
Hacı Tale neçə gün idi ki, aclıq aksiyası keçirirdi. Amma ad günündə aksiyanı dayandırdı. Bu da onun möminlərə ad günü hədiyyəsi idi. Adətən ad günü olan şəxsə hədiyyə verirlər, amma Hacı Tale ad günü olan şəxs olmasına baxmayaraq özü möminlərə hədiyyə etdi. Hədiyyəsi bundan ibarət oldu ki, aksiyanı dayandırdı.
Əslində, aksiyanı dayandırmaqla hədiyyəni belə etdi və möminlərə göstərdi ki, alimin sözünə baxmaq lazımdır. Özü də bir din alimi olmasına baxmayaraq özündən yüksək rütbə sahibi olan fəqihin, təqlid mərcəsinin sözünə baxmaqla insanlara, möminlərə bir daha xatırlatdı ki, fəqih fəqihdir, onun sözünü yerə salmaq olmaz.
Bəzi el arasında ilahiyyatçı kimi tanınan insanlar görmüşük ki, ali məqamlı bir müctəhid bir məsələ haqqında fətva verəndə durub utanmadan həmin fəqihin fətvasını vurmağa çalışıblar. Özü də müsibət budur ki, həmin fəqihin əleyhinə yazı yazıb bildiriblər ki, İslam filan şeyin əleyhinədir, İmam Sadiq (ə) bu barədə belə buyurub, dinin rəyi elədir, belədir. Sanki ömrünü elmə həsr eləmiş fəqih heç o hədislərdən xəbərsiz imiş bircə bunlar savadlıdırlar ki, durub fəqihə İmam Sadiqin (ə) rəyini öyrədirlər.
Amma hövzə təhsili, mədəniyyəti görmüş Hacı Tale bilir ki, fəqih fəqihdir.
Bu dəqiqə fəqihin İranla məhdudlaşdırıldığı, "o İranın alimdir" kimi cəfəng fikirlərin yayıldığı ölkəmizdə Hacı Talenin elədiyi əməlli başlı inqilab oldu.
Onsuz da Hacı Tale elə bir şəxsdir ki, susması ilə də aləmə səs sala bilir. Bu cür Allah bəndələri nadir tapılır. Adam yeməkdən, içməkdən imtina etdi, amma Türkiyə, Gürcüstan, Rusiya, İran, Azərbaycan möminləri ayağa qalxıb dəstək nümayiş etdirdilər. Bütün dünya gördü ki, Azərbaycan Allahı təhqir edən alçaq insanların ağalıq etdiyi bir ölkədir. Hacı Tale isə belə etməklə mübarizə əzmini diri saxladı. Çoxları düşündü ki, artıq Nardaranın ələ keçirilməsi ilə ölkədə Kərbəla ruhu öləcək. Amma Hacı Tale göstərdi ki, Nardaran olmasın Qobustan həbsxanası olsun fərq eləmir, mübarizə dayanmır. Dünən Nardaran mübarizənin ünvanı idisə bu gün Qobustanı Nardarana çevirərik. Heç bir maneəsi yoxdur.
Zatən o, zalımların at oynatığı ölkədə azadlığı böyük zindan adlandırıb kiçikmüddətli həbsdən çıxanda "kiçik zindandan böyük zindana çıxdım" demişdi. İndi də mübarizə davam edir, sadəcə aclıq aksiyası dayandırılıb. Aclıq aksiyası isə ilahi mübarizənin çox xırda bir hissəsidir.
Necə deyərlər Allah qapısını açsın. Allah bütün dünyada, xüsusi ilə də ölkəmizdə, digər müsəlman, şiə məmləkətlərində zalımların kökünü kəssin. Amma möminlərin əli ilə.
Hacının dünyaya gəldiyi, mübarizə apardığı, fəqihin sözünə baxdığı, aclığı saxladığı, şəhid edildiyi günlərdə ona Allahın salamı olsun! Kərbəla ruhunun bir daha ölkəmizdə doğulmasına səbəb olan Hacı Talenin dünyaya gəldiyi gün mübarək bir gündür.