Şrift ölçüsü:
A+
A
A-
08 Kasım 2016

Oğurlanmış Toyuqların Hüquqlarının Müdafiə Komitəsi və Siyavuş Novruzov

Hadı Rəcəblinin şəhid ailələri, müharibə qaziləriylə bağlı buraxdığı "quşdan" sonra deputatxanadakı həmkarı Siyavuş Novruzov da "quş buraxıb"
Son zamanlar nədənsə YAP-çı siyasətçilər bir-birinin dalıyca "quş buraxa-buraxa" gedir. "Quş buraxmaq" sanki onların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Hadı Rəcəblinin şəhid ailələri, müharibə qaziləriylə bağlı buraxdığı "quşdan" sonra deputatxanadakı həmkarı Siyavuş Novruzov da "quş buraxıb". Nəticədə hər ikisinə tanınmışlar tərəfindən "quş qoyulub".

"Quş" dedim yadıma iki hadisə düşdü. Birincisi odur ki, deyilənə görə sovet höküməti zamanı bir kişinin danası itir, Bakıdakı rəhbərlikdən danasını ala bilməyən zərər çəkən şəxs birbaşa Moskvaya – SSRİ-nin birinci katibinə yazır. Sabahı gün danası tapılır. İkinci hadisə isə hamımızın baxdığı "Şərikli çörək" filmindəki Genanın toyuq oğurlamasıdır. Gena toyuq oğurlayır, bazara aparır, amma nədənsə filmin sonuna qədər həbs edilməsi görülmür. Bu film Heydər Əliyevin Azərbaycanda birinci katib seçildiyi ilə - 1969-cu ilə təsadüf edir. Zənnimcə nəinki o gün Azərbaycan SSR-ində, elə bu günün YAP Azərbaycanında da toyuq oğurluğunun qarşısını alan, yaxud oğurluğun bu növünü tənzimləyən xüsusi bir qanun hazırlanmayıb. (Növün tənzimlənməsi məsələsinə gələcəyəm) Bəlkə də bunun uzun bir zamana ehtiyacı var. Yaxud da yeni bir Sovet hökümətinə.

Toyuq oğrularına aid edilən qanunun olmaması qənaətinə bu gün oxuduğum bir xəbərdə gəldim. Tarixin ironiyasına baxın. "Publika" saytında dərc edilən həmin xəbər Siyavuş Novruzovun məlum "toyuq oğruları" ifadəsini işlətdiyi gündə dərc edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı sosial şəbəkədə bu xəbəri paylaşıb: "Bağda olan əşyalar, həyətimizdə olan toyuq-cücəni qonşuluqdakı bir gənc təmənnasız qoruyurdu. Ancaq bir neçə gün əvvəl həmin oğlan qəfildən dünyasını dəyişib. Elə həmin gecə də, həyətimizdə olan bütün toyuq-cücə, sort quşlar oğurlanıb. Bu barədə polisə məlumat verdik, lakin gecəikən qalanları da oğurlandı. İndi ora necə gedib qalasan, uşaqlarnan necə gecələr sakit yatasan? Polis işə bizdən şübhəli göstərməyimizi istəyir. Şübhəm olsa daha polisə niyə gedirəm axtarması üçün? Bu arada, illər öncə şəhərdə evdən yatdığımız yerdə çantamı oğurlamışdılar. Polis boynumuza qoyub, ərizə yazdırdı ki, özümüz gizlətmişdik. Bizi polis deyil, Allah və bir də vor zakonlar qoruyur. Bəlkə məsləhətli vor zakon tanışınız olar?"

Səs TV-yə müsahibə verən Siyavuş Novruzov isə müxalifətin siyasi məhbuslarla bağlı hazırladıqları siyahilərə etiraz edərək müxalifətin toyuq-dana oğrularını siyasi məhbus kimi təqdim etməsini bildirib. Onda Siyavuş müəllimin sözündən belə çıxır ki, iqtidar toyuq-dana oğrularına on-on beş il iş verir? Yəni, bir toyuq oğurluğu üçün bu cür ağır cəza? Halbuki görünən odur ki, iqtidar polisi nazirlik işçisinin oğurlanmış toyuq-cücəsini tapmaqda belə maraqlı deyil. (Toyuq-cücə bir yana, hələ oğurlanmış Mahir Abdullayevin indiyədək "tapılmaması", yaxud Beynəlxalq Bankın müdirinin arvadını oğurlayan şəxsin DİN nazirinin müavini olması məsələsini burda açmırıq. Amma, bilin ki, bu iki şəxsin timsalında bu ölkədə oğurlayan da, oğurlananı tapmayan da iqtidar polisidir) Bəs görəsən müxalifətin hazırladığı siyahıdəkı "toyuq oğrularını" necə tapıb? Görünür iqtidarın siyasi məhbusların evindən dana əvəzinə top-tüfəng, cibindən cücə əvəzinə narkotik "tapmasına" baxmayaraq, Siyavuş bəy kotletlə kakteyli səhv saldığı kimi narkotiklə cücəni də səhv salıb. Yoxsa statyaları qarışdırmazdı.

Amma hər dəfə bir yumorla gündəmə gələn Siyavuş Novruzova xatırladırıq; Cənab deputat, bilirsiz niyə sizin ağlınıza o saat toyuq-dana oğruları gəldi? Çünki xalqı soğan kimi soyan məmurlar hələ də vəzifədədirsə, Akif Çovdarovun layiq olduğu dəliyə girməsi xəbərini eşitmiriksə, xalqdan qopartdığı milyonları MTN cəlladına yedizdirən metro Tağı, nazirliyi cinayətkar-qaniçən dəstəyə çevirən keçmiş MTN naziri hələ də azadlıqdadırsa, bu cür ölkənin zindanına elə toyuq-dana oğrusu girəcək.

Hər dəfə iqtidar nümayəndələri özlərini təmizə çıxartmaq istəyəndə rüsvay olurlar. Bu dəfə də nazirlik əməkdaşının toyuqlarının oğurlanması Siyavuşa yaxşı dərsdir. Onun inkarçı mövqeyiylə uzlaşmasa da xalq bir daha şahid olur ki, əslində siyahı məhbuslar toyuq-dana oğurladığı üçün həbs edilməyib. Çünki bu ölkədə nə edirsən et, kimi döyürsən döy, kimdən nə oğurlayırsan oğurla təki iqtidarın toyuğuna "kış" demə. Qalan bütün hallarda müvafiq orqanlara "hörmət edib" azadlığa çıxa bilərsən. Bir az əvvəl yazdığım oğurluq növünün tənzimləməsi məsələsi də bu idi. Oğurluğun hər növü qəbuldur, bircə iqtidardan oğurlama növündən başqa.

Madam Siyavuş müəllim iqtidar polisinin itən toyuqları tapmaqda aciz olmasından qafildir, təcili xəbərdarlıq edirik. Gərək OTHM (Oğurlanmış Toyuqların Hüquqlarının Müdafiə) Komitəsi təsis edilsin. Elə sədri də Siyavuş Novruzov olsun. Görək toyuq-cücəyə necə can yandıracaq.
3665 بازدید
در حال ارسال اطلاعات...