Məlumdur, Corc Buşun da Obamanın da elə Trampın da sevdiyi İslam Amerika "İslamıdır"

11 Sentyabr hadisələrindən illər keçsə də hələ də bu söz-söhbət bitib tükənmək bilmir. Ən çox da ölkəmizdə hər il demək olar ki, bu gün saytlarda "11 sentyabr" sözünə rast gəlirik. Maraqlı məqam ondan ibarətdir ki, adətən bir hadisə baş verdikdən sonra bəzən hər il onun ildönümü qeyd edilsə də həmin xəbər hər il ötən ilkinə nisbətdə inkişaf etmir. Amma nədənsə 11 sentyabr hadisəsinin hər il yeni məqamları və təəccüblü gizlinləri ortaya çıxır. Bəlkə də bu hadisə ABŞ-da baş verdiyi üçün bu qədər rezonans doğurub.
Hadisə ilə tanışsınız, iki təyyarə ABŞ-da hündür ticarət mərkəzlərinə toxunub və nəticədə ticarət mərkəzinə və orada olanlara külli miqdarda ziyan dəyib. Əlbəttə, uzun illərdir dünya xalqlarının gününü qara edən, birinə atom atan, digərini demokratiya bəhanəsiylə viran qoyan, bir başqasını nüvə silahı aşkarlamaq bəhanəsiylə məhv edən Amerika kimi "böyük şeytan"ın felinə aldanmaq olmaz. Məsələn əgər ABŞ höküməti "hadisəni Üsamə Binladen törədib" deyirsə biz Üsamə Benladeni "təmiz adam" hesab etməliyik. Çünki Amerika təkcə qlobal terrorun deyil, həm də qlobal yalanın, iftiranın, şeytənətin rəmzidir.
Amerikaya "böyük şeytan" adını layiq görən İran İslam Respublikasının qurucusu mərhum İmam Xomeyni ağaya bir gün sual verib deyirlər ki, tələbə oğurluq edə bilər? Ağa buyurur yox. Deyirlər axı belə bir hadisə baş verib. İmam buyurub ki, tələbə oğurluq etməyib, bəlkə də hansısa bir oğru olub tələbə libası geyinib. Dəqiq diaqnozdur.
Mərhum İmam Xomeyni ağanın bu sözünü başqa günahlarda da tədbiq edə bilərik? Məsələn, müsəlman yalan danışa bilərmi? Müsəlman zina edə bilərmi? Müsəlman riba yeyə bilərmi? Müsəlman qeybət edə bilərmi? Və nəhayət müsəlman terror edə bilərmi? Əlbəttə kimlərsə bu işləri icra edə və özünü müsəlman kimi qələmə verə bilər. Amma həqiqətdə o müsəlmandırmı? Yaxud da bir zamanlar əl-Qaidə, hazırda isə İŞİD kimi özünü "İslam" kimi qələmə verə bilər. Lakin bu "İslam" Amerikan "İslamından" savayı bir şey deyil. Bu "İslam" israil fələstinli körpələri terror edərkən İslam Peyğəmbərinin (s) " bir məntəqədə bir məzlum fəryad edərsə onun imdadına çatmayan mənim ümmətimdən deyil" məzmunlu hədislərini unudarlar.
Məhəmmədəli dünya şöhrətli boksçudur. 11 Sentyabr hadisələrindən sonra ondan soruşurlar ki, siz necə olur 11 sentyabr hadisələrini törədən insanlarla (müsəlmanlarla) bir əqidəni bölüşürsünüz? O isə cavabında deyib ki, bəs siz necə olur ki, dünya müharibəsinin baiskarı Hitlerlə bir əqidəni paylaşırsınız.
Doğrudur, ilk əvəvllər ABŞ 11 sentyabr hadisəsini müsəlmanların üstünə yıxmağa çalışırdı. Bir çox müsəlman ölkələrinə də rahatlıqla ağalıq edə bildiyi üçün hadisə baş verən kimi bəzi müsəlmanlar incidildi. İndi özünüz düşünün. ABŞ-ın qorxusundan bir sıra müsəlman ölkələrində məsciddə evə gələn, işdən evə qayıdan, ailəsiylə restorana gedən, parkda əyləşib qəzet oxuyan müsəlmanlar müxtəlif ölkələrdə nə üçün birdən-birə polis işçiləri tərəfindən tutulmalıdır? Sonra da Buş çıxıb İslam dini haqda təriflər deməli, Obama ondan sonra "Ağ ev"ə daxil olmazdan əvvəl Misirə gedib ihtişamlı çıxışlar etməli, İslamla Amerika arasında heç bir problemin olmadığını dünyaya xatırlatmalıdır. İndi də Tramp Səudiyyə Ərəbistanına gedib bir vaxtlar xələfi Buşun "rumka" toqquşdurduğu vəhabi kralının varisi və hazırkı kral Salmanla öpüşüb-qucaqlaşmalı, Amerika-ərəb-İslam deyib dostluq-qardaşlıqdan danışmalıdır. Məlumdur, Corc Buşun da Obamanın da elə Trampın da sevdiyi İslam Amerika "İslamıdır". Səudiyyə ərəbistanı timsalında "rumka" toqquşduran İslam. Yəmən hadisələrinin baiskarı, vəhabi, təkfirçi, kral "İslamı".
Amma bir həqiqət olduğu kimi başa düşülməlidir, mühakimə edilməlidir. O, bundan ibarətdir ki, Amerikadan heç zaman İslama dost olmaz. Amerika hansısa "İslama" dost olubsa, o "islam" şübhəlidir.