münafiqlər tərəfindən terror edildi. O, inqilabın ilk mehrab şəhidi kimi yaddaşlara həkk olundu. Şəhidin şəhadət ildönümünün keçirilməsi onun həyatının müxtəlif sahələrinə nəzər salmaq üçün bir bəhanə oldu. Ayətullah Qazi haqqında mütəxəssislərin, ona yaxın insanların xatirələri və fikirləri dəyərlidir. 
Bu gün Cənab Rəhbər Ayətullah Xamenei müqavimət mədəniyyəti, isar, fədakarlıq, izzət, istiqlal və azadlıq kimi dəyərləri önəmli dəyərlər kimi gündəmdə saxlayır. Bu dəyərlər çox-çox əvvəllər mehrab şəhidləri tərəfindən bizə öyrədilib. 
İmam Xomeyninin (r) oğlu Hacı Ağa Mustafanın şəhadəti ilə İranda istibdad və küfrə qarşı mübarizə başladı. Həmin dövrdə Azərbaycanda Ayətullah Qazi Təbatəbai İslamın sayıq keşikçisi, bir dayağı idi. 
Seyid Məhəmmədəli Qazi Təbatəbai, Seyid Əsədullah Mədəni Təbrizi, Seyid Əbdülhüseyn Dəstqeyb, Məhəmməd Səduqi, Əşrəfi İsfahani əslində Əmirəlmömininin (ə) mehrab şəhadəti varisləridir. Onlar öz imamları kimi bütün vücudlarını həqiqi Məhəmməd (s) İslamının yaşaması üçün qurban veriblər. 
Ayətullah Seyid Məhəmmədəli Qazi Təbatəbai Təbrizin ilk imam-cüməsi olub. O cümə namazı səngərində möhkəm dayanaraq pəhləvi rejimi ilə mübarizəyə qalxıb. Rəbbani alimin xalq kütlələri arasında nüfuzundan qorxan şah rejimi bir neçə dəfə onu sürgünə göndərib. 
Siyasi ekspertlər hesab edirlər ki, Ayətullah Qazi Təbatəbai müasir tarixin tanınmış simalarındandır. O əzəmətli İslam İnqilabının qələbəsində, xalqın qiyama qalxmasında böyük rol oynayıb. Öz alovlu çıxışları, şah rejiminə qarşı bəyanatları ilə Təbriz xalqını ayağa qaldırıb, bununla da düşmən səltənətinə od vurub. Şah rejimi yaxşı bilirdi ki, Azərbaycanda qiyam bütün İranın ayağa qalxması ilə nəticələnəcək. Saraydakılar üçün Azərbaycandakı qiyam həmişə kabus idi. 
Çıxışlarından birində açıq şəkildə İsrailin cinayətlərini ittiham edən, İmam Xomeyninin (r) adını əzəmətlə dilə gətirən Ayətullah şəhid Qazi ilk dəfə 6 ay müddətinə Kermanın Bafiq şəhərinə sürgün edilir. Sonra başqa bir bəhanə ilə daha 6 ay Zəncanda sürgündə olur. 
Ayətullah Qazi şəmsi 1348-ci il, 6 azərdə Təbrizə qayıdır. Həmin dövrdə İmam Xomeyninin (r) oğlu Hacı Ağa Mustafanın şəhadəti ölkədə bir hərəkət yaratmışdı və Ayətullah Qazi bu hadisənin təsiri altında müxalif mövqeyini daha da gücləndirmişdi. 
1356-cı il, 10 deydə Qum hadisələrindən sonra Ayətullah Qazinin evi müsəlman mübarizlər üçün sığınacaq idi. 1356-cı il, 29 bəhməndə onun başçılığı ilə Təbriz xalqı ayağa qalxdı. Azərbaycanda şah rejiminin getməli olduğunu ilk dəfə rəsmi imzalayan Ayətullah şəhid Qazi olub. İnqilabdan neçə ay öncə siyasi hərəkata başçılıq, etiraz aksiyalarının təşkili onun öhdəsində idi. 1356-cı il, 29 bəhmən bəyanatını ilk imzalayan o oldu. Bu bəyanatda Qumdakı qırğın ittiham edilirdi. 
İslam İnqilabının qələbəsindən sonra Ayətullah Qazi Təbatəbai İmam Xomeyninin (r) Azərbaycandakı nümayəndəsi olaraq Təbrizdə cümə namazına imamət məsuliyyətini yerinə yetirməyə başladı. İnqilabın hədəflərini həyata keçirmək istiqamətində onun zəhmətləri çox idi. İnqilabın qələbəsindən 6 ay keçməmiş müzdur Fürqan qrupu Ayətullah Mütəhhərini namərdcəsinə şəhadətə çatdırdılar. Şəhid Mütəhhərinin terroru barədə eşidən Ayətullah Qazi bu hadisədən çox təsirlənir və ətrafındakılara deyir ki, kaş mən də Mütəhhəri kimi şəhadət feyzinə çataydım. 
Nəhayət haqq yolunun şəhidi şəmsi 1358-ci il aban ayının 10-da, qurban bayramı günü münafiqlər tərəfindən terror edilir və şəhadət məqamına nail olur. Mərhum İmam Xomeyni (r) 11 abanda Ayətullah Qazinin şəhadəti münasibəti ilə bəyanat yayaraq bütün müsəlman xalqa, mücahid alimlərə və qeyrətli Azərbaycan xalqına başsağlığı verir. İmam Xomeyni (r) həmin bəyanatda bu terroru düşmənin qəti məğlubiyyəti kimi dəyərləndirir. Onların acizliyini qeyd edərək buyurur: “Supergüclərin əsarətinə son qoyan, onları ölkədən qovan bir inqilabda belə çıxarların olması qaçılmazdır. Allah yolunda şəhadət əbədi və qürur dolu bir həyat, xalqın doğru yola istiqamətləndirilməsi üçün işıqdır. Müsəlman xalqlar bizim mücahidlərin fədakarlığından öz istiqlal və azadlıqları yolunda nümunə götürməlidir. Onlar birləşərək imperializm və istibdadın səddini yarmalı, insan azadlıqlarına yol açmalıdır.” Mərhum şəhid Ayətullah Qazi Təbrizdə eynən İmam Xomeyni (r) kimi olub. Təbrizlilər onu “Azərbaycanın Xomeynisi” adlandırıb. Maraqlıdır ki, münafiqlər və şah rejimi nə üçün din alimlərindən bu qədər qorxublar? Nə üçün bu qədər rəbbani alim terror edilib? Bunun əsl səbəbi onların Allah yolunda qədəm götürməsində, ilahi həyat tərzindədir. 
Cənab Böyük Tehrani uzun illər şəhid Qazi ilə dostluq edib, yaxın münasibətdə olur. O buyurur: “Onu sabitqədəmlik, kəramət və şərafət sifətləri ilə tanımışam. Qazi Allah yolunda sabitqədəmliyi ismi-əzəmin dərki amili, rübubi sirlərə ləyaqət səbəbi bilirdi. O özü yoxsul və sadə bir həyat yaşasa da ağır pəhrizlərlə razı deyildi. Düşünürdü ki, salik, seyr-süluk yolçusu öz dünya həyatına da baxmalı, bu həyat, insan vücudu ruhla əlaqədə olduğundan zahirə də əhəmiyyət verməlidir. Adətən ətir vurar, ağ və təmiz geyinər, mehriban davranar, xeyir əmələ çağırardı.”
Ayətullah Möhsin Müctehid Şəbüstəri Təbrizin imam-cüməsi məsuliyyətini daşıyıb. O deyir: “Şəhid Ayətullah seyid Məhəmmədəli Qazi Təbatəbai əsl azərbaycanlı ailəsindən olub. Çox şərif nəsildən olan bu insan gözəl əxlaq müəllimi, irfan ustadı, mücahid alim idi. O hadisələrə münasibətdə eynən İmam Xomeyni (r) kimi mövqe tuturdu.”
Vəliyi-Fəqihin Şərqi-Azərbaycan ustanındakı nümayəndəsi sözünə əlavə edir: “Şəhid Qazi şübhəsiz ki, müctəhid, fəqih idi. Bundan əlavə zamanı ilə tanış idi, dünya hadisələrindən baş çıxarırdı, özündən əvvəlki alimlərin mübarizə yolundan xəbərdar idi. Öz söhbətlərində bu mövzulara toxunurdu. Başqa bir xüsusiyyəti gözəl qələmi idi. Xüsusi ilə ərəb dilində gözəl yazırdı. Onun kitablarından biri də İmam Hüseynin (ə) ərbəini haqqındadır. Şəhid alim bu hadisə barədə kompleks bir araşdırma aparıb.”
Təbrizin müvəqqəti imam-cüməsi Ayətullah seyid Məhəmməd Təqi Ali-Haşim deyir: “Nəcəf və Qum alimlərinin elmindən bəhrələnən şəhid Ayətullah Qazi tanınmış müctəhid, dəyərli alim olub. O Təbrizdə eynən İmam Xomeyni (r) kimi idi. Təbrizlilər ona Azərbaycanın Xomeynisi deyirdi. O imamın ilahi hərəkatından ilhamlanırdı. Şücaətlə söhbət edirdi. Söbhətlərindən birində demişdi ki, Allah şahiddir, heç vaxt imamın xəttindən əl çəkməmişəm və çəkmərəm, şəhadətə hazıram. Deyərdi ki, möminlər, qorxmayın, inqilab İmam Xomeyninin (r) rəhbərliyi ilə davam etməlidir. Çox şücaətli və qeyrətli idi. Allahdan başqasından qorxmazdı.” 



Şəhid Qazi Təbatəbai müxtəlif mövzularda 43 cild kitabın müəllifidir. Onun məqalələri müxtəlif dünya ölkələrində ərəb dilində çap olunub, özü barəsində də yazıçılar əsərlər yazıb. 
Mərhum Ayətullah hacı Şeyx Mürtəza Bəni-Fəzl şəhid Qazinin yaxınlarından, imamın şagirdlərindən olub. O İran İslam İnqilabının ilk mehrab şəhidi haqqında deyir: “Mərhum Ayətullah Qazi Təbatəbai Azərbaycanda zalım rejimə qarşı mübarizədə öndə gedirdi. 42-ci ildən qabaq da müxtəlif adlarla mübarizə aparırdı. 41-42-ci illərdə İmam Xomeyni (r) hərəkatı başladı, Ayətullah Qazi mərhum Ayətullah Seyid Həsən Əngəci ilə birlikdə ön sırada idi. Nəcəf alimlərinin, Məşhəddə Ayətullah Milani kimi alimlərin, Qum alimlərinin Azərbaycanda diqqət mərkəzində olan Ayətullah Qazi Təbatəbai və Ayətullah Seyid Həsən Əngəci idi.” 
Ayətullah seyid Məhəmməd Qazi Təbatəbai hicri qəməri 1331-ci il, cəmadiül-əvvəl ayının 6-da Təbrizdə dünyaya göz açıb. Müqəddimə dərslərini bu şəhər mədrəsəsində oxuyub. Hicri qəməri 1359-cu ildə Qum şəhərinə təhsil ardınca gedib. 10 il Qumda Ayətullah seyid Məhəmməd Höccət, seyid Sədrəddin Sədr, İmam Xomeyni (r), seyid Məhəmmədriza Gülpayiqaninin elmindən bəhrələnib. 
Hicri qəməri 1369-cu ildə Nəcəfə yola düşüb, təhsilini böyük alimlərin hüzurunda davam etdirib. Ayətullah Həkim, Xoyi, Şeyx Məhəmməd Hüseyn Kaşifül-Ğita onun ustadlarından olub. O zaman ictihad dərəcəsinə çatıb. 
Mərhum Ayətullah şəhid Qazi həmişə azğın cərəyanlar qarşısında dayanıb, yolunu azmış hərəkatları ifşa edib. 
Onun kitabları müxtəlif mövzulardadır. Bu kitablar arasında Ərbəin barədə kitab da var. Təqlid, Əl-Fəvaid, Rəsailə haşiyə, Məkasibə haşiyə, Kifayəyə haşiyə, Mübahilədə risalə kimi kitabları var. Elm sahəsində ardıcıl fəaliyyətləri ilə yanaşı siyasi səhnədə də Qazi Təbatəbainin rolu böyük olub. İnqilabi ruhiyəyə malik olan bu alim həmişə SAVAK-ın hədəfində olub. Şahın kəşfiyyat idarəsi onu heç vaxt rahat buraxmayıb. İmam Xomeyni (r) hərəkatının başlanması ilə Azərbaycanda inqilab qığılcımının şölələnməsində alimin böyük rolu olub, o bu yolda həbsə alınaraq Tehranın Qızılqala həbsxanasında saxlanılıb. 
İslam hökuməti və İsrailin cinayətlərindən danışması, İmam Xomeyninin (r) adını iftixarla çəkməsi nəticəsində 6 ay müddətinə Kermana, sonra isə 6 ay müddətinə Zəncana sürgün edilib. İmam Xomeyninin (r) Təbrizdə tam hüquqlu nümayəndəsi yalnız şəhid Qazi olub. O Təbriz xalqının inqilabi hərəkatına rəhbərlik edib. Şərqi və Mərkəzi Azərbaycanda inqilab ocağı Şəban məscidi idi. Şəhid Qazi Təbatəbai orada imam-camaat idi. Onu hamı sevirdi, buna görə də düşmənlərin hədəfində idi. 
İnqilabdan neçə ay öncə siyasi hərəkatın təşkili, siyasi aksiyaların keçirilməsi onun öhdəsinə düşürdü. O həmişə inqilaba zidd qüvvələrin qarşısında bir sədd kimi dayanmışdı. Onun inqilabdan sonrakı xidmətləri də misilsizdir. 
İslam İnqilabının qələbəsindən sonra imam onu Təbrizə imam-cümə təyin etdi. O həm də Şərqi və Qərbi Azərbaycanda inqilab komitələri yaratmışdı. Şəhər hakimiyyətinin formalaşdırılmasında böyük rolu vardı. “İmamın köməkçiləri” kitabının 13-cü cildində yer almış SAVAK-ın rəsmi sənədlərinə görə SAVAK onu şücaət nümunəsi kimi qeyd edir. 
Mərhum Qazi həm də yoxsullara, imkansızlara kömək əli uzadar, xeyriyəçilikdən qalmazdı. Bir ömür ixlaslı cihaddan sonra İslam düşmənlərinin əli ilə şəhadətə yetirildi.

Vilayet.nur-az.com

6986 بازدید
در حال ارسال اطلاعات...