Nə üçün İlham Əliyevin komandası xaricdə təhsil aldığı üçün QMİ sədri başda olmaqla idarənin xaricdə təhsil alan ruhanilərini, şeyxülislamın müavinlərini həbs etdirmir?
Artıq Azərbaycanda yeni dövr başlayır – öz "günahıyla" həbs!
Yerli hakimiyyət öz liderini hər dəfə qulağa xoş dəyən şüarlarla təqdim etməyə çalışsa da hər zaman arzuları ürəklərində qalıb. Heydər Əliyev zamanında "Xalq "HƏ!" deyir" (sabiq prezidentin ad və soyadının baş hərfləri) şüarlarını ölkədə yaymağa başladılar. Qısa bir zamanda "hə" "yox" ilə əvəzləndi. Daha sonra ölkənin Heydər Əliyevlə irəli gedə bilməməsini anlayıb hələ kişi sağ ikən "İlhamla irəli!" şüarları səsləndirməyə başladılar və İlham Əliyev hakimiyyətə gəldi. Bu dəfə də çox keçmədi ki, dala düşdüklərini anladılar. Elə bu yaxınlarda isə 1-ci vitse prezidentin seçilməsiylə uzun zamandır ki, korlanan xalq və hakimiyyət münasibətlərini yaxşılaşdırmaq kimi bir xəyala qapıldılar. Amma xalqın bu dəfə də hakimiyyətdən mehribançılıq görməsi sual altındadır. "Mehribanlaşaq", "mehriban olaq" şüarları da bir fayda vermir.
Bilərəkdən siyasəti elə qurmuşdular ki, İlham Əliyevin siyasətindən iyrənən, məmurlardan əziyyət çəkən insanlar Mehriban Əliyevaya üz tutsunlar. O isə 1-ci vitse prezident seçiləndə artıq məmurların gün görməyəcəyi proqnozu qeyri-rəsmi də olsa verildi. Lakin görünən odur ki, nəinki oliqarx nazir hətta hansısa şəhərin icra başçısı da öz özbaşınalıqlarına son vermək niyyətində deyil.
Məmurların yerində oturdulacağı düşünüldüyü halda tam əksi oldu. Bu dəfə Masallının icra başçısı dövlətlə xalqı, xüsusilə də dindarları üz-üzə qoymağa çalışdı. Masallının tanınmış ruhanisi, imam cüməsi Şeyx Sərdar Hacıhəsənli icra başçısının şərləməsiylə həbs edilib. Görünür məmur yeni təyinatın səmimiliyini şübhə altına almağa çalışır. Xəbər isə səs-küylü oldu. Ölkənin tanınmış ruhanisinin həbsinə görə ölkənin müxtəlif yerlərindən, hətta ölkə hüdudlarından kənarda etirazlar, bəyanatlar bir-birini əvəzlədi, Şeyx Sərdardan xeyir görmüş insanlar öz imam cümələrinin azadlığı üçün aksiyalar təşkil etdilər.
"Artıq ölkə siyasətində yeni dövr başlayır" dedikləri bu olsun gərək. Şeyx Sərdarın həbsi digərlərin həbsindən fərqlənir. Görünür hakimiyyət ictimai qınaqdan nəticə çıxarır. Artıq stalinsayağı repressiyaya keçid edilib. Bir vaxtlar ruhanilər narkomanlıqda, odlu silah gəzdirməkdə ittiham edilib həbs edilirdilərsə, artıq öz "günahlarıyla" həbs edilməyə başlayıblar. Zatən bundan əvvəl ruhani narkotik maddə, silah gəzdirməklə suçlanırdısa da, el arasında bu cür səslənmirdi. Çünki xalqın gözü tərəzidir. Təsadüfi deyil ki, bütün həbs edilənlər vicdan, hicab, heykəl məhbusu adıyla tanındı. Bu adlara bir ad da əlavə edildi: namaz məhbusu. Çünki Şeyx Sərdarın "günahı" cümə namazı qıldırmaq, gəncləri narkobaronların qapısından çəkib məscidə gətirməkdən ibarətdir.
Bu ruhanilərin bütün "günahı" xaricdə dini təhsil alıb ölkədə insanları maarifləndirməkdən başqa bir şey deyil. Belə olan halda qarşıya bir sual çıxır: Xaricdə təhsil almaq suçdursa bu təkcə dini sahəyəmi şamil edilməlidir? Axı ölkəni idarə edən insanların bir çoxu da – prezident başda olmaqla – xaricdə təhsil alıb. Vətənə xəyanət, dövlətin maraqlarını xarici ölkələrə satmaq məsələsinə gəlincə, bunu dünyəvi təhsil alan da edə bilər. Məgər o, xəyanətdən sığortalanıbmı?
Yaxud söhbət ancaq dini təhsildən gedirsə, nə üçün məhz İranda, daha dəqiq Qumda təhsil alanlar "qara siyahiyə" düşür? Nə üçün İlham Əliyevin komandası xaricdə təhsil aldığı üçün QMİ sədri başda olmaqla idarənin xaricdə təhsil alan ruhanilərini, şeyxülislamın müavinlərini həbs etdirmir? Axı onlar da xaricdə təhsil alıb. Əgər xaricdə təhsil almaq suçdursa gərək birinci onlar tutulsun. Çünki QMİ sədri Paşazadə və müavinləri Özbəkistanda təhsil alıb, daha sonra QMİ-nin nəzdində olan Bakı İslam Universitetinin özü öz tələblərini xaricə oxumağa göndərib. Bir çox tələbləri Suriya, Misir, Liviya kimi ölkələrə təhsil dalısınca gediblər. Əgər xaricdə oxumaq suçdursa nə üçün dövlətin bir qolu funksiyasını yerinə yetirən Dini İdarə xaricə tələbə göndərməsinin qarşısı alınmır. Yoxsa xaric ancaq İrandan, Qumdanmı ibarətdir. Belə bir qanun qüvvədə olmuş olsa belə yenə də şəxsən Şeyx Sərdara aid edilməməlidir. Çünki o, deyilənlərə görə hələ sovet höküməti zamanı xaricdə təhsil alıb. Qanun geriyə necə hökm edir?
Onu da qeyd edək ki, dövlətlə xalqı qarşı-qarşıya qoymağa çalışan fitnəkar qüvvələr özləri də bilmədən dindarların daha çox rəğbət qazanmasına səbəb olublar. Çünki bu gündən bütün ictimaiyyətə bəlli olacaq ki, zalım hakimiyyət ölkədə namazın qılınmasının tərəfdarı deyil. Namaz qıldığı, xütbə oxuduğu üçün ruhanini şərləyir. Bununla belə ölkədə dinin geniş yayılmasının, gənclərin dinə meyillənməsinin qarşısını ala bilməyəcəklər. Çünki normalda hər bir vətəndaş öz dini, namazı uğrunda canından keçməyə dünəndən hazırdır. O gözəl bilir ki, bu yolda ölsə şəhiddir.
Sonda bir daha qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin həbsi digər hicab, vicdan məhbusları kimi qanunsuzdur, ədalət öz yerini tapmalı və Şeyx qeydsiz-şərtsiz azadlığa buraxılmalıdır.