Şrift ölçüsü:
A+
A
A-
15 Şubat 2017

Ümmətin vəhdəti Əhli-beytin (ə) ətrafında birləşməkdən keçir

İslam Peyğəmbərin (s) ziddinə hərəkət etməklə islami vəhdəti təmin etmək qeyri-mümkündür
Fatimiyyə günləri İslam Peyğəmbərinin (s) səadətli təvəllüd günü kimi müsəlmanların vəhdəti nöqteyi-nəzərindən çox önəmli günlərdir. Əyyami-Fatimiyyə adıyla şöhrət tapan və üç həftədən ibarət olan əzadarlıq mərasimlərində Əhli-beytin (ə), bilxüsus Xanım Fatimeyi-Zəhranın (s.ə) həyat fəaliyyəti daha çox araşdırmalıdır. Xanım Zəhranın (s.ə) həyatına nəzər saldıqda isə əziz atası Həzrət Mühəmməddən (s) sonra gördüyü ilk iş möminlərin əmiri Həzrət Əlini (ə) müdafiyə etmək oldu. Xanım Zəhra (s.ə) gözəl bilirdi ki, İslam Peyğəmbəri (s) özündən sonra xəlifə və ümmətin rəhbəri olaraq İmam Əlini (ə) təyin və təyid etmişdir. Çünki O Xanım (s.ə) Qədir-Xum, Səqəleyn kimi hədislərin, "təthir", "mübahilə" kimi ayələrin canlı iştirakçısı idi.
İslam ümmətinin vəhdətinin pozulması və ümmətin parçalanması məhz xilafətin Əhli-beytdən (ə) qoparılması və İmam Əlinin (ə) siyasi səhnədən uzaqlaşdırılması hadisəsindən sonra başladı. Halbuki İslam Peyğəmbərinin (s) buyurduğu "Səqəleyn" hədisinin özü belə ümməti vəhdətə dəvət edirdi. Bu şərif hədisin hətta adına (Səqəleyn) nəzər saldıqda görürük ki, iki dəyərli, qiymətli əmanətdən, yükdən söhbət gedir. Bu iki dəyərli yük Peyğəmbərə (s) qovuşanadək bir-birindən ayrılmazlar. İslam ümmətinə də vacibdir ki, bu iki əmanət olan Quran və Əhli-beyt (ə) kimi bir-birinə bağlı olub vəhdət halında yaşasın.
Vəhdət halında yaşamaq üçün ən əlverişli yol Quran və Əhli-beytə (ə) sarılmaqdır. Əlbəttə, Quranın tənzilindən əlavə bir də təvili (batini mənaları) vardır ki, bundan ötrü və ümumiyyətlə Qurandakı açılmayan sirlər üçün Əhli-beytə (ə) müraciət etmək lazımdır. Allahın kitabı samit Qurandırsa, Əhlibeyt (ə) natiq Qurandır, yəni Quranın danışan dilidirlər. Əgər əziz Peyğəmbərimizin (s) mübarək dilindən Quranla birlikdə Əhli-beyt (ə) bizə əmanət edilirsə deməli Qurana necə dəyər veririksə, hər bir nöqsandan pak və münəzzəh, qaranlıq gecədə özümüz üçün çıraq hesab ediriksə, Əhli-beytə (ə) olan münasibətimiz və inancımız da bu cür olmalıdır. Necə ki, Qurana qarşı çıxmaq insanı dindən çıxarar, Əhli-beytə (ə) qarşı çıxmaq da insanı dindən çıxarar. Qurana etiraz edən şəxs münhərif olduğu kimi Əhli-beytə (ə) etiraz edən insanlar da yolunu azmış insanlardır. İslam ümmətinin dini, peyğəmbəri, qibləsi, kitabı bir olduğu kimi, əhli-beyti də bir olmalıdır.
Ümmətdaxili çəkişmələr, bütün fikir ayrılıqları, parçalanmalar, təfriqələr, məzhəb və təriqətlərin hər birisi Əhli-beytdən (ə) uzaq və ayrı düşmənin doğurduğu acı nəticələr oldu. Səqifə hadisəsi, Cəməl, Siffeyn, Nəhrəvan döyüşləri, İmam Əli (ə), Xanım Zəhra (s.ə), İmam Həsənin (ə) şəhadətləri, xilafətin Müaviyə lənətullahi əleyhinin əlinə düşməsi, daha sonra Kərbəla hadisəsindən tutmuş bu günümüzə qədər baş verən bütün fitnələr, müsəlmanların qanlarının axıdılması, torpaqlarının işğal edilməsi – bütün bunlar Əhli-beytdən (ə) uzaqlaşmanın nəticəsidir.
Halbuki haqq üzrə olan və ilahi xilafətin həqiqi sahibi olan Əhli-beytin (ə) ilk üzvü olan İmam Əlinin (ə) haqlı olmasını bilmək üçün təkcə İslam Peyğəmbərinin (s) əziz qızı Xanım Zəhranın (s.ə) tutduğu mövqeyə nəzər salmaq yetərli idi. Xanım Zəhra (s.ə) fəzilətli heç bir müsəlman tərəfindən danılmayan bir şəxsiyyətdir. Onun İslam Peyğəmbərinin (s) vəfatından sonra tutduğu mövqey Həzrət Əlini (ə) son nəfəsinə qədər müdafiyə etmək oldu. Hətta, mənbələrdə keçənlərə əsasən deyə bilərik ki, xanım Zəhra (s.ə) qapı-qapı gəzib insanlara İslam Peyğəmbərinin (s) Qədir-Xumda söylədiyi sözləri və İmam Əlinin (ə) fəzilətlərini xatırladırdı. Bundan əlavə etdiyi xütbə və çıxışlarda təkid etdiyi nöqtə Əhli-beytin (ə) fəzilətləri və Həzrət Əlinin (ə) qəsb edilən haqqı idi.
Bu günlərdə İmam Əlinin (ə) vilayət və xilafətə digərlərindən daha haqlı olduğunu təbliğ etdikdə kimlərsə bunu vəhdətə vurulan zərbə kimi qiymətləndirir. Halbuki bu yol nəinki ümmətin parçalanmasına səbəb olmur, üstəlik Quranın məsum adlandırdığı Xanım Zəhranın (s.ə) yoludur. Bu sünnə əzi İslam Peyğəmbərin (s) qızına aid bir sünnədir. Biz Əhli-beytin (ə) fəzilətlərini qabarıq şəkildə təbliğ etdiyimiz zaman Xanım Zəhranın (s.ə) sünnəsinə nəfəs vermiş oluruq. Bu da qeyd olunmalıdır ki, Əhli-beytin (ə) heç bir üzvü tarix boyu ixtilaf və parçalanmaya səbəb olmayıb. Vücudu İslam ümmətinin vəhdəti üçün zəmanət hesab edilən Həzrət Əli (ə) İslam Peyğəmbərin (s) mübarək adı azanda çəkilsin, din diri qalsın deyə öz haqqından keçib, qılıncını 25 il divardan asılı vəziyyətdə saxlayıb. İmam Əlinin (ə) beyət etməməsi, İmam Hüseynin (ə) Kərbəla vaqeəsi, Xanım Zəhranın (s.ə) İmam Əlini (ə) müdafiyə edib əvvəlkilərə beyət etməməsi heç bir vəchlə vəhdətin parçalanmasının səbəbi kimi göstərilə bilməz. Çünki nə Səqifə hadisəsi, nə də Yəzid lənətullahi əleyhin xəlifə seçilməsi ümmətin yekdil rəyi hesabına ərsəyə gəlməmişdi. Üstəlik, fərz etsək ki, bir çox müsəlmanlar buna razı idi, yenə də bunu vəhdət hesab edə bilmərik. Çünki İslami vəhdət doğru və sağlam təməllər üzərində bina edilməlidir. İslam Peyğəmbərin (s) ziddinə hərəkət etməklə islami vəhdəti təmin etmək qeyri-mümkündür. Çünki burada islamdan söhbət gedə bilməz, o ki qaldı vəhdət baş tutsun.
İslam ümmətinin vəhdəti bütün dövrlərdə Əhli-beytin (ə) ətrafında birləşməkdən keçir. Ümmətin vəhdətini istəyiriksə Əhli-beytin (ə) vilayətindən möhkəm yapışıb, firqələrə bölünməməliyik.
5217 بازدید
در حال ارسال اطلاعات...