58-ci hicri-qəməri ilində, Müaviyənin ölümündən iki il öncə İmam Hüseyn (ə), Abdullah ibn Abbas və Abdullah ibn Cəfər həcc səfərinə yola düşdülər. Bu səfərdə İmam Hüseyn (ə) öz dövrünün alimlərinə höccəti tamamlamaq məqsədilə min nəfərə yaxın səhabə və tabeini Mina səhrasına toplayaraq xütbə oxudu. İmam (ə) öz xütbəsində alimlərin vəzifəsini və zülmkar Əməvilər hökumətinə qarşı öz cihadının səbəbini izah etdi.
Bu xütbənin yer aldığı ən qədim kitab böyük alim İbn Şöbə Hərraninin qələmə aldığı “Tuhəful-uqul” (1) kitabıdır. Daha sonra Feyz Kaşani “Əl-Vafi” (2) və Əllamə Məclisi “Biharul-ənvar” (3) kitabında bu hədisi “Tuhəful-uqul” kitabından nəql etmişdir.
Mina xütbəsi
“Ey insanlar, Allahın öz dostlarına nəsihət edərək (yəhudilərin) din alimlərini danlamasından ibrət alın. Allah buyurur: “Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!” (4) və yenə buyurur: “İsrail oğullarından kafir olanlara lənət oxundu... Onların gördükləri iş necə də pis idi!” (5) Həqiqətdə, Allah onları bu cəhətdən məzəmmət edir və danlayır ki, onlar gözləri ilə zülmkarların fəsad və pis işlərlə məşğul olduqlarını görürdülər, lakin bu çirkin əməllər qarşısında laqeydlik göstərir, onlara mane olmurdular. Çünki həm onlardan aldıqlarına bağlanmışdılar, həm onların əzab-əziyyətlərinə tuş gələcəklərindən qorxurdular. Halbuki, Allah-Taala buyurur: “İnsanlardan qorxmayın, Məndən qorxun!” (6) və yenə buyurur: “Mömin kişilər və mömin qadınlar bir-birlərinin dostu və hamisidir. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər.” (7)
Görürük ki, bu ayədə möminlərin bir birinə qarşılıqlı sevgisi, himayədarlığı olan sifətlərini saymaqda, Allah-Taala yaxşılığa dəvət etmək və pislikdən çəkindirməkdən başlayır və ilk növbədə bu məsələləri onlar üçün vacib edir. Çünki Allah bilir ki, bu iki ilahi vacibatın yerinə yetirilməsi digər vacib işlərin –istər çətin, istərsə də asan– görülməsini asanlaşdırar. Bunun səbəbi odur ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək bütün insanları İslama doğru dəvət etməkdən; zülmə məruz qalmış insanların haqlarını özlərinə qaytarmaqdan; zülmkarlarla mübarizə və müxalifət etməkdən; milli sərvətin və müharibə gəlirinin İslamın ədalətli qanunları əsasında bölünməsinə təlaş etməkdən; sədəqələrin (zəkat və bütün vacib, yaxud könüllü ödənclər) düzgün və vacib yerlərdən toplanmasına və alınmasına, həm də şəri və düzgün yolda səfr olunmasına çalışmaqdan ibarətdir.
Bundan əlavə, siz ey elm və alimlikdə məşhur olan və adı yaxşılıqla çəkilən, cəmiyyət arasında xeyirxahlıq, nəsihət və hidayət etməklə tanınan və Allaha xatir camaatın qəlbində əzəmət və sevgi ilə yer tutan, belə ki, onun səbəbi ilə qüdrətli camaat sizdən qorxan, gücsüzlər sizə hörmət göstərən, ondan üstün olmadığınız və ondan qüdrətli olmadığınız şəxslərin sizi özlərindən üstün saydığı, öz nemətlərini özlərindən əsirgədiyi halda sizin ixtiyarınızda qoyduğu, alacaqları (yaxud ümumi büdcədən verilməli olan payları) ödənmədikdə vasitə olan, yol gedərkən möhtəşəm, əzəmətli şahlar və böyük insanlar kimi addım atan dəstə! Bütün bu hörmətlər və mənəvi qüdrətlərə sizdən Allahın qanunlarını həyata keçirməyə himmət göstərməyiniz gözləndiyi üçün nail olmamısınızmı? Hərçənd, əksər hallarda Allahın qanunlarını həyata keçirməkdə səhlənkarlıq etmisiniz; Allahın sizin öhdənizə qoyduğu vəzifələrin çoxunu yerinə yetirmədiniz; məsələn, imamların haqqına göz yumdunuz, gücsüz insanların haqqını zay etdiniz, eyni halda öz haqqınız olduğunu güman etdiyiniz şeylər üçün qalxdınız. Allah yolunda nə pul xərclədiniz, nə də Yaradanın yolunda canınızı təhlükəyə saldınız, nə də Allaha xatir bir qəbilə və ya bir qrupla qarşılaşdınız.
Siz arzu edirsiniz və öz haqqınız bilirsiniz ki, Allah Öz cənnətini, Öz Peyğəmbəri (s) ilə qonşu olmağı və əzabından amanda qalmağı sizə təqdim etsin! Ey Allahdan bunları gözləyən kəslər, mən qorxuram ki, Allah sizə qəzəblənsin. Çünki siz Allahın əzəmət və izzəti sayəsində belə uca məqamlara yetişmisiniz, lakin Allaha mərifəti təbliğ edən allahtanıyanlara hörmət etmirsiniz. Halbuki, siz Allaha görə Onun bəndələri arasında hörmət sahibisiniz. Habelə, ona görə sizin üçün qorxuram ki, Allah qarşısında olan əhd-peymanlar sındırılmasını və ayaq altına atılmasını öz gözünüzlə görürsünüz, amma bundan narahat deyilsiniz. Halbuki, atalarınızın bir sıra əhdlərinə görə, narahat və pərişan olursunuz. İndi Peyğəmbərlə (s) bağlanmış əhdlərə (8) qarşı etinasızlıq olunur. Korlar, lallar, zəiflər və miskinlər bütün şəhərlərdə başsız qalıblar, onlara rəhm olunmur, onların məqamına uyğun bir iş görmürsünüz, belə bir iş edə biləcək və sizin şəninizin yüksəlməsinə təlaş edəcək kəsə də etina, yaxud kömək etmirsiniz. Şirin dilinizi işə salmaq, yaltaq və zülmkarlarla saziş etməklə özünüzü zülmkar hakimlərin qarşısında amanda saxlayırsınız. Bütün bunları Allah qadağan etmişdir və bir-birinizi də ondan çəkindirməyə göstəriş vermişdir. Lakin siz onlardan qafil olmusunuz.
Sizin müsibətiniz bütün insanların müsibətindən ağırdır. Çünki alimlik məqamını sizdən geri alıblar. Kaş, bunu biləydiniz! Həqiqətdə, ölkənin icra işləri, məhkəmə hökmlərinin çıxarılması, ölkənin layihə və proqramlarının qəbul edilməsi Allah haqlarının əmanətdar şəxsləri, halal-harama vaqif ruhani alimlərə tapşırılmalıdır. Amma indi bütün bu məqamlar sizin əlinizdən alınmışdır. Bunun bir səbəbi vardır və o da budur ki, siz haqq oxu (İslam qanunu və Allahın hökmü) ətrafından pərakəndə olmuş və uzaqlaşmısınız, doğruluğu və keyfiyyəti barədə aydın dəlil-sübutları olan sünnələr haqda ixtilafa düşmüsünüz.
Sizlər Allah yolunda əzab-əziyyətə və zəhmətlərə dözən adamlar olsaydınız, qərarların qəbul edilməsi üçün sizin yanınıza gələcəkdilər, işlərin mərcəsi olacaqdınız. Amma siz zülmkarlara macal verdiniz ki, bu məqamları sizdən alsınlar. Şəriətə bağlı bir hökuməti onların əlinə keçməyə imkan yaratdınız. Beləliklə, onlar öz gümanları əsasında hökumət işlərinə yiyələndilər, nəfsi istəklərini və şəhvətlərini təmin etmək yolunu rəhbər tutdular. Onların hökumətə yiyələnməsinin səbəbi sizin ölümdən qorxmağınız və ötəri həyata bağlı olmağınızdır. Siz bu ruhiyyə və seçdiyiniz yolla zəif bir toplumu bu zülmkarların caynağına saldınız. Beləliklə, bir qrup qul kimi əzildi, digər bir qrupun da çarəsizlər kimi öz yemək-içməyini təmin etməyə başı qarışdı, özbaşına hakimlər də öz istəklərinə uyğun əməl etdilər, həvəslərinə uyub rüsvayçılıq yaratdılar, bədxislətlərin ardınca getdilər və Allah qarşısında həyasızlıq etdilər. Hər yerdə onların tərəfindən minbərə çıxan bir natiqlər var və minbərdə çıxış etmək onlara tapşırılıb. Yer üzü onlar üçün geniş və əlləri dünyada açıqdır; camaat onlara qul olub, özlərini qorumağa gücləri yoxdur, hakimlərdən biri diktator, kinli və bədxahdır, digər biri zəifləri əzir, onlara qarşı quldurluq edir, çətinlik törədir, başqa birisi isə xalqa hakim olaraq nə Allahı tanıyır, nə axirətə inanır. Çox təəccüblüdür! Nə üçün də təəccüblənməyəsən! Camiə hiyləgər və zülmkar hakimin əlinə düşmüşdür; onun maliyyə naziri zülm edir, valisi dindar əhaliyə qarşı rəhimsizlik göstərir. Keşməkeşdə olduğumuz məsələ barədə Allah Özü hakimlik edəcək, bizim aramızda baş verənlərlə bağlı qəti hökm verəcəkdir.
İlahi! Həqiqətən Sən Özün bilirsən ki, qiyamımız (9) səltənət və dəyərsiz dünya malı toplamaq üçün deyildir. Bizim qiyamımız, Sənin dininin parlaq dəyər və prinsiplərini göstərmək, şəhərlərində islahat aparmaq, məzlum bəndələrini əmin-amanlığa çıxarmaq, onların haqlarını özlərinə qaytarmaq, təyin etdiyin vəzifə, sünnə, qanun və hökmlərinə əməl olunması üçündür.
Ona görə də siz (din alimləri) bizə bu məqsədə çatmaqda kömək etməsəniz və haqqımızı qəsbkarlardan almasanız, zülmkarlar sizə hakim olacaq, Peyğəmbərinizin (s) nurunu söndürməyə çalışacaqlar. Allah bizə kifayətdir, Ona təvəkkül edirik, Ona üz gətiririk və qayıdışımız Ona tərəfdir.” (10)
“Tuhəful-uqul”, səh. 237.
2 “Əl-Vafi”, c. 15, səh. 177.
3 “Biharul-ənvar”, c. 97, səh. 79.
4 “Maidə” surəsi, ayə 63.
5 “Maidə” surəsi, ayə 78-79.
6 “Maidə” surəsi, ayə 44.
7 “Tövbə” surəsi, ayə 71.
8 Peyğəmbərlə (s) beyət etmək yolu ilə öhdəyə götürülən islami məsələlər nəzərdə tutulur. Həmçinin, Qədir-Xumda Peyğəmbər (s) qarşısında həzrət Əlinin (ə) və onun övladlarının (ə) vilayətinə tabe olub, itaət edəcəklərinə aid bağlanan əhd.
9 Əməvilərə qarşı başladığımız mübarizə.
10 “Tuhəful-uqul”, səh. 237-239.