Dünyanın aldadıcı şirinlikləri insanın bütün vücudunu öz təsiri altına salır
Həzrət Əlinin (ə) oğlu imam Həsən Müctəbaya (ə) çox ali və misilsiz məziyyətlərə malik vəsiyyətindən
Məsum imamların dilində dünyanın məzəmmət olunmasının səbəbi insanın dünyaya əsirliyi, nəticədə axirətin inkarı ola bilər. Başqa sözlə, dünya ona görə qınanır ki, dünya məhəbbəti insanın axirətdən xəbərsizliyinə səbəb olur. Dünyanın aldadıcı şirinlikləri insanın bütün vücudunu öz təsiri altına salır, insan bu şirinliklərin arxasınca yüyürməyə başlayır. Amma axirət həyatı hiss üzvləri ilə duyulmadığından bir qədər diqqətdən kənarda qalır. Ona görə də məsum imamlar dünyanı məzəmmət edir, insanları dünya şirinliyinə aldanıb, axirətdən xəbərsiz qalmamağa çağırırlar. Hiss üzvləri ilə duyulmayan axirətin diqqətdən kənarda qalmasında təbiilik var. Axirətə diqqətli olanlar isə ya əqli dəlillərə əsaslanır, ya peyğəmbər və imamların buyuruqlarına istinad edirlər. Bu məlumatlar isə zahirpərəst insanlara çox az təsir göstərir. Amma dünya mənzərələri insanı bir anda özünə cəzb edir. Axirət həyatına əksər müsəlmanlar şübhə etməsələr də, bu mərifət, bu inam hər gün təzələnmədiyindən diri olmur. İnsanla bu məsələni əməli şəkildə çox az xatırlayır, elə düşünürlər ki, bu üç-beş günlük dünya daha əhəmiyyətlidir. Bir növ unudulur ki, əsas məqsəd axirət dünyasıdır. Bu həqiqəti fasiləsiz olaraq xatırlayan yalnız Allahın peyğəmbərləri və övliyalarıdır. Ona görə də adi insanlara bu məsələ tez-tez xatırladılmalıdır. Onlar gecə-gündüz əldə etməyə çalışdıqları dünya şirinliklərinin qısa bir müddətdən sonra əldən çıxacağını bilməlidirlər. Məhz qeyd olunan məsələlər səbəbindən Quranda, “Nəhcül-bəlağə”də Əhli-beyt buyuruqlarında dünya bir bu qədər məzəmmət olunur. Qurani-kərimdə buyurulur:
“Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil” (“Ənam”, 32); “Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bağlanan və ayələrimizdən qafil olanların – məhz qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir.” (“Yunus”,7, 8) “O kəslər ki, dünyanı axirətdən üstün tutur, Allahın yolundan döndərir və o yolu əymək istəyirlər, onlar azıb uzaq düşmüşlər.” (“İbrahim”, 3) Səbəb budur ki, dünya aldadıcı və cazibədar, axirət isə hiss üzvlərinin təsir dairəsindən kənardır. Dünya daim göz qabağında, axirət isə düşüncə arxasındadır. Dünya insanı son məqsəddən qəflətdə saxladığı üçün insana nələrisə daim xatırlatmağa ehtiyac duyulur.
Əmirəlmöminin də imam Həsənə (ə) axirətin əhəmiyyətini bir neçə cümlə ilə, bir neçə dəfə xatırladır. Həzrət (ə) buyurur:
“Bil ki, qarşında uzun yolun, üzücü əziyyətin var..” Həzrət qarşısındakı yolun təhlükəsindən xəbər verir. Bütün bu təkrarların səbəbi insanın qəlbindəki qəfləti aradan qaldırmaq, onu dünya füsünkarlığından, laylasındakı yuxudan oyatmaqdır.