Şrift ölçüsü:
A+
A
A-
06 Mart 2018

AXİRƏT ƏHLİNİN DÜNYAPƏRƏSTLƏRDƏN MÜHÜM FƏRQİ

Axirət əhli üçün dünya ilə axirətin fərqi yoxdur. Onlar həm dünyadan, həm də axirətdən faydalanırlar.
Axirət əhlinin xüsusiyyətlərindən biri də dünya və axirətin onların nəzərində fərqsiz, eyni olmasıdır. Bu xüsusiyyətin mərtəbələri vardır. Dünyapərəstlərin isə axirətə etiqadı yoxdur və onlar yalnız dünya haqqında düşünürlər. Allah-təala onların dilindən buyurur: “Kafirlər deyirlər: “Dünya həyatımızdan başqa heç bir həyatımız yoxdur, ölürük və dirilirik, bizi öldürən ancaq ruzigardır...” (“Casiyə”, 23.) 

Onlardan fərqli olaraq, axirət əhlinin bir dəstəsi ölümdən sonrakı həyata qəlbən inanır, amma onların inamı söz həddini aşmır. Bundan əlavə, onların axirətlə bağlı işlərində dünya rəngi olur. Məsələn, biz adətən gecə namazı qıldıqda dualarımızın qəbul olunacağını, ruzimizin artacağını gözləyirik. Bəzən gecə namazı vasitəsi ilə xalqın da diqqətini cəlb etmək nəzərdə tutulur. Bəli, bizlər çox vaxt Allaha ibadəti dünya nemətlərinə çatmaq üçün vasitə seçirik. Qədr gecəsi oyaq qalırıq ki, dünya ilə bağlı hansısa arzularımız yerinə yetsin. Qədr gecəsində oyaq qalmaq və həmin gecənin ibadəti kimi əzəmətli pərəstişləri yalnız dünya işlərimizin yoluna qoyulması məqsədi ilə yerinə yetiririk. Məlum olur ki, bizlər axirət işlərini dünyamız xatirinə istəyirik. Yəni dünyanı nağd bilir və əldən çıxarmaq istəmirik. Övliyalar isə axirəti də nağd bilmişlər.

İnsan universitetə daxil olur ki, yalnız neçə illərdən sonra ixtisas qazanıb, qazanc əldə etsin. Yaxşı nəticə əldə etmək üçün bir neçə il zəhmət çəkilməsini ağıl qəbul edir. Demək, insanın dünyada axirət səadəti üçün çalışması ağılsızlıq deyil. Əksinə, belə bir iş sağlam ağılın hökmüdür.
Bizlər dünya işlərinin nəticəsinə nə qədər inanırıqsa, övliyalar axirət işlərinin nəticəsinə bizdən də çox inanırlar. Çünki dünya işlərinin nəticəsinə bir o qədər də etibar yoxdur. Məsələn, əkin əkdiyimiz vaxt məhsul götürəcəyimizə əmin olmuruq. Çünki əkin sahəsinə min bir bəla gələ bilər. Bununla belə, insanlar əkir-becərir, gecə-gündüz zəhmət çəkib, nə vaxtsa bəhrə götürəcəklərini gözləyirlər. Əgər axirətə də bu qədər inanmış olsaydıq, axirət işlərini təxirə salmazdıq. Dünya işlərinin ləzzəti adətən bir saatdan çox çəkmir. Bu bir saatlıq ləzzətə çatmaqdan ötrü uzun müddət çalışırıq. Əgər əbədi axirət ləzzətlərinə çatmaqdan ötrü bir iş görmürüksə, demək, axirətə inamımız yoxdur. Güclü imana malik olan insan əbədi nemətləri qoyub, müvəqqəti nemətlər üçün ömrünü çürütməz.
Axirət əhli üçün dünya ilə axirətin fərqi yoxdur. Onlar həm dünyadan, həm də axirətdən faydalanırlar. Onlar dünya işlərini götür-qoy etdikləri kimi, axirət işlərini də götür-qoy edirlər. Dünya və axirət işlərindən birini seçmək lazım gəldikdə onlar tərəddüd etmədən əbədi axirət ləzzətlərinə üstünlük verirlər. Əlbəttə ki, bu xüsusiyyətin üstün dərəcələri də vardır. Belə ki, axirət əhlinə aid olan bəzi insanlar yalnız axirət haqqında düşünürlər.

İmam Sadiq (ə) buyurur: “Bir gün həzrət Peyğəmbər (s) sübh namazını camaatla birlikdə qıldı, sonra nəzərləri məsciddəki bir cavana dikildi. Zeyd ibn Harisə adlı bu gənc başını aşağı salıb fikrə getmişdi. Onun rəngi saralmış, bədəni arıqlamış, gözləri çuxura düşmüşdü. Həzrət (s) ona buyurur: “Halın necədir?” Ərz etdi: “Ey Allahın rəsulu, mən yəqin əldə etmişəm.” Həzrət Peyğəmbər (s) onun sözlərindən xoşhal olub buyurdu: “Hər yəqinin bir mahiyyəti var. Sənin yəqininin mahiyyəti nədir?” Zeyd belə ərz etdi: “Ey Allahın rəsulu, bu yəqinlik məni qəmgin etmişdir. Yoldaşım gecələr oyaqlıq, isti günlər susuzluq olmuşdur. Dünya və onda olanlara rəğbətsiz olmuşam. Sanki xalqın sorğusu üçün bərpa olmuş Allahımın ərşini görürəm. İnsanlar hesab üçün toplanmışlar və mən də onların arasındayam. Sanki nemətlər içində qərq olmuş, kürsülərə söykənmiş behişt əhlini görürəm. Onlar bir-birlərini tanıtdırırlar. Sanki orada əzaba düşmüş, fəryad çəkən cəhənnəm əhlini görürəm...” Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Bu gənc Allah tərəfindən qəlbi iman nuru ilə işıqlandırılmış bir bəndədir.” Sonra həmin gəncə buyurdu ki, hansı haldasansa o halda da qal.” Gənc dedi: “Ey Allahın rəsulu, sənin yanında şəhadətə yetməyimi Allahdan istə.” Həzrət Peyğəmbər ona dua etdi. Çox keçmədi ki, həmin gənc peyğəmbərlə birlikdə savaşda iştirak etdi və şəhid oldu. (“Üsuli-kafi”, c. 3, s. 89.)
5422 بازدید
در حال ارسال اطلاعات...