Şrift ölçüsü:
A+
A
A-
16 Kasım 2021

Düz söz acı olar qanunu sizə də aiddir

QMİ-də təmsil olunan bəzi ilahiyyatçılar balanslaşdırılmış siyasət yürütməyə çalışırlar. Onlar arasında elələri vardır ki, tam olaraq İrana dil uzada bilmir. Dini camiənin ciddi qınağı ilə üzləşəcəklərini bilirlər. Digər tərəfdən isə öz vətənimizi qoruyuruq deməklə Qarabağ müharibəsində İranın müəyyən səhvlərinin olduğunu əsas gətirib tənqid edirlər.

Amma burada diqqət edilməli olan bir məsələ vardır. Əgər onları bu işə vadar edənlər varsa və ya kimlərsə onları işdən çıxartmaqla, həbslə hədələyirsə onlar da bu təxribatdan qaçmaq üçün belə edirlərsə bu barədə danışmırıq. Bunun özü bir mövzudur. Amma yox könüllü şəkildə özlərinin ifadə azadlıqlarına sahib olduqlarını əsas gətirib bu cür hadisələr barədə fikir bildirirlərsə o zaman açıq aşkar iki məsələyə aydınlıq gətirmək lazımdır.

Bu iki məsələyə gəlməzdən öncə bunu deyək ki, bu ilahiyyatçıları tənqid edənlər meydana çıxanda onların tərəfdarları çəkinmədən deyir ki, düz söz acı olar. Yəni, QMİ ilahiyyatçılarının İran əleyhinə danışdıqları düz və haqlı sözdür, ona görə də İrana meyilli dini camiə üçün acı olur. Çox gözəl, bildik ki, siz bu mövqeyi düzgün və haqlı hesab edirsiz. Buna görə də tənqid edirsiz. Amma unutmayın ki, həmin qanun sizə də aiddir. Bu məntiq sizə də şamil edilməlidir.

İndi isə gələk iki məsələyə. Bu iki məsələni sual da hesab edə bilərik. İlk sual bundan ibarətdir ki, axı dünənə qədər sizin dua etdiyiniz prezident İrandan heç bir yanlış addımın olmadığını deyirdi. Necə oldu? Birdən birə nə baş verdi? Niyə o zaman prezidenti tənqid etmirdiniz? Buna onu da əlavə edək ki, bir dəstə dini icmalar hətta yığılıb işğaldan azad olunmuş ərazilərdəki məscidlərə getmişdiniz. QMİ sədri də orda idi. Onunla birlikdə Ali Dini Liderin Azərbaycandakı nümayəndəsi də səfərdə iştirak edirdi. Hətta, bir dəfə QMİ sədri pişnamaz dayananda başqa vaxt Ali Dini Liderin nümayəndəsi seyyid Əliəkbər Ocaqnejad pişnamazlıq edirdi. QMİ sədri hətta açıq aşkar dedi ki, Ayətullah Xameneinin fətvası bizi qələbəyə apardı. Həmin vaxtlarda arxayınlıqla deyə bilərik ki, bu gün İranı tənqid edən QMİ-yə bağlı ilahiyyatçılar o zamanlar sevinib deyirdilər ki, Allaha şükür ki, İranla aramız yaxşıdır. Bəs indi nə oldu?

Bunu da bir kənara qoyub ikinci sualı verək. Əgər söhbət haqqı deməkdən gedirsə niyə bir dəfə ölkədə ərşə dirənən haqsızlıqdan danışmırsız. Bir səs yazısı, bir video göstərə bilərsinizmi ki, orda siz ölkədəki haqsızlığa qarşı nəsə demiş olasız? Nə qədər insanı, dindarı, ruhanini günahsız yerə şərləyirlər. Niyə haqsızlıqdan danışmırsız? Yoxsa ölkədə haqsızlığın olduğunu danırsız? İranı Qarabağ müharibəsi səbəbiylə qınayırsız bəs niyə özünü yandıran, öldürən, etiraz edən, acından ölən qazilərin haqlarını tapdayanlara güldən artıq söz demirsiz. Elə buna görə də heç kim sizin səmimiyyətinizə inanmır. Sizə inananları da İranla öz aranızda tərəddüddə saxlamısız. Yazıqlar bilmir ki, sizin tərəfinizi saxlasın, yoxsa İranın?
Əgər düz söz acıdırsa sizə deyilən sözlərin də sizi narahat etdiyi üçün acı söz olduğu məlumdur. Acı sözdürsə sizin məntiqinizlə bu sözlər düz və haqq sözlərdir.
3653 بازدید
در حال ارسال اطلاعات...