Şrift ölçüsü:
A+
A
A-
25 Ocak 2019

İblisin (lən) insana təsir mexanizmləri

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə yaşama, mövcud olma, dərk etmə, anlama imkanları nəsib edib. Allahdan istəyimiz budur ki, bütün bu nemətləri tanıyıb, şükrünü yerinə yetirməyi bizlərə nəsib etsin!

Bəhsimiz bizim imanımızın diri qalmasına mane olan amillərlə bağlıdır. İmanımızın diri olmasına mane olan üç amil sadaladıq: həvayi-nəfs, dünyaya vurğunluq və şeytanın (lən) vəsvəsələri.

Bugünkü bəhsimizdə üçüncü amil - şeytanın (lən) vəsvəsələri barədə danışacayıq. Bizim ən böyük müşkülümüz odur ki, biz bir tərəfdən qəflətdəyik, bir tərəfdən də şeytanı (lən) və onun təsirlərini lazımi qədər tanımırıq. Şeytanı (lən) Allah Təala Qurani-Kərimdə şərin, mənfiliyin simvolu kimi təqdim edir. Şeytanın (lən) özünün öz iradəsi ilə seçdiyi və ən mənfur surətdə həyata keçirdiyi missiyasını da Rəbbimiz bizə aydın surətdə təqdim edir.

Allah Təala şeytanı (lən) belə tanıdır

Qurani-Kərimin “Mücadilə” surəsinin on doqquzuncu ayəsində Allah Təala bizləri bir neçə mühüm həqiqətlə tanış edir. Ayədə buyururlur: “Şeytan onlara hakim olub, Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Agah ol ki, şeytan firqəsi həmin ziyankarlardır”.

Ayədən belə başa düşülür ki, insanın imanı zəifləyən vaxt, şeytan (lən) insana hakim ola bilər. Bu da özünü onda göstərir ki, insan Allahı xatırlamağı unudur. Ümumi aqibət isə bu olur ki, insan Allahı xatırlamağı unudanda, şeytanın (lən) firqəsinə çevrilir və bu kəslər həqiqi ziyankarlardır.

Həzrət Əli (ə) şeytana (lən) uyanları belə məzəmmət edir

Ayəyə diqqət etdikdə görürük ki, buradan bir neçə dərsi çıxarmaq olar. Biri budur ki, hər bir insan, hər bir namaz qılan, hər bir müsəlman bu müsibətlə üzləşə bilər. Allahı yad edən insana şeytan (lən) hakim olduqda, ona təsir edir, vəsvəsə edir və onu Allahı yad etməkdən uzaqlaşdırır. Həzrət Əli (ə) bu xüsusda buyurur: “Onlar şeytanı (lən) öz işlərinin meyarı etdilər və şeytan (lən) da onları öz tələsinə çevirdi. Beləliklə, onların qəlblərində yumurta saldı, ondan sonra cücə çıxartdı, tədricən ağıllarına nüfuz etdi, ondan sonra xətalara və büdrəmələrə düçar edir, ondan sonra batili onların gözlərində bəzəyir”.

Ayədə Həzrət Əlinin (ə) bu məzəmmətinin mahiyyəti açılır. Şeytan (lən) insana o zaman hakim olur ki, imanı zəifləsin. Bunun dərhal nəticəsi özünü onda göstərir ki, biz Allahı xatırlamağı unuduruq, Allah zikri bizim həyatımızdan yığışılır.

Gərək insan özü səmimi şəkildə oturub öz imanı ilə hesab-kitab etsin. Bəzən adam elə bir müsibət içərisində olar ki, günlərlə Allah yadına düşməz. Namaz da qılar, oruc da tutar - amma bunlar hamısı texniki prosesə çevrilər, namazı nə üçün qıldığını unudar. Çünki, namazın da, duanın da, digər ibadətlərin də hədəfi budur ki, bizlər Allahı xatırlamış olaq, Allahın nemətlərini xatırlayaq və nemətlərinə şükür etmiş olaq.

Yoxsa ki, texniki halda həyata keçirilən ibadətdən şeytanın (lən) özündə də var idi. Şeytan (lən) altı min il ibadət etmişdi, hətta bəzi təfsirçilərin rəyinə görə, bizim başa düşdüyümüz min il qədər deyil, daha çox. Amma şeytanın (lən) bəsirəti yox idi. Şeytan (lən) ibadətin niyəliyini, ibadətin hədəfini unutmuşdu. Bu gün bir çoxlarının müsibəti budur ki, ibadəti hüquqi, əhkami, vacibat səviyyəsində anlayıb yaşayır, amma niyəliyi, nə üçünlüyü yaddan çıxıb.

İslamın prinsiplərinin, qaydalarının bir hüquqi tərəfi, bir əxlaqi tərəfi var. Misal üçün, bir ailənin quruluşunda mehriyyə - mühüm mövzulardandır. Bu, bir hüquqi mövzudur, xanımın haqqı var ki, istədiyi qədər mehriyyə təyin etsin. İslamın hədəfi xanımın mehriyyəsini çoxaltmaq deyil. Bunun yanında İslamın ikinci cəhəti var. Xanım bilməlidir ki, bu mehriyyəni nə üçün təyin edir, təyin etməkdə hədəfi nədir. Bunu bilmək mehriyyəni əxlaqi əhkama çevirir.

Şeytan (lən) və iblis (lən) fenomeni

Qurani-Kərimdə şeytan (lən) - mənfiliyin, şərin simvolu olaraq tanıtdırılır. Şeytanın (lən) iblislə (lən) fərqi var. İblis (lən) - cindir, konkret varlıqdır və bu varlıq illərlə o qədər ibadət edib ki, mələklər onu özününkü bilirdilər. Eyni zamanda mələklər onu özlərinin namazlarının önünə də qoymuşdular. Hətta yaddan çıxmışdı ki, iblis (lən) cinlərdəndir. İbadətdə hamıdan öndə olması onun mələk deyil, cin olmasını da mələklərə unutdurmuşdu. İblisin (lən) bu ibadəti iradə ilə etməsinə baxmayaraq, bu işdə ibadətdə ən üstün olan mələklərlə yarışa da girə bilmişdi.

Amma bir gün gəldi ki, sınağı oldu. O sınaq vaxtı müəyyənləşiləcəkdi ki, bunu öz eqosu üçün edirdi və ya Allah üçün edirdi. Bu imtahanını o, verə bilmədi. Təfsirlərdə gəlir ki, əgər iblis (lən) bu imtahanını versəydi, başqa bir varlıqlar bu cür imtahanlara çəkilə bilərdilər. Əgər iblis (lən) imtahanını vermiş olsaydı, görəsən insanın vəziyyəti necə olacaqdı?

İnsan yenə də seçimli varlıq olacaqdı, yenə də seçimlərinə görə cavabdehliyi olacaqdı. Mövzu budur ki, iblis (lən) öz imtahanında büdrədi. Büdrəyəndən sonra etdiyi ibadətlərin müqabilində Allahdan bir şeylər istədi. Allahdan istədi ki, Onun bəndələrini Allaha yaxınlaşdıran yollarda maneələr yaratsın, onları bu yoldan uzaqlaşdırsın. Yəni bir şans istədi.

Şeytanın (lən) işi nədən ibarətdir

Şeytan (lən) nə iş görür? Şeytan (lən) yaxınlaşdırır, gözəlləşdirir, katalizə edir. Onun işi budur. İnsan üçün seçimləri, imtahanları şeytan (lən) yaratmır. İnsan varlıq olaraq imtahanlı, seçimli varlıqdır. Amma, əgər insanın on seçimi var idisə, şeytan (lən) bunu yüzə qaldırır. Əgər uzaqdadırsa, bunu yaxınlaşdırır.

Şeytan (lən) dedikdə, iblisdən (lən) fərqli olaraq həm insanların mənfiləri, həm də cinlərin mənfiləri nəzərdə tutulur. Şeytan (lən) anlayışı daha böyükdür. İblis (lən) - sadəcə olaraq şeytanın (lən) bir təzahürüdür. Necə ki, Həzrət Adəm (ə) insanın bir xüsusi nümunəsidir, iblis (lən) də şeytan (lən) sifətinin bir konkret nümunəsidir. Amma, şeytanlıq (lən) sifəti geniş anlamdır. Tək Həzrət Adəmə (lən) təsir edən varlıq deyil şeytan (lən).

Qiyamətdə cəhənnəmə gedənlərə şeytan (lən) nə deyəcək?

Şeytan (lən) bu qədər vəsvəsələri müqabilində Qiyamətdə insana nə deyəcək? Qurani-Kərimin “İbrahim” surəsinin iyirmi ikinci ayəsində bu mənzərə belə çatdırılır: “(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: "Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi).

Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən, bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır".

Ayədən belə anlaşılır ki, Qiyamət günü cəhənnəm əzabına düçar olanların ilk işi bu olacaq ki, şeytanı (lən) danlamağa başlayacaqlar. Şeytan (lən) isə cavabında onlara deyəcək ki, məni danlamaq lazım deyil. Deyəcək ki, mənim işim, sadəcə olaraq, insanları öz yoluma dəvət etmək olub və onlar öz xoşları ilə bu yola gəliblər. Buna görə də şeytan (lən) onlara özlərini danlamalı olduqlarını bildirəcək.

Qiyamət günü hər şeyin həqiqəti üzə çıxacaq. Şeytan (lən) bəyan edəcək ki, onun insanlara heç bir hökmranlıq imkanları olmayıb, yalnız dəvət etmək imkanı olub. İnsanlar öz iradəsi ilə seçimlər edib, dəvəti qəbul edib.

Şeytanın (lən) insan üzərində heç bir avtonom hökmranlığı yoxdur

Ayədən çıxan digər bir nöqtə budur ki, şeytan (lən) insanlara heç bir dəlil, heç bir sübut gətirmədən onları dəvət etdiyini və insanların da bu dəvəti kor-koranə qəbul etdiyini bəyan edəcək. Ayədə gələn “sultan” sözünün iki təfsiri çaları var. Biri budur ki, şeytan deyər, “mənin sizin üzərinizdə heç bir hökmranlığım yox idi”. Bir mənası da budur ki, şeytan (lən) heç bir dəlil, heç bir sübut gətirmədən dəvət etdiyini açıqlayar.

Deməli, bir məna budur ki, insanları məcbur etməyə heç bir imkanı olmayıb, digər anlamı isə budur ki, insanlara heç bir dəlil, sübut təqdim etməyib. Proses bu cür baş tutur ki, insanın həvayi-nəfsi işə düşür, şeytan (lən) orada toxum əkməyə başlayır. Həvayi-nəfs işə düşməsə, şeytan (lən) üçün vəsvəsə etməyə meydan olmaz.

Misal üçün, insan müəyyən məsələdə birinci olmaq istəyir. Bu istəyi meydana gələndən sonra, şeytan (lən) vəsvəsələrlə orada yumurta qoymağa başlayar. Deyər ki, “səndən yoxdur, sən həqiqətən birinciliyə ən layiq kəssən”. Tədricən vəsvəsələr edir və nəticədə insan batil olan bir şeyi də gözəl görməyə başlayar. Əgər kökündə insan istəməsəydi, şeytan (lən) orada bir iş görə bilməzdi.

Bir insanın əgər hər hansı mənfi istəyi, təsəvvürü olmasa, şeytanın (lən) ona təsir etmək imkanı olmaz. Misal üçün, bir adamın gərək mənfi bir yerə getməyə marağı olsun ki, şeytan (lən) da onu həmin yerə getməyə təhrik etsin. Günahın ilkin müqəddimə təsəvvürünü, əsasını yaradan - insanın özüdür. Ona görə də biz öz istəklərimizə, müqəddimələrimizə diqqət etməliyik. Günahlar - müqəddimələrin nəticəsidir. Onlar da mənasız işlərdə, səmərəsiz işlərdə, ləvhü-ləbdə meydana gəlir. Elə ki, insan səmərəsiz, mənasız işlərdə vaxt keçirdir, qəflət ona hakim olur, digər işlər üçün də müqəddimələr yaranır.

Şeytanın (lən) dəvəti insanın ixtiyarını və iradəviliyini aradan aparmır. İnsan öz seçiminə məsuldur, cavabdehdir. Şeytanın (lən) işi sadəcə olaraq göstərmək, dəvət etməkdir, məcbur etmək deyil. Qiyamət günü də şeytan (lən) bunu bəyan edəcək. Hətta lənətlik, bu cür insanları, düşdükləri vəziyyətə görə özlərini qınamalı olduqlarını bildirəcək. Bəyan edəcək ki, o sadəcə göstərdi, seçimi isə insan öz şəxsi iradəsi ilə etdi.

Elə bu mövzuları xatırlamağın özü bir fürsət yaradır ki, bizlər qəflətdən ayılaq. Bir də görürsən insan təfəkkür edir, nələrisə fikirləşir, şeytan (lən) pusquda durub ki, o fikirlərdə, o ürəkdən keçən istəklərdə boşluq tapan kimi, ora toxumlarını atsın. Hiss etsə ki, beyində artıq cürbəcür münbit şəraitlər var, oraya yumurtalarını qoyur. İmam Əlinin (ə) hədisindən də belə başa düşülür ki, şeytan (lən) yumurtalarını qoyduğu yerdə çox zaman nəticə alır.

Allahım, bizləri şeytanın (lən) vəsvəsələrindən uzaq et!

Allahım, seçimlərimiz zamanı Sənin bəyəndiyin seçimləri etməyi bizə nəsib et!

Allahım, bizim qəlbimizi, zehnimizi şeytanın (lən) nüfuz etməsi üçün münbit yer olmaqdan qoru! Amin!
4003 dəfə baxılıb
در حال ارسال اطلاعات...