Qeyb aləminin şühuduBöyük övliyalardan biri belə buyurur: Biz əvvəllər cümə günləri Ağa Behcətin mənzilinə gedərdik. Behcət həmişə bu cümləni təkrar edərdi: “Ey eyibləri örtən!” Onun təkrarladığı bu zikrin böyük mənası vardı. Yəni, Behcət başqalarının bəzi əməllərini gördüyü və bildiyi üçün Allah-təaladan bu eyibləri bir sirr olaraq saxlamağa kömək istəyir. Ona görə də bu zikri çox təkrarlayardı.
Bu barədə ayətullah Misbah Yəzdi belə buyurur: “Mənim nəzərimcə Behcət irfan və mənəvi kamal məqamının elə yüksək bir həddinə çatmışdır ki, qeyb aləmindən bəzi şeyləri müşahidə edirdi. O çox vaxt bəzi şəxslərin batinini görür, amma bunları bilmək istəmədiyi üçün bu zikr onun dilinin əzbərinə çevrilmişdir.” (“Dər məhzəre büzürqan”, Möhsün Qərəviyan, 2-ci cild, səh. 75)
Əlbəttə elə şəxslərin camaatın sirlərindən xəbərdar olmasının Allah-təalanın “səttar” sifətilə heç bir ziddiyyəti yoxdur. İnsan fəna məqamına çatmayınca bu xüsusiyyət hasil olmaz. Həmin məqamda Allahın zatından başqa kimsə olmur. Allah-təala buyurur: “Bəndəmin görən gözü və eşidən qulağı Mən özüm olaram.” Digər tərəfdən bəzi ilahi şəxsiyyətlər elə bir məqama çatırlar ki, başqalarının sirlərini faş etmək onların şəninə yaraşmayan bir əməldir. Onlar əgər kiminsə sirini bilsələr belə, Allah dərgahının əmanətdarı olduqları üçün heç vaxt bunu faş etməzlər.