Heç kimin saleh əməli mükafatsız qalmayacaqdır.
Allah-Taala öz lütf və mərhəmətindən bütün bəndələrini namaz, oruc, həcc, cihad, sədəqə xalqa xidmət, hüquqlara riayət, günahdan uzaqlığa dəvət etmiş, hər bir əməl müqabilində də mükafat təyin etmişdir. Qurani-Kərimdə qəti şəkildə elan olunur ki, heç kimin saleh əməli mükafatsız qalmayacaqdır.
Allah-Taala mömin və saleh bəndələri üçün bir neçə növ mükafat təyin etmişdir: 1. Əzim əcr; 2. Kərim əcr; 3. Daimi əcr; 4. Böyük əcr; 5. İkiqat əcr.
«Yaxşı işlər görüb pis işlərdən çəkinənləri əzim bir mükafat gözləyir». («Ali-İmran» surəsi, ayə 172.)
«Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl borc verənlərin mükafatları qat-qat artırılacaq. Onları həm də yaxşı, kərim bir mükafat gözləyir». («Hədid» surəsi, ayə 18).
«Doğrudan da, iman gətirib saleh işlər görənləri daimi mükafat gözləyir». («Fussilət» surəsi, ayə 8).
«İman gətirib yaxşı işlər görənləri bağışlanma və böyük bir mükafat gözləyir» («Fatir» surəsi, ayə 7).
«Səbir edib, pisliyi yaxşılıqla dəf etdikləri və verdiyimiz ruzidən sərf etdikləri üçün onlara ikiqat mükafat veriləcəkdir». («Qəsəs» surəsi, ayə 54.)
İman və saleh əməl sahiblərinə veriləcək daimi mükafat Allaha məxsusdur və Ondan qeyri kimsə belə bir qüdrətə malik deyildir. Bu mövzuda Quran ayələrini açıqlayan bəzi rəvayətlərə nəzər salaq:
Həzrət Əli (ə) buyurur: «Sizin yaxşı əməllərinizin mükafatı əməllərinizdən üstündür», («Təfsire-Muin», səh-299.) «Səbir və dözümün mükafatı ən yaxşı mükafatdır». («Ğürərul-hikəm», səh-281.) «Doğrudan da ən böyük mükafat insaf mükafatıdır». («Ğürərul-hikəm», səh-394.) «Cihadın mükafatı ən böyük mükafatlardandır». («Ğürərul-hikəm», səh-333.)
Həzrət Baqir (ə) buyurur: «Məkkədə yatan ziyarətçi şəhərlərdə çalışanlar kimidir. Məkkədə səcdə edən kəs Allah yolunda qanına bələnmiş şəhid kimidir. Ziyarətçinin yerinə onun ev işlərini idarə edən kəsin savabı qara daşa toxunan ziyarətçinin savabı kimidir». («Məhəccətul-bəyza», 2-ci cild, səh-153.)
Həzrət Peyğəmbər (s) buyurur: «Allah yolunda bir gün cihad bütün dünya və onda olanlardan üstündür». («Təfsire-Muin», səh-193.) «Allah yolunda bir gecə keşik çəkmək gecələri ibadət edilən, gündüzləri oruc tutulan min gecədən üstündür». («Təfsire-Muin», səh-193.) «Gecə yarı xəlvətdə Allahla münacata duran bəndənin qəlbində Allah öz nurunu sabit edər». («Mustədrəkul-vəsail», 5-ci cild, səh-207.) «Qiyamət günü bir bəndənin oda çəkilməsi əmri olunduğu vaxt mömin kişilər və qadınlar deyərlər ki, Pərvərdigara, o daim bizim üçün dua edib, xilası üçün şəfaətimizi qəbul et. Allah onların şəfaətini qəbul edib, həmin şəxsə nicat verər». («Kafi», 2-ci cild, səh-507.) «Agah olun ki, Quranı öyrənən, başqalarına öyrədən, ona əməl edən şəxsi behiştə doğru çəkib, ona cənnətin yolunu göstərəcəyəm». («Təfsire-Muin», səh-496.)
Həzrət Əli (ə) buyurur: «Gündəlik ibadət bədəni sağlam edir, Allahı razı salır və peyğəmbər əxlaqına çatdırır». («Vəsailüş-şiə», 8-ci cild, səh-150.)