Şrift ölçüsü:
A+
A
A-
16 Mart 2018

Həqiqi uğura çatmağın açarları

Allaha həmd olsun ki, bizlərə böyük bir həyat neməti verib və bu həyat nemətinin içərisində Ona bəndəlik yolunu tanıtdırıb. Allahdan istəyimiz budur ki, bizlərə Ona bəndəlik yolunda addım atmağı, hərəkət etməyi nəsib etsin.

Materialistik uğurla həqiqi uğurun fərqi
İnsan həyatının əsas mövzularından biri - Allah hüzurunda üzüağ olması üçün nə etməlisi ilə bağlıdır. Müasir dünyada ən çox istifadə olunan sözlərdən biri - uğurdur. Qısa formada kiməsə qiymət vermək istəyəndə, kiməsə öz vəziyyətini, durumunu dəyərləndirərkən bu sözdən istifadə edir ki, həyatı uğurludur və yaxud uğursuzdur.

Uğur sözündən müasir dövrümüzdə çox istifadə olunur. Dolayısı ilə bu gün dünyagörüşlərinə, dünyaya baxışlarına görə hər məktəb özünün uğurla bağlı düşüncələrini təqdim edir. Təəssüflər olsun ki, mövcud olan təlim-tərbiyə sistemi uğurun nədən ibarət olmasının təqdimatını İlahi eynəklə çatdırmır.

Təəssüflər olsun ki, gün ərzində, yaşadığımız toplumun içərisində aldığımız qıcıq və təhriklər də daha çox materialistik uğur düşüncə tərzinin məhsuludur. Özümüzlə də bağlı olmasa, övladlarımızla, nəvələrimizlə bağlı istəyirik ki, onlar bu qəbul olunmuş materialistik uğur anlayışının çərçivəsində inkişaf etsilər.

Bu özü əslində ən böyük fəlakətlərdəndir. Deyə bilərik ki, bir çox ailələrdə uşağın üç-dörd yaşından başlayaraq, onun mənəvi kimliyindən daha çox, onun təhsili, sabah nə olacağı, hansı ixtisasa yiyələnəcəyi onun valideynlərini düşündürür.

Bu, müasir dövrün gerçəkliyidir. Mühitin də qəbul etdiyi və diktə etdiyi bir məsələdir. Təəssüflər olsun ki, insan bu məsələlərdə axına düşüb və gedir.

Bəs İslamın nəzərində həqiqi uğur nədir və həqiqi uğura çatmağın açarları hansılardır? Uğurun bizim ağlımıza gəlməyən açarları var. Onlar haqqında danışılmaz, adətən onlar heç xatırlanmaz. Danışılanda da, deyilər ki, onlar öz yerində, amma əsas başqa məsələlərdir. Necə ki, namaz qılmayan insan yaxşı adam olmaq haqqında danışarkən, ona namaz qılmağın yaxşı adamın xüsusiyyəti olduğunu deyəndə, cavabında deyər ki, bu da öz yerində, amma mövzu başqadır, eləcə də, uğurla bağlı danışılanda bəzi fundamental mövzular ikinci dərəcəli məsələlər kimi qəbul edilir.

Bəzən biz özümüz də heç fərqinə varmadan maddi, materialistik dünyagörüşünün, bizə sırınan, İlahi platforma üzərində olmayan başqa dünyagörüşlərinin məhsulları, təqdim etdikləri ilə yaşamış oluruq.

İslamda uğura çatmağın açarları
İslamda insanın uğura çatması üçün bir neçə mühüm mövzu, açar mövzular var. Bunlardan birincisi və ən önəmlisi - İlahi tövfiq, Allahın inayətidir. İslamın nəzərində, inancımızın, məktəbimizin nəzərində insan uğura çatmaq istəyirsə, həyatının Allah istəyən kimi uğurlu olmasına çalışırsa - İlahi inayət olmasa, bu, mümkün deyil.

Bu mənada bizlər Həzrət Əmirəlmöminindən (ə) olan buyuruşa diqqət edəndə, bir çox məsələlər bizim üçün aydın olur. Həzrət Əli (ə) buyurur: “Tövfiq ilə birgə olmayan çalışma fayda verməz”.

İnsan bütün resurslarını səfərbər edə, amma Allahın inayəti olmasa, onun uğuru Allah istədiyi kimi uğur olmayacaq. Deməli, uğura çatmağın mühüm amillərindən, biri Allahın tövfiqatı, inayətidir.

Uğurun ilk açarı - İlahi tövfiqat
Uğura çatmaq üçün İlahi inayətə nail olmaq, onu qazanmaq da sözsüz ki, böyük bir əziyyət və zəhmət istəyir. İmam Rza (ə) buyurur: “O kəs ki, Allahdan tövfiq istəyə, lakin çalışmaya və səy göstərməyə özünü məsxərə etmişdir”.

Yəni İlahi tövfiqatı, inayəti əldə etməyin yolu - insanın özünün çalışmasından və səy göstərməsindən keçir. Deyə bilərik ki, hər hansı bir mövzuda nəticəyə çatmaq üçün insan həm özü səy göstərməlidir, həm də Allahın tövfiqatını istəməlidir. Biz bir işlərə başlayanda, bir iş görəndə bu zaman əgər işlərimiz dalana dirənirsə, müxtəlif məsələlərdə İlahi inayət məsələsini çox ciddiyə alırıq.

Bəzən nəzəri olaraq, ruhən ciddiyə almasaq da, söz olaraq anlayırıq ki, insana gərək Allah inayət etsin.

Əgər bizlər hər hansı bir işimizi Allahın inayəti olaraq görsək, işimizin onunla uyğunluğunu əldə etmək istəyərik. Əgər gördüyümüzün işlərin Allahın inayəti ilə baş tutduğunu bilsək, baxarıq ki, həmin işlərimizin İlahi rəngi olsun. Ola bilər ki, bizlər müəyyən zahiri uğurlara, müvəffəqiyyətlərə çataq, ola bilər ki, bütün dünya bizə əl çalsın, hamı bizə bəh-bəh desin, amma səmimi qəlblə insan özü ilə Allah arasında hesab-kitab eləsə ki, mənim həyatım Allah bəyənən uğurdur ya yox - onda vəziyyətini dərk etmiş olar.

Biz bilməliyik ki, uğura çatmağın mühüm açarlarından biri - İlahi tövfiqatdır. İlahi tövfiqatın təzahürü isə bundadır ki, o iş ki, biz görürük, o çalışma ki, biz gündəlik həyata keçiririk - İlahi rənglə uyğun olmalıdır. Əgər gördüyümüz işlər İlahi rənglə həmahəngdirsə, deməli gördüyümüz işlərdə İlahi tövfiq var.

Təqvalılıq və dindarlıq - uğurlu həyatın mühüm amili
Uğura çatmağın ikinci çox mühüm açarı - təqva, tədəyyün və dindarlıqdır. O ki deyirdik İslamın nəzərində uğura çatmağın bəzi açarları var ki, biz heç ağlımıza gətirmirik, onlar haqqında düşünmürük, onlara heç açar kimi baxmırıq - onlardan biri məhz bu amildir. İslamın nəzərində əgər insan Allah bəyənən uğura çatmaq istəyirsə, gərək təqvalı və mütədəyyin olsun. Əgər təqvalı, dindar olmasa, onun çatdığı zahiri uğur - həqiqi uğur deyil. Bir kəs əgər namazlarını vaxtında qılmırsa, deməli, onun işləri qaydasında deyil. Əgər insan vacibatlarını həyata keçirə bilmirsə, halallara, haramlara riayət etmirsə - onun çatdığı zahiri uğur həqiqi uğur deyil.

İnancımızın nəzərində uğura çatmağın ciddi açarlarından biri təqvadır. Təqva və tədəyyün nəinki insanın uğura çatmasına mane olmur, əksinə uğura çatmağın önəmli açarıdır. İnsan imanlı olsa və bu mövzuya etiqadı olsa, həyatı dəyişər. İmam Əli (ə) buyurur: “Bəs o kəs ki, təqvanı seçər - çətinliklər yaxınlaşandan sonra ondan uzaqlaşar, işlər acılıqdan sonra onun üçün şirinləşər, problemlər yığılandan sonra aradan gedər, müşküllər onu yorandan sonra onun üçün asanlaşar, əldən getmiş böyüklüyü yağışın damcıları kimi yenidən ona enər, götürülmüş rəhmət yenidən onun üzərinə qaytarılar, əldən getmiş İlahi nemətlər onun üçün yenidən qaynayar, azalmış bərəkət onun üçün yenidən artırılar”.

Çox diqqət olunmalı bir mövzudur. Əziz İmamın (ə) buyuruşundan başa düşülür ki, təqvalılıq, Allaha bəndəlik nəinki uğura çatmağa mane olmur, əksinə bütün çətinliklərin aradan getməsinə yol açır. Əgər bir kəs təqvanı seçərsə, məhz bundan sonra çətinliklər ondan uzaqlaşar, işlər şirinləşməyə başlayar, yığılmış problemlər aradan gedər, təqvalı olduqdan sonra onu yormuş müşküllər asanlaşmağa başlayar, əldən getmiş böyüklüyü damcı-damcı yenidən ona enər, götürülmüş rəhmət yenidən onun üzərinə qayıdar.

İnsan təqvadan uzaqlaşandan sonra İlahi rəhmətdən məhrum olar, nemətləri əldən verər, həyatının bərəkəti itər. Amma təqvalı olandan sonra Allahın ona lütfü olar, götürülmüş rəhmət yenidən ona qaytarılar, nemətlər yenidən onun üçün qaynayar, azalmış bərəkət onun üçün yenidən artırılar.

Həqiqi praqmatiklik zatən təqvalı olmağı birmənalı diktə edir.

Bəzən insan həqiqi uğurdan zahiri uğura yuvarlanar
Bəzən insan elə zənn edir ki, həyatında hər şey yaxşıdır, dinində-imanındadır, həyatını da öz axarı ilə yaşayır. Amma diqqət edəndə görürsən ki, vaxt var idi insan azan səsi eşidəndə kövrəlirdi, indi həyatında hər şeyi var, amma azan səsi eşidəndə ən yaxşı halda sadəcə namazı durub qılmaq lazım olduğunu düşünə bilir. Artıq azan onun qəlbində bir aramlıq, bir kövrəklik yaratmır.

İnsan bir “Təvəssül” duası eşidən zaman dərhal halı dəyişirdi, indi yüzlərlə dua, münacat eşidir, heç ruhu da tərpənmir. İnsan üçün bundan daha böyük müşkül, problem ola bilməz. İnsan əvvəl ziyarətə gedirdi, artıq qapıdan girəndə halı dəyişirdi, indi gedir, uzun müddət də hərəmdə qalır, halında az dəyişiklik olur.

Bunlar hamısı bizim həqiqi uğurdan uzaqlaşmağımızın göstəriciləridir. Təəssüflər olsun ki, bizlər uğurun gerçək mahiyyətini lazımi kimi araşdırmamışıq. İnancımıza görə, həqiqi uğurun öz açarları var. Bu açarların başında isə İlahi tövfiqat dayanır. Əgər İlahi inayət olmasa, insan nə qədər çalışsa da, uğura çata bilməz.

Bəzən hətta dindarlar da belə, materialistik uğurları özü üçün böyük uğur hesab edir. Nə çox dindən uzaq olan insan ki, bu zahiri uğurların qat-qat daha yüksəyinə çatıb. Amma, dinimizin nəzərində bu zahiri uğurların heç bir dəyər yükü yoxdur. İmanlı insan anlayır ki, bu, əslində bir uğur deyil.

Bir var insanın fiziki ürəyi, bir də var insanın qəlbi. Ola bilər ki, insanın ürəyi fiziki cəhətdən tam sağlam olsun, amma qəlbini qəsavət bassın. Ola bilər ki, insanın bütün həyatı zahiri uğur parametrlərinə cavab versin, amma həmin uğurun ruhu olmasın.

Zahirən ailənin bütün maddi məsələri qaydasında ola bilər, amma o ailədə İlahi ab-hava, səfa, səmimiyyət, nuraniyyət, mehribanlıq yoxdursa - o ailə uğurlu ailə hesab oluna bilməz.

Həyatımızın həqiqi uğurlu olub-olmadığını necə müəyyən edək?
Əgər həyatımızın həqiqi uğurlu olub-olmadığını müəyyən etmək istəyiriksə, gərək onun amillərini həyatımızda axtaraq. Gərək diqqət edək ki, həyatımızda İlahi inayət varmı?

Həyatımızda, işlərimizdə İlahi inayətin olub-olmadığını ayırd etmək üçün də işlərimizin nə qədər İlahi rəngə boyandığına diqqət etməyimiz kifayət edər. Əgər bütün gördüyümüz işlər İlahi rəngə boyanıbsa, demək ki, İlahi inayət var və bu, bizi həqiqi uğura çatdıra bilər. Ailənin uğurlu olub-olmadığını bilmək istəyiriksə, baxaq ki, ailə birlikdə bir camaat namazı qılır, birlikdə ziyarətə gedir, birlikdə əllərini Allaha doğru uzadırmı?

Bunlar obyektiv parametrlərdir. İnsanın özünün, onun ətrafının mənəvi durumu müəyyən edir ki, o, İlahi inayətə nə qədər uyğundur, İlahi tövfiqar onu nə dərəcədə əhatə edib. Və bu, onun həqiqi uğura çatmasını bəlli edir.

Allahım, bizlərə həqiqi uğura çatmağı nəsib et!

Allahım, həqiqi uğurun açarlarını həyatımızda tətbiq etməyi nəsib et!

Allahım, Öz inayətini həyatımızda əsirgəmə! Amin!
5019 dəfə baxılıb
در حال ارسال اطلاعات...