Daim yemək-içmək fikrində olan şəxs, şübhəsiz ki, ibadətdən ləzzət ala bilmir
Hədisdə həzrət Peyğəmbərin (s) belə ərz etdiyi bildirilir:
“Pərvərdigara, orucun bəhrəsi nədir?” Allah-təala buyurur: “Orucun bəhrəsi hikmət, hikmətin bəhrəsi mərifət, mərifətin bəhrəsi isə yəqinlikdir.” Allah-təalanın hədisdəki bu bəyanı ən üstün tərbiyə üsullarındandır. Allah bir şəxsi tərbiyələndirmək istədikdə, onu bir işə sövq etmək istədikdə, həmin işin faydalarını sadalayır. Belə olduqda işə maraq artır və insan daha həvəslə irəli gedir.
Həqiqətən də, oruc tutmaq gündə iki dəfə yeməkdən ibarət olan qidalanma rejimidir. Əslində insan orqanizmi məhdud miqdarda qidaya ehtiyac duyur. Bizlər isə mədəmizi, adətən, artıq yükləyirik. Qidalanmaq üçün rejim hazırlamaq zəruridir. Təəssüf ki, bizlər rejimsiz qidalanır və nəticədə sağlamlığımızı itiririk. Bura qədər deyilənlər orucun insan orqanizminə olan faydasıdır. Amma orucun misilsiz ruhi faydaları da vardır. Əvvəla, insan az yemək nəticəsində daha dərindən düşünə bilir. Demək, orucun əsas mənəvi faydalarından biri hikmətdir. Çoxyeyən insanın fikri daim maddi ləzzətlərə məşğuldur. Təbii ki, daim maddi ləzzətlər fikrində olan insan mənəvi ləzzətlərdən məhrum olur. Çünki diqqət bir şeyə yönəldikdə o biri şeydən yayınır. Daim yemək-içmək fikrində olan şəxs, şübhəsiz ki, ibadətdən ləzzət ala bilmir. Çünki belələri yalnız maddi şeylərin dadından xəbərdardır. Oruc iradəni möhkəmləndirməklə yanaşı, maddiyyata aludəliyin qarşısını da alır. Allahın razılığını qazanmaq məqsədi ilə yemək-içməkdən çəkinən oruc tutmuş insan gün uzunu Allah haqqında düşünə bilir. Bundan əlavə, insan çox yedikdə ağırlaşır və düşüncə qabiliyyətini itirir. Çünki bədənin enerjisi qəbul olunmuş qidanın həzminə sərf olunur. Tibbi baxımdan da tövsiyə olunmuşdur ki, insan yedikdən sonra dərhal zehni işə məşğul olmamalıdır. Çünki həzm prosesini yerinə yetirmək üçün qan mədənin ətrafında toplanır. Zehni iş zamanı isə qan beyin ətrafında cəmləşir. Həm mədənin, həm də zehnin eyni vaxtda işləməsi qan dövranına mənfi təsir göstərir. Çox yeməyin başqa zərərləri də vardır. Ləzzətli xörəklərə meyilli insan bu yeməkləri hazırlamaq üçün bir müddət çalışmalı olur. Nəticədə mənəviyyat yaddan çıxır. Zikr olunmuş rəvayətə əsasən, oruc və ümumiyyətlə, az yemək insanın hikmət əldə etməsinə səbəb olur və o, həqiqətləri dərk etmək qüvvəsi tapır. Əlbəttə ki, ən əsası ilahi məhəbbət, Allahın sifətləri və Allahla bağlı işlərdir. Digər bir tərəfdən insanın mərifəti gücləndikcə onun iman və yəqinliyi də artır. Çünki yəqinlik məhz mərifətin bəhrəsidir.
Yəqin mərtəbəsi imanın ən kamil mərtəbəsidir. Əlbəttə ki, yəqinin də öz mərtəbələri var. Rəvayətlərdə qeyd olunduğu kimi, elmül-yəqin, eynül-yəqin kimi yəqinlik mərtəbələri mövcuddur. İnsanın iman gətirməsinin səbəbi olmalıdır. Bir şeyi tanımadan ona iman gətirmək mümkünsüzdür. Təbii ki, mərifət artdıqca insanın imanı da artır. Kamil mərifət yəqin mərtəbəsi üçün zəmindir. Kamil yəqinlik və imanın əsərləri vardır. Bu əsərlərə əsasən, kimin yəqin mərhələsinə çatdığını müəyyənləşdirmək olar. Rəvayətdə həmin əsərlərdən birinə işarə olunur: “Bəndə yəqin məqamına çatdığı vaxt əhəmiyyət vermir ki, onun həyatı çətinliklə, yoxsa asanlıqla keçir.” Bəli, yəqinliyə çatmış insanın həyat səviyyəsi baxımından çətinliyi olmur. Axirət səadəti haqqında düşünən insan üçün dünyanın şirinlikləri və acılıqları fərqsizdir. Həyat səviyyəsi möminin qəlb dəryasını dalğalandıra bilmir. Kamil imana malik mömin öz işlərini Allaha tapşırır və bilir ki, onun xeyiri Allahın məsləhətindədir. İmanı güclənmiş insan işlərini Allaha həvalə etdikdə Allah da onun işlərini öz öhdəsinə götürür.
Demək, yəqinliyə çatmış mömin daha mühüm məqsədə malik olduğu üçün dünya həyatına əsir olmur və dünya ləzzətləri onun diqqətini Allahdan yayındıra bilmir. Allah-təalanın ayətlərinə, adlarına, sifətlərinə, cilvələrinə məşğul olan düşüncədən başqa fikirlərə yer yoxdur. Digər bir tərəfdən, imanlı insan öz işlərini Allaha həvalə etdiyindən arxayındır. O Allahın məsləhətini hər şeydən üstün tutur. Yəqinə çatmış insan üçün əldə etdiyi mərifətin əməli rolu vardır. Adi insanların Allaha, behiştə və cəhənnəmə inamı onların əməlinə təsir göstərmir. Biz dildə Allahın hər şeyi gördüyünü desək də, əməldə dediyimiz sözü unuduruq. Belə bir biliyə yəqin deyilmir. Yəqin elə bir mərhələdir ki, insanın biliyi və mərifəti işdə özünü göstərir.