Şrift ölçüsü:
A+
A
A-
30 Mart 2016

Əziz Anam!

Dünyaya gəlmək istəyən körpə Allah-təaladan soruşur: “İlahi, mən bu cılız vı gücsüz bir körpəyəm. Bu vəziyyətdə yer üzündə necə yaşayacağam, axı heç nə edə bilmirəm?!
Allah-təala buyurur: “Mən mələklərin arasından sənin qayğına qalacaq birisinə tapşırmışam, heç narahat olma!”
Körpə isə dünyaya gəlişinə görə arxayın deyildi və qəlbi çırpınırdı.
Körpə: “Ey gözəl Allahım, elə bura da mənim üçün rahatdır. Yeyirəm, oynayıram, yatıram.” Mehriban Allah: “Sənin üçün təyin etdiyim mələk gecə-gündüz qulluğunda duracaq və sənə nəvaziş edib hər gün üzünə gülümsəyəcəkdir. Sənin üçün ürəyəyatan avazları oxuyacaq, qulağına ən gözəl və ən şirin kəlmələri zümzümə edəcək, nəhayət səbr və təmkinlə sənə hər şeyi öyrədəcəkdir. Nəticədə isə sən onun isti nəfəsini, məhəbbətini duyacaq və sevinəcəksən.”
Körpə narahat halda soruşdu: “Eşitmişəm ki, yer üzündə pis insanlar da yaşayır. Birdən onlar mənə pislik etsələr, məni kim qoruyacaq?” Uca Allah: “Səni həmin mələk hətta öz canı bahasına olsa belə hər bir bəlalardan və xətalardan qoruyacaqdlr.”
Körpə yenə narahat halda: “Axı mən Sizdən ayrılmağıma görə çox narahatam. Deməli, bir daha görüşməyəcəyik?”
Mərhəmətli Allah: “Sənin mələyin Mənim barəmdə həmişə sənə danışacaq və sənə qayıdış yolunu nişan verəcəkdir.”
Körpə artıq tezliklə yer üzünə gəlişinin qəti olduğunu hiss edirdi. Çarəsiz axırıncı sualı soruşdu: “İlahi, həmin mələyin adını mənə deyə bilərsənmi?”
Allah-təala onu əzizlədi və belə buyurdu: “Onun adı Ana – dır.”
Ey, əziz Anam! Sənin məqamından da üstün bir məqam varmı? Sənin mənə görə çəkdiyin bir gecənin zəhmətinin əvəzini belə əsla ödəyə bilmərəm. Çünki bu işdə acizəm. Bağışla məni, əziz Anam! Bağışla ki, sənə yük oldum. Bağışla ki, səni gecələr yuxusuz qoydum. Bağışla ki, bəzən nəfsim məni aldatdı və Sənin sözündən çıxdım. Bəzən Səni kövrəltdim, bəzən isə ağlatdım. Bir daha bağışla əziz Anam! Min dəfə bağışlanmaq istəyirəm Səndən!
Sən həqiqətdə bir mələksən, Cənnət isə ayaqlarının altında. Sənin vücudun insanlara yeni həyat bəxş etmiş, adın və nurun isə aləmləri işıqlandırmışdır. Lakin bu NUR, Sənə elə bir xanımdan irs çatmışdır ki, bütün aləmlər Ona möhtacdır və O-bu gün dünyaya göz açmış Əziz Peyğəmbərimizin (sallallahu ələyhi və alihi və səlləm) gözünün nuru Həzrəti Fatimədir (salamullahi ələyha).
Ey əziz Anam! Bu münasibətlə bütün Anaları təbrik edir və Sizləri öz dualarımızda yad edirik.

Ana müqəddəsdir, Ana doğmadır,
Ən böyük məhəbbət yalnız Anadır.
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdən istidir Ana qucağı.
4769 dəfə baxılıb
در حال ارسال اطلاعات...