Şrift ölçüsü:
A+
A
A-
20 Auğustos 2014

Danışıq və mübahisə qaydaları

Həzrət Peyğəmbər (s) öz söhbətlərində, dialoqlarında hansı üsulları, qaydaları gözləyib? Peyğəmbərə ardıcıllıq iddiasında olan bütün İslam məzhəbləri və firqələri təbii ki bu qaydalara əməl etməlidir.

İnsanı başqa mövcudlardan üstün edən onan düşüncə və azadlığıdır. İnsan elə yaradılıb ki, onun mərifət və düşüncəsi onun üçün suallar yaradır. İnsan öz suallarına cavab tapana qədər aramlaşmır. Hər sual başqa bir sual yaradır.

Mən kiməm? Nə üçün yaşayıram? Hansı məqsədləri izləyirəm? Özüm yaranmışam, yoxsa yaradılmışam? Bura haradır? Nə üçün ölməliyəm? Ölüm sondur, yoxsa keçid? Bu və bu qəbildən olan minlərlə sual insan düşüncəsini özünə məşğul edir.

Həzrət Peyğəmbər (s) buyurur: "Elm bir xəzinədir, sual-cavab bu xəzinənin açarıdır." Öz ehtiyac və nigarançılıqlarına cavab almaq istəyən insan müəyyən çabalamalardan sonra başa düşür ki, bu düyünü təkbaşına aça bilməz. Düyünün açılması üçün dərin elm və mərifət ehtiyac var.

Həzrət Peyğəmbər (s) buyurur: "Elm öyrənməkdə dözümlü olmayan şəxs daim cəhalət qaranlığında qalar." Həzrət Əli (ə) buyurur: "Hikmət möminin itkisidir. Müşrikdə də olsa bu elm ardınca gedin." Həzrət (ə) başqa bir məqamda buyurur: "Elm möminin itkisidir. Müşriklərin əlində olsa da onu əldə edin. Məbada kimsə elm öyrənməkdə elm sahibindən utanıb-çəkinə!"

Həqiqət məktəbində həqiqətin özünə baxmaq lazımdır. Həqiqət axtaran insan həqiqətlə bir növ eyniləşir. Elm ilahi dəyərdir, onu kafir ölkədə olsa belə əldə etmək lazımdır. Həzrət Peyğəmbər (s) buyurur: "Çin vilayətində olsa belə elm ardınca gedin." O zaman Çin Hicaza uzaq ölkə sayılırdı.

Elm müzakirə və mübahisələrdə üzə çıxır. Mübahisənin, danışıq və dialoqun isə zəruri şərtləri var. Əvvəla, elm və mərifət sahibi olmadan danışmaq cəhalət göstəricisidir. Ğafir surəsi, 56: "Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!"

Həqiqətən də Allahın ayələri haqqında dəlil-sübutsuz danışanlar yalnız təkəbbür səbəbindən danışır. Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətim arasında insanların ən üstünü dəlil əsasında danışanlardır."

Mübahisə və danışıqda əsas məqsədlərdən biri həqiqət axtarışı olmalıdır. Həzrət Əli (ə) buyurur: "Dəlil göstərən insan həqiqətdən kömək alır." Həzrət başqa məqamda buyurur: "Həqiqətə əsaslanan insanla vuruşma." Bu sözlər həqiqətin yüksək dəyərini göstərir. Həqiqətə tabe olmamaq batil, səf mövqe tutmağa bərabərdir.

Mübahisədə zəif dəlillər və gümandan çəkinmək lazımdır. Nəcm surəsi, 28: "Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!" Bilmədiyin sözü danışma, bilmədiyin iş ardınca getmə.

Söhbət əsasında haqq sözü qəbul etmək, inadkarlıq göstərməmək lazımdır. Həzrət Əli (ə) buyurur: "İnadkarlıq düşüncəni zəncirləyir." Başqa məqamda: "İnadkar adamın ağlı yoxdur."

Söhbət zamanı qarşı tərəfin məqamı əsas götürülməməlidir. Həzrət Əli (ə) buyurur: "Danışana yox, onun dediyi sözə bax." Bu sözün mənası qabığı kənara qoyub içə baxmaqdır. Sözün dəyəri onun dəlillərindədir. Təəssüf ki, şəxslərin ad və məqamı sözə öz təsirini göstərir. Zahir bizə mane olur ki batini görə bilək.

Həzrət Əli (ə) buyurur: "İnsanlara baxıb haqq və batili tanımaq olmaz. Haqq və batili tanıyıb bu yolla insanları tanımalıyıq." Bəqərə surəsi, 111: "(Yəhudilər və xaçpərəstlər) dedilər: “Cənnətə

yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”" Danışıqda, mübahisədə zərrəcə batilə yol vermək olmaz. Batil meydana daxil olanda haqqın yeri daralır. Yalan səhnəni tutanda ilahi lütf şöləsi sönür. Həzrət Əli (ə) buyurur: "Sözü doğru olan şəxsin dəlilləri möhkəmdir."

İmam Sadiq (ə) buyurur: Atam İmam Baqir (ə) cəddim Əli ibn Hüseyndən, o da atası Hüseyn ibn Əlidən, o da Əmirəlmöminindən nəql edir ki, bir gün yəhudi, məsihi, materialist, dualist və ərəb müşrikləri Peyğəmbərlə (s) söhbət edirdi. Yəhudilər dedilər ki, biz Üzəyri Allahın oğlu sayırıq, sənin sözün nədir? Həzrət Peyğəmbər (s) buyurdu: Mən sizin sözünüzü dəlilsiz qəbul edim?" Dedilər: "Dəlilimiz budur ki, Tövrat əldən çıxandan sonra onu Bəni-İsrail üçün Üzəyr bərpa etdi. Çünki Allahın oğlu idi." Həzrət Peyğəmbər (s) buyurdu: "Bəs nə üçün Tövratı sizə gətirmiş Musanı Allahın oğlu saymırsınız?! Axı o öz möcüzələri ilə Allahın oğlu olmağa daha münasibdir. Sizin məntiqinizlə Musanın məqamı daha ucadır. Əgər siz Allahın oğlu deyəndə dünyadakı əlaqə ilə övlad yaranmasını nəzərdə tutursunuzsa küfrə uğramısınız, Allahı bəndəyə bənzətmisiniz. Sizin sözünüzdən belə çıxır ki, Allah özü də yaranmışdır."

Həzrət Əli (ə) buyurur ki, onlar Peyğəmbərin sözündən heyrətə gəldilər, yerlərində donub qaldılar. Peyğəmbərdən (s) söhbətin davamı üçün vaxt istədilər. Həzrət buyurdu ki, araşdırmalarınızda insaflı olun ki, Allah sizi hidayət etsin.

Peyğəmbər (s) bu mübahisədə hansı nöqtələri gözləyirdi:

1.Həzrət Peyğəmbər (s) səbrlə kimsənin sözünü kəsmədən onları dinlədi.

2.Yəhudilərin sözlərində küfr olsa da Peyğəmbər (s) onlardan üz çevirmədi, məntiqli danışmalarını istədi.

3.Həzrət onlara iradını bildirdi ki, sözlərinizi qəbul etməyimi istəyirsiniz?! Həzrət bu sualla onlara anladırdı ki, sizin istəyiniz elmi deyil. Yəhudilər belə bir istəkdə olmadıqlarını bildirəndə həzrət onlardan dəlil tələb etdi.

4.Həzrət Peyğəmbər (s) yəhudilərin iddialarını araşdırdı. Mövzu belə şaxələnirdi ki, Üzəyrin Allahın oğlu sayılması ya Tövratı bərpa etməsi ilə, ya da dünyadakı ata-oğul rabitəsi kimi bir rabitə ilə bağlıdır. Yəhudilər başqa bir səbəb göstərmədilər. Əgər birinci şərti qəbul etsəydilər belə çıxırdı ki Musa da Allahın oğlu sayılmalıdır. İkinci şərti qəbul etsəydilər küfrə batmış olurdular.

5.Həzrətin onları araşdırmada insafa çağırması bütün insanlara ünvanlanmış bir tövsiyədir. Mübahisədə təəssübkeş və inadkar olmayaq. İnadkarlıq göstərsək Allahın hidayətindən məhrum qalarıq.

Sonra məsihilər söhbətə başladı. Onlar İsanın Allahın oğlu olmasını iddia etdilər. Peyğəmbərdən bu məsələyə münasibətini soruşdular. Dedilər ki, buna müxalif olsan səninlə mübahisə edəcəyik. Həzrət Peyğəmbər (s) buyurdu: "Siz dediniz ki, qədim olan Allah oğlu Məsihlə eynidir. Bu sözdə məqsədiniz nədir? Əgər İsa yaranmışdırsa qədim olan Allahla bir ola bilərmi? Sözlərinizdən belə çıxır ki, yalnız İsa müstəsna bir kəramətdən bəhrələnmişdir. Əgər İsanı seçilmiş sayırsınızsa demək onun yaranmış olduğuna inanırsınız. Yaranmış biri qədim Allahla eyni ola bilərmi?! Sizin iddialarınız bir-birinə ziddir."
Beləcə, Həzrət Peyğəmbər (s) hər qrupla İslam məntiqində söhbət etdi və sonda qarşı tərəfin yanlış mövqe tutduğu aydınlaşdı.
Ayə və rəvayətlərdən alınan nəticə budur ki, İslam təlimləri insanı elmi, təmkinli danışmağa çağırır. Əgər Peyğəmbər (s) və məsum imamlar (ə) İslama qarşı çıxanları məğlub edibsə, elm və məntiq, səbir və dözüm əsasında bu işi görə bilib.

Nur-az/hawzah
6671 بازدید
در حال ارسال اطلاعات...