Malı mala qatanlara!
İmam Hüseyn (ə) aşiqlərinin, ərbəin övladlarının vasitəsilə Allah bizə qələbə bəxş elədi. Xaricdəki erməniləri qovduq. Əlbəttə, “xaricdəki” deyərkən məqsədimiz erməni milliyyətli, işğalçı, təcavüzkar ermənilərdir. Yoxsa qovduqlarımız xaricdə deyil daxildə, öz işğal olunmuş ərazilərimizdə “dövlət” qurmaq xəyallarına qapılmışdılar. Allaha möminlərə qələbə bəxş elədi, təcavüzkarlara yerlərini göstərib qovduq. Qaldı daxildəki ermənilər, yəni ermənisifətlər, yəni ermənidən betərlər, sapı özümüzdən olan baltalar.
Bəzi insanlar 44 günlük müharibənin havasına elə düşdülər ki, sanki həqiqətlər yaddan çıxdı, malı mala qatdılar. Əzizlər, 44 günlük mübarizədə nazir-deputat, oliqarx balaları, qohumları, ya da özləri iştirak etmədilər. Həmişə olduğu kimi yetim-yesir balası qabağa verildi. Biz daim bu məsələyə işarə etmişik. 44 günlük müharibədə öz ermənilərimizin erməniliyini bir daha gördük. Burada təşəkkürü haqq edən, müzəffər olan bir zümrə var – o da İmam Hüseyn (ə) aşiqi, ərbəin övladı olan möminlərdir.
Biz gərək malı mala qatmayaq. Yaxşını pisdən ayıraq.
Düzdür, bəzi insanlarımız çox çalışdı ki, zalım, hicab, ruhani, din, mənəviyyat, əxlaq düşməni olan oğru, diktator, rüşvətxor, iş bacarmayan bir hakimiyyəti Azərbaycan torpaqlarından qovsunlar. Amma, zalım hakimiyyətin imdadına korona karantinləri çatdı. Ondan sonra da 44 günlük müharibə xalqın başını ümummilli birliyə qatdı. Amma, unutmamalıyıq, zalım zalımlığında qalıb. Yenə ruhanilər zindanda, hicab məhdudiyyəti qalır, rüşvətxorluq, özbaşınalıq, yaltaqlıq, diktatorluq baş alıb gedir. Heç nə dəyişməyib daxildə. Sadəcə xaricdəki ermənini qovmuşuq. Daxildəki ermənilər hələ də qalıb. Ümummilli birlik 44 gün ərzində idi. Zalımlar, ermənisifətlər öz hörmətlərini qaldırmaq istədilər. Onların zay təfəkkürü dəyişməsə, gözləri doymasa, haqqa gəlməsələr 80 faiz torpaqlarda etdikləri haqsızlıqları aldığımız 20 faiz torpaqlarda da edəcəklər. Zalımlar tezliklə erməni kimi qovulmasalar seçki saxtakarlığı, telekanalizasiya üfunəti, rüşvətxorluq, diktatorluq, həmçinin, alçaq məmur, oliqarx, biznesmen yığını 20 faiz torpaqlarda da at oynadacaqlar.
Bizim xalq zatən əzəl gündən deyib ki, 20 faizi xarici ermənilər işğal edibsə, 80 faiz torpaqlarımız daxili düşmənlər tərəfindən işğal edilib. Bu işğalçılar heç də dəyişilməyib. Yenə həmin talançılıq, yalançılıq, xalq süründürməçiliyi davam edəcək. Qondarma höküməti yıxdığımız kimi 80 faiz ərazilərdə olan qəsbkar hakimiyyəti də yıxmaq mütləq lazımdır. Ərbəin övladları olmağa davam etməliyik.