
Axirüzzəman (dünyanın sonu) və həmin vaxt baş verəcək hadisələr ayə və rəvayətlərdə diqqət mərkəzində olan mövzulardır. Kəlam elmi və Məhdəviyyət araşdırmalarında bu mövzu xüsusi əhəmiyyət kəsb edir. Bu yazıda Axirüzzəmanın nə olduğu, onun qiyamətdən öncə baş verəcək hadisələrdən (اشراط الساعه) nə ilə fərqləndiyi müxtəlif dinlər baxımından nəzərdən keçirilir. Axirüzzəmanın mühüm hadisələri arasında səmanın tüstüyə bürünməsi, Həzrət Mehdinin (əc) zühuru, Süfyaninin gəlişi, Dəccalın gəlişi, Həzrət İsanın (ə) səmadan enməsi, Yəcuc və Məcucun gəlişi, Dabbətülərzin gəlişi, Rəcət hadisəsi yer alır. Bu hadisələrə Quran və rəvayətlərdə işarə olunur.
Dünya həyatının başa çatması həm də axirüzzəman deyilən qiyamətin başlanğıcıdır. Bu hadisə İslamdan qeyri dinlərdə də yada salınmışdır.
İslam mənbələrində Axirüzzəmanla yanaşı İşratus-saə (qiyamətin əlamətləri) sözü də işlədilir. Amma bu iki söz arasında fərqlər hələ də yetərincə araşdırılmamışdır. Ona görə də dini mətnlərdə hər iki termindən yanaşı istifadə olunur.
Geniş və dərin araşdırma apardıqda görürük ki, bu iki söz arasında müəyyən fərqlər var. Ocümlədən:
1.İşratus-saə sözü İslam Peyğəmbərinin (s) besəti dövründən işlədilmişdir.İşratus-saə dedikdə dünyanın dağılması, səmanın parçalanması, yer və dağların uçulması nəzərdə tutulur. Hansı ki Axirüzzəman dünya dağılmazdan öncə baş verəcək hadisələri əhatə edir.
2.Axirüzzəman dünya həyatından sayılır və bu dövrdə insan iradəsi təsirlidir. Bu dövrdə insanlar Həzrət Mehdinin (əc) dəvətini qəbul etməkdə azaddırlar. Axirüzzəmanda insanların tövbə, qayıdış imkanları var.
Hansı ki Quranın yada saldığı qiyamət hadisəsi zamanı, günəş qərbdən doğduqdan sonra iman və saleh əməl imkanları başa çatır, möminlər kafirlərdən ayrılır. Belə görünür ki, İşratus-saənin besətdən Axirüzzəmana qədərki birinci dövründə insan azaddır, Axirüzzəman başa çatandan qiyamətə qədərki ikinci dövründə seçim imkanlarına son qoyulub.
Bu nöqtə əsasında Axirüzzəmanla İşratus-saə hadisələrini ayırmaq olar. Həzrət Mehdinin (əc) zühuru, İsanın enməsi, Rəcət, səmada tüstü Axirüzzəmanın hadisələridir. Amma günəşin qərbdən doğması, səmanın parçalanması İşratus-saə dövrünə aiddir. Varlıq aləmindəki nizam Axirüzzəmanda davam edir, Qiyamətdə isə məhv olub gedir.
Qurani-Kərimdə Axirüzzəman haqqında ətraflı danışılmır, ayrı-ayrı ayələrdə bu hadisəyə işarə olunur:
Kəhf, 98: O dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc–Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin vədi haqdır!”
Ənbiya, 96: Nəhayət, Yəcuc-Məcüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə (məhşərə) axışdıqları zaman…
Nisa, 159: Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.
Nəml, 82: Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər.
Qəsəs, 5: Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək.
Ayələrdə Yəcuc və Məcuc, Zülqərneyn səddinin dağılması, İsanın gəlişindən, Rəcətdən danışılır. Bildirilir ki, yer üzündə müstəzəflərin, zülmə düçar edilənlərin söz sahibi olacağı gün gələcək.
Növbəti ayələrdə İslamın bütün dinlər üzərində qələbəsindən söz açılır:
Tövbə, 33: Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!
Saff, 9: Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!
Fəth, 28: Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!
İslamın bütün dinlər üzərində qələbəsi hələ ki reallaşmamış bir hadisədir. Bu hadisə təbii yolla baş verə bilməz. Belə bir qələbə yalnız Həzrət Mehdinin (əc) ecazkar qüdrətdən istifadəsi ilə mümkündür. Müxtəlif firqələrə məxsus rəvayətlərdə mövzu ilə bağlı daha ətraflı məlumat verilir.
Qurani-Kərimdə bildirilir ki, yer üzünə salehlərin varis olacağı Zəburda xəbər verilir. Eləcə də Həzrət İsanın gəlişi yada salınır. Aydın olur ki, digər səmavi dinlərdə də dünyanın sonu ilə bağlı məlumat verilir. Tövratda müxtəlif peyğəmbərlərin dilindən qiyamət günü haqqında danışılır. Qeyd olunur ki, Davud nəslindən olan və Allahın ruhu üfürülmüş şəxs zühur edəcək. Bu şəxsin yer üzündə zülmə son qoyacağı, ədaləti bərpa edəcəyi vurğulanır. İncildə dünyanın sonundan, İsanın gəlişindən söz açılır. Dəhşətli zəlzələlər, böyük müharibələr, təbii fəlakətlərin baş verəcəyi söylənilir.
İslam dünyanın sonunu necə görür?
1.Adəmin yaranaşı ilə aydın bir başlanğıc olduğu kimi aydın bir sonluq da var.
2.Peyğəmbər və övliyaların təlaşlarına baxmayaraq dünyada sülm-sitəm, günah artır.
3.Gedişat zülmə doğru olsa da sonda islam bütün dinlər üzərində qalibdir, yer üzünün varisləri salehlərdir.
4.Zülmün kökünü kəsmək üçün İmam Mehdi (əc) intizardadır.
5.Dünya kitabı bağlanan zaman din və ədalətin hakim olması ilə insanlar zühura hazırlaşar.
Bəs dünyanın sona çatmasının fəlsəfəsi nədir? Dünyəvi məktəblər bu sualı cavablandırmaqda acizdir. Amma səmavi dinlər, xüsusilə İslam dünyanın sonu ilə bağlı sualları ətraflı cavablandırır. İlahi dinlər Allah və varlıq aləminə dəqiq tərif verdiyi kimi dünyanın sonuna da tərif verir. Qeybdən qaynaqlanmayan din dinin sonu barədə dəqiq nə deyə bilər?! Demək, din vəhydən qidalanır.
Doktor Əli Nəsiri
Nur-az.com/ rasekhoon