İmam Xomeyninin (r) şəxsiyyətinə baxış
İmam Xomeyni tövhid adamı idi. Onun həyat və yaşayış kimliyini oxumaq istəsək, tövhid adamı olduğunu deməliyik. Tövhid adamları iddialı olmurlar, lakin onların bütün əməlləri Allahı göstərir. Nə üçün iddia etmirlər? Çünki mənlikdən yaxa qurtarıblar, özlərini mənlikdən çıxarıblar.
Mənlikdən qurtaran və “mən”dən boşalan insan Allah ilə dolar. İnsan özünü görmədikdə, Allahı tanımaq üçün mərifət qazanır. Belə olduqda, qənd və şəkər neyistanına çevrilir və deyir:
Qənd kimiyəm, şəkər neyistanıyam
Həm məndən göyərir və mən yeyirəm.İmamın həyatına baxdıqda onu iddiasız olduğunu görürük, amma o, fəcr yaradır.
وَالْفَجْرِ وَلَيَالٍ عَشْرٍ وَالشَّفْعِ وَالْوَتْرِ وَاللَّيْلِ إِذَا يَسْرِ هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ
“And olsun dan yerinə. And olsun on gecəyə. And olsun cütə və təkə. And olsun keçib getməkdə olan gecəyə. Məgər bunlarda ağıl sahibi üçün and yoxmudur?!”
On günlük Fəcr bu ayənin bir nümunəsidir. İmam İslam dünyasında, bəşəriyyət aləmində fəcr yaratdı. Dünya ölmüşdü. İmam onun cansız cisminə can üfürdü və mənəviyyatı diriltdi. Müasir dövrümüzdəki şahidi olduğumuz dinə təmayül və dindarlığı kim diriltdi? İmamdan başqa bir kəs diriltdimi? Allahdan başqa heç kimi olmayan adsız və sürgün edilmiş bir insan. Allahı olan adamdan daha varlı kim var?
İmam Xomeyninin həyatından vəfatına qədər bütün yaşayışı bizim üçün “Fəcr” surəsini təfsir edir. Bu surənin ilk ayələri buyurur:
وَالْفَجْرِ وَلَيَالٍ عَشْرٍ
“And olsun dan yerinə. And olsun on gecəyə.”
Surənin axırında buyurur:
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً
“Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!”
İmamın vəsiyyətnaməsi yadınızdadırmı? Buyurur: “Xatircəm qəlb və Rəbbin fəzlinə ümidvar batinlə sizin yanınızdan gedirəm.”
İşin əvvəlində fəcr yaradır və sonda dünyanı tərk etmək istədikdə deyir: “Xatircəm qəlblə gedirəm.” Sanki xitab gəlib: “Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!”
Ola bilərmi ki, razı və razı olunmuş olasan, həyatın razılıq mərhələsinə yetişəsən və eyni halda özünü görəsən?! İnsan yalnız tövhid vasitəsilə razılığa yetişir.