Şrift ölçüsü:
A+
A
A-
30 Nisan 2016

KƏRAMƏT, YOXSA MÖCÜZƏ?!

Bismilləhir Rahmənir Rahim

Sonsuz həmd-səna Uca Yaradana məxsusdur. O, istədiyinə, layiq bildiyi şəxsə kəramət və möcüzə əta edir. Asiləri və ləyaqəti olmayanları isə xar və zəlil edir. Qüdrət və hikmət Sahibi məhz Odur.
Kəramət, yaxud möcüzə haqqında yəqin ki, müəyyən qədər məlumatımız vardır. Bəzən belə suala – “İmamlar da möcüzə göstərirmi?”, bəzən isə belə bir iddiaya – “İmamlar yalnız kəramət sahibidirlər, möcüzə yalnız Peyğəmbərlərə məxsusdur” rast gəlirik.
Bu sual və iddiaya cavab verməmişdən qabaq kəramət ilə möcüzənin mahiyyətini və fərqini yada salmaq istərdik:
Quran-Kərimdə “ayə” (Ənbiya, 5), “bəyyinəh” (Əraf, 73), “burhan” (Qəsəs, 32) və “sultan” (İbrahim, 11) kəlmələri möcüzə mənasında gəlmişdir. Lakin möcüzə kəlməsi isə “acizlik”, “zəiflik” və “məhrumiyyət” mənalarında işlənmişdir. Yəni bu kəlmə Müqəddəs Kitabda istilahi mənada deyil, əksinə lüğəvi mənada işlənmişdir.
Bildiyiniz kimi ərəb dili dünyada ən zəngin dil olduğu üçün bəzi kəlmələrin onlarla mənası vardır. Bu cəhətdən də “möcüzə” kəlməsi “əcz” yəni “acizlik” kökündən alınmış və lüğətdə bir neçə mənada işlənmişdir. O cümlədən;
1) Hər hansı bir şeydən geridə qalmaq. (Mufrədat, Rağib İsfahani)
2) Bir şeyi əldən vermək. (Misbahulluğəti və əqrəbul məvarid, Fyumi)
3) Başqasında zəiflik tapmaq. (Misbahulluğəti və əqrəbul məvarid, Fyumi)
4) Zəiflik və ya acizlik. (Mufrədat, Rağib İsfahani, c.2, səh.552. Məşhur lüğət alimlərinin əksəriyyəti bu mənaya üstünlük vermişlər.
Möcüzənin istilahi mənası haqqında isə İslam alimləri müxtəlif təriflər söyləmişlər. Yaxşı olar ki, İmam Sadiqin (ələyhimussalam) mübarək dilindən buyurulmuş bir hədisə diqqət yetirək: “Möcüzə - İlahi bir əlamət (nişanə)-dir ki, onu Öz Nəbilərindən (Peyğəmbərlər), Rəsullarından (Elçilər) və Höccətlərindən (İmamlar) başqa heç kimə əta etmir. Bu ona görədir ki, doğru danışanların doğruluğu, yalançıların isə yalanı üzə çıxıb aşkar olsun.”
Həzrətin bu tərifindən İmamların (ələyhimussalam) da möcüzə göstərməsi açıq-aydın məlum olur.
Doktor Məhəmmədəli Rzayi İsfahani möcüzənin şərtlərini belə açıqlayır:
1) “Xariquladə” olsun, yəni təbiətin adi qanunları ilə ziddiyyət daşısın.
2) İlahi məqama (peyğəmbərlik ya imamət) təyin olunmuş şəxs ona mənsəb verildiyini iddia etdikdən sonra möcüzəni hayata keçirsin.
3) İddiaçı gərək müqabilində olan şəxsi mübarizəyə çağırsın. Belə ki, onu özü kimi möcüzə gətirməyə dəvət etsin.
4) İddiaçı məğlub olmasın və qarşı tərəf onun kimi möcüzə gətirməkdə aciz qalsın.
5) Möcüzə - mümkün olan işləri isbat etmək üçün həyata keçirilsin. Deməli, möcüzə əqli və nəqli dəlillərə əsasən məhal olan bir işi isbat etmək üçün ola bilməz. Məs: Allahlıq iddiası və ya sonuncu İslam Peyğəmbərindən sonra peyğəmbərlik iddisı və s.
6) Möcüzə - şərr işlər və başqalarına zərər yetirmək üçün olmamalıdır, çünki bu işlər möcüzənin əsl hədəfi ilə uyğun gəlmir.
7) Möcüzə - iddiaçının doğruluğuna şəhadət etməlidir.Yəni iddiaçı qərar olunmuş möcüzəni həyata keçirməlidir, nəinki başqasını. (Quranın elmi möcüzələri, c.1, səh.62).
Bəzi müsəlmanlar İmamlardan (ələyhimussalam) baş verən “xariquladə” və ya başqa sözlə desək, “qeyri təbii bir əməl”i möcüzə yox, kəramət adlandırırlar. Lakin əvvəldə qeyd olunan İmam Sadiqin (ələyhissalam) buyurduğu hədisə əsasən möcüzə İmamlara (ələyhimussalam) da şamil edilir. Onlar həm möcüzə, həm də kəramət sahibidirlər. Bəzən İmamın (ələyhissalam) Öz imamətini başqalarına isbat etməsi üçün möcüzə göstərməsi zəruridir. Deməli, bu cəhətdən Onun bu əməli (imamət məqamını isbat etməsi) möcüzə adlanır. İstər peyğəmbərlik, istərsə də imamət məqamı Allah-təala tərəfindən məxsus şəxslərə əta olunan uca məqamlardır. Başlıca səbəbi isə insanların doğru yola hidayət olmasıdır. Bütün Peyğəmbərlər (ələyhimussalam) öz məqamlarını isbat etmək üçün möcüzə göstərirdilər. Əgər insanlara möcüzə nişan verilməsəydi, onda heç kim Onların buyuruqlarına əhəmiyyət verməz və inanmazdılar. Eləcə də imamət məqamının isbatı üçün İmamlar (ələyhimussalam) da bəzən möcüzə göstərir və insanları hidayət edirdilər. Deməli, Onlar (ələyhimussalam) Peyğəmbərlər (ələyhimussalam) kimi həm möcüzə, həm də kəramət sahibidirlər.
Kəramət isə İlahi bir mənsəb deyildir. Bu cəhətdən də kəramət həm İmamdan (ələyhimussalam), həm də mömin, təqvalı və muxlis bəndələrdən baş verə bilir. Məsələn, Asəfin (Nəml surəsinin 38-40-cı ayələrinə müraciət edə bilərsiniz) bir göz qırpımında Bilqeysin taxtını Süleyman Peyğəmbərin (ələyhissalam) hüzuruna gətirməsi, həzrəti Məryəmin (ələyhəssalam) Cənnət meyvələrindən yeməsi (Məryəm surəsinin 16 və sonrakı ayələrinə müraciət edə bilərsiniz) və ya Hürrün (Kərbəla şəhidi) qəbrdəki cəsədinin çürüməməsi, yaxud da Mir Möhsin ağadan baş verən bəzi hadisələr onların kəramətinə bir sübutdur.
Möcüzə ilə kəramətin üç əsas mühüm fərqini qeyd etmək istərdik:
1) Möcüzədə qarşı tərəf mübarizəyə dəvət edilir, lakin kəramətdə isə bu mübarizə yoxdur. Məsələn, İmam Rzaya (ələyhissalam) təvəssül olub Onun mübarək məzarını ziyarət edən bir korun gözlərinin açılması İmamın (ələyhissalam) kəramətinə, lakin Onun öz imamət məqamını isbat etmək üçün nişan verdiyi hər hansı bir xariquladə əməl isə Həzrətin möcüzəsinə işarədir.
2) Möcüzə sahibi peyğəmbərlik və ya imamət məqamı iddiasında olur, lakin kəramət sahibi heç bir iddia etmir.
3) Möcüzə - Allah tərəfindən İlahi mənsəbə (peyğəmbərlik və ya imamət) layiq görülmüş şəxsdən baş verir, lakin kəramət isə Allahın razı olduğu bəndələrindən və ya övliyalarından baş verir.
Məlum olduğu kimi hər hadisənin səbəb və ya səbəbləri vardır. Tarıx boyu baş vermiş möcüzə və kəramətlərin səbəblərindən biri də budur ki, müsəlmanlar bunları eşidib-görməklə imanları daha da güclənsin, həmçinin haqqla batil biri-birindən seçilib həqiqət axtaranları “siratul-mustəqim”-ə (doğru yol ) hidayət etsin.
İlahi! 14 Məsumun (ələyhimussalam) xatirinə, bizi doğru yola hidayət et, əxlaqımızı gözəlləşdir, elmimizi artır və bizləri əməli salehlərdən qərar ver. Amin, ya Rəbbəl aləmin.
5467 dəfə baxılıb
در حال ارسال اطلاعات...