Şrift ölçüsü:
A+
A
A-
08 Kasım 2013

Beş adamyeyən bir idarədə

Beş adamyeyən bir idarədə işə düzəlir. Onların idarəyə gəlişi ilə təşkil olunmuş mərasimdə idarənin müdiri deyir: Siz də bizlərdənsiniz. Siz burada yaxşı maaş alacaqsınız və istədiyiniz vaxt şirkətin yeməkxanasına gedib istədiyiniz qədər yemək yeyə bilərsiniz. Odur ki, digər işçiləri yemək barəsində qəti şəkildə fikirləşməyin.

Adamyeyənlər söz verirlər ki, idarənin işçiləri ilə heç bir işləri olmayacaq. Dörd həftə sonra idarə müdiri onlara baş çəkməyə gəlir və deyir: Bilirəm ki, siz hamınız çox çətin, çox ağır işlər görürsünüz, mən sizin hamınızdan razıyam. Lakin bizim təmizləyicilərdən biri yoxa çıxıb. Sizlərdən hansı birinizsə onun başına nə gəldiyini bilirmi? Adamyeyənlər bu barədə heç nə bilmədiklərini deyirlər. İdarə müdiri gedəndən sonra, adamyeyənlərin başçısı obirilərindən soruşur: Hansı axmaq o təmizləyicini yeyib? Adamyeyənlərdən biri ikrahla əlini yuxarı qaldırır. Başçıları deyir: Ey axmaq! Biz bu dörd həftə ərzində projelərin məsul şəxslərini və müdirlərini yemişik və heç kəs heç nə bilməyib, sən isə o təmizləyicini yeyibsən və müdir bundan xəbərdar olub?! Bundan sonra lütfən iş görən şəxsləri yeməyin.

***

Günlərin bir günü Loğman oğluna deyir ki, bu gün sənə xoşbəxt olmağın üçün üç nəsihət verəcəyəm. Birincisi bundan ibarətdir ki, həyatında dünyanın ən dadlı yeməyini yeməyə çalış! İkincisi budur ki, çalış dünyanın ən yaxşı yatağında yatasan!

Üçüncüsü isə budur ki, dünyanın ən gözəl saraylarında, evlərində yaşa!

Loğmanın oğlu deyir: Ey ata, biz yoxsul bir ailəyik, mən bu işləri necə yerinə yetirə bilərəm?

Loğman cavab verir:

Əgər çox acdıqdan sonra yesən, yediyin hər bir yemək dünyanın ən dadlı xörəyinin dadını verəcək.

Əgər çox işləyib, bir qədər gec yatsan, harada yatsan elə hiss edəcəksən ki, dünyanın ən gözəl yatağındasan.

Əgər insanlarla dost olsan və onların qəlbində özünə yer tapsan, bu zaman dünyanın ən gözəl evləri sənin olacaq...

***

Dünya ətrafına səyahətə çıxan bir şəxs tanınmış bir zahidi ziyarət etmək üçün bir kəndə gedir. Zahidin sadə bir otaqda yaşadığını görür, otaq kitabla dolu idi və bu kitablardan başqa otaqda yalnız bir miz və bir oturacaq var idi.

Səyahətçi zahiddən soruşur: Bəs sizin ev əşyalarınız haradadır?

Zahid deyir: Bəs səninkilər hardadır? Səyahətçi gülümsəyib deyir: Axı mən səfərdəyəm?!

Zahid deyir: Mən də!

***

Bir gün bir şəxs dənizdə boğulmaqda olan bir cavanı xilas etmək üçün öz canını təhlükəyə atır. Vəziyyət o qədər təhlükəli idi ki, hamı elə fikirləşirdi ki, onların hər ikisi boğulub öləcək. Əgər dənizdə batmasalar da, qayalara dəyib parça-parça olacaqlar. Lakin həmin şəxs çox zəhmətlə cavanı xilas edir. Xilasedici şəxs yorğun və yaralı halda oğlanı ən yaxın qaya parçasına çatdırır və hər ikisi qayanın üzərinə çıxır. Bir qədər keçdikdən sonra, onların hər ikisi özünə gəlir və oğlan üzünü onu xilas edən kişiyə tutub deyir: “Məni xilas etmək üçün öz canını təhlükəyə atdığına görə təşəkkür edirəm.” Kişi belə cavab verir: Təşəkkür etməyə ehtiyac yoxdur. Yalnız çalış elə yaşayasan ki, həyatın onu xilas etməyə dəysin!

***

Deyirlər ki, bir gün bir padşah dünyada ən murdar şeyin nə olduğunu bilmək istəyir. Bu iş üçün vəzirinə tapşırıq verir və bildirir ki, əgər bunun nə olduğunu öyrənə bilsə, yaxud bunu bilən hər bir şəxsə bütün taxt-tacını verəcək.

Vəzir bu məqsədlə səfərə çıxır, bir il axtarış aparır, müxtəlif şəxslərdən bu barədə məlumat alır və bu nəticəyə çatır ki, elə dünyada ən murdar şey insanın nəcisidir. Vəzir geriyə qayıdır, öz məmləkətinə yaxınlaşanda şəhərin yaxınlığında bir çoban görür. Vəzir öz-özlüyündə deyir ki, bu çobandan da soruşum bəlkə o yeni bir cavab deyə. Vəzir çobana yaxınlaşır və ondan dünyada ən murdar şeyin nə olduğunu soruşur. Çoban deyir: Mən bunun cavabını bilirəm, amma bir şərti var. Vəzir şərti eşitməmiş qəbul edir. Çoban deyir ki, əgər bunu deməyimi istəyirsənsə, gərək öz nəcisini yeyəsən. Bunu eşidən vəzir çox əsəbləşir və çobanı öldürmək istəyir. Çoban vəzirə deyir ki, sən məni öldürə bilərsən, lakin arxayın ol ki, sənin öyrəndiyin cavab səhvdir. Sən mən dediyimi et, əgər məndən qaneedici cavab almasan, bu halda məni öldürərsən.

Vəzir taxt-taca çatmaq üçün çobanın dediyini qəbul edir və öz nəcisini yeyir.

Daha sonra çoban vəzirə deyir:

Dünyada ən murdar, ən iyrənc şey tamahdır, çünki sən ona xatir elə bir şeyi yeməyə hazır oldun ki, onun dünyanın ən murdar şeyi olduğunu güman edirdin.

Nur-az.com
Dilimizə çevirdi: M. Əhməd
1596 بازدید
در حال ارسال اطلاعات...