21 illik məğlubiyyətin səbəbi nədir?
“Bizim Qarabağ kimi dərdimiz var” deyimi, Azərbaycan hakimiyyətinin sığınacaq yerinə çevrilib. Amma 20 ildən artıqdır işğal olunmuş ərazilərin 1 qarışı da geri qaytarılmayıb. Əksinə, Qarabağın işğalında müstəsna xidməti olmuş Rusiya hakimiyyət üçün daha da doğmalaşıb. Yəni hökumətin “Qarabağ dərdi” ürəkdə yox, dildə özünü göstərib. O qədər Qarabağ dərdi çəkirlər ki, Qarabağ qazisini intihar həddinə çatıdırıblar. Digər Qarabağ qazisi Asif Yusifli isə şərlənərək həbs olunub.
Görünür, bunlar Qarabağ dərdinə, qaziləri məhv etməklə dərman tapırlar.
Biz bunları niyə xatırlatdıq?
“Azərbaycanda bizdə böyük fəxarət hissi doğuran ordu formalaşdırılıb. Əminəm ki, bir həftə, 10 gün ərzində Milli Ordu bütün işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə qadirdir”- deyə Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov bildirib.
Qəribi məhz burda ağlamaq tutur. Əgər Qarabağı 10 günə işğaldan azad edə bilərsinizsə, 20 ildir bizi niyə süründürürsüz?
Güclü ordumuz, fəxr duyacağımız silahlı qüvvələrimiz varsa, niyə erməninin əlində əsir qalmısınız?
Bir halda ki, Rusiya sizin qardaşınızdır, beynəlxalq aləm sizin işinizə qarışa bilməz, təzyiqlərdən qorxmursunuz, o zaman nədir sizi saxlayan?
Əgər, “Qarabağın açarı Rusiyadadır”, “Beynəlxalq aləm ikili standartdan çıxış edir” kimi arqumentlər gətirmək istəyirsinizsə, fasilə verin. Çünki, yuxarıda qeyd etdiyim kimi, siz bu amilləri problem hesab etmirsiniz.
Yəni “Qarabağı 20 günə işğaldan azad edərik” ifadəsindən sonra, ənənəvi arqumentləri təkrarlamaq özünüifşadır.
Nəticədə aydın olur ki, hakimiyyət Qarabağı işğal edən Rusiya ilə qardaşlıq münasibətlərinin əvəzində torpaqları deyil, şəxsi maraqlara təminatı istəyir. Eyni zamanda o da aydın olur ki, Qərblə münasibətlərin gərginləşməsi Qarabağa görə yox, hakimiyyət kürsüsünə görədir.
Bəli, Azərbaycan ordusu Qarabağı 10 günə işğaldan azad edə bilərdi. Qarabağsızlığı özləri üçün dərd saysaydılar.
Yəni hakimiyyətin yeritdiyi siyasət 10 günə təmin oluncaq qələbəni 21 illik məğlubiyyətlə əvəzləyib.
Bəlkə də Əli Həsənov səmimi etiraf edib? Etiraf edib ki, dövlət maraqları şəxsi maraqlara üstün gələ bilsəydi, Qarabağı 10 günə işğaldan azad edə bilərdik.
Istənilən halda reallıq onu göstərir ki, ordumuzun güclənməsi Qarabağın işğaldan azad olunması üçün yox, “bizim güclü ordumuz var” demək üçün lazım imiş./azadlıq/