Ramazan ayı mənəvi xəstəlikləri aradan qaldırmaq üçün əlverişli fürsətdir
Ramazan ayı ilə bağlı əsas məsələ budur ki, Allahdan, onun yolundan qəflətin səbəbləri, amillərinin mühasirə etdiyi, müxtəlif stimulların tənəzzülə, süquta çəkdiyi bəşər fürsət tapır. Fürsət əldə edir ki, ruhunu – insan ruhu, bəşərin batini yüksəlişə meyllidir – meraca, yüksəlişə doğru sövq etsin, Allaha yaxınlaşsın, ilahi əxlaqa yiyələnsin. Ramazan ayı belə bir fürsətdir.
MƏNƏVİ FƏLAKƏT
Ramazan ayı mənəvi xəstəlikləri aradan qaldırmaq üçün əlverişli fürsətdir.
Əgər aradan qaldırmasaq, bu xəstəliklər həlakedici, öldürücü olacaq. Bu həqiqi və mənəvi ölümdür. Cismani ölüm deyil. Əgər bizdə öldürücü xəstəlik olsa, yaxud olması güman edilsə, nə qədər əl-ayağa düşərik? Gecə gözümüzə yuxu getməz. Ən yaxşı doktorları taparıq. Düşünərik ki, olmaya bədənimizdəki, əlimizdəki, dərimizin altındakı bu şiş xərçəngdir? Təsəvvürü belə bizi dəhşətə salar. Sonu nədir? Sonu ölümdür. Əgər olmadısa, bir il sonra, iki il sonra, on il sonra olacaq. Nizami Gəncəvi demişkən:
Yüz il ömür sürüb, yaşasan belə
Bu saraydan gərək çıxasan yenə.Əbədi olaraq qalası deyilik. Bir neçə gün, bir az orda, bir az burda bitib gedəcək. Cismani məhv budur və bu qədər qorxuruq ondan. Mənəvi məhv isə əbədi olaraq ilahi əzaba düçar olmaqdır. Yəni, əbədi həyatda, Allahın sənin və mənim üçün nəzərdə tutduğu bütün nemətlərdən, ləzzətlərdən, məhrum qalmaq. İnsan qiyamətə baxır və görür ki, Allah-Taala bəzi bəndələrinə – gündəlik münasibətdə olduğumuz, küçədə, bazarda gördüyümüz insanlara – iş həmkarlarımıza, təhsil zamanı dostluq etdiyimiz insanlara, səmimi dostumuza bir sıra işlərinə görə, mübarizələrinə görə yüksək məqamlar verir, onları behiştə aparır, əzabdan uzaq edir, qiyamət əzabından uzaq edir, biz isə tənbəlliyimizə, özümüzlə məşğul olmadığımıza, qəflətdə olduğumuza görə bütün bunlardan məhrum qalırıq. O zaman həsrət, əfsus insanı yaxalayır. “(Ya Peyğəmbər!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!” ("Məryəm", 39) Artıq iş-işdən keçmişdir. Əfsus, həsrətə yer yoxdur. Bu, mənəvi məhv, mənəvi fəlakətdir.
Ayətullah Seyid Əli Xamenei