Şrift ölçüsü:
A+
A
A-
05 Ekim 2019

Fürsətçilik zehniyyətinə qarşı əməli müqavimət məktəbi

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-Səfər əyyamını yaşamaqdayıq. Allaha sonsuz həmd və sənalar olsun ki, bizlərə bu əyyamda əzadar olmaq lütfünü nəsib edir. Allahdan istəyimiz budur ki, bizlərə bu əyyamdan tövbəli halda, bağışlanmış halda çıxmağı nəsib etsin.

Ötən bəhslərimizdə Kərbəlada baş verənlərlə bağlı bir neçə təhlili mövzuya toxunmaq nəsibimiz olub. Ümumiyyətlə, kufəlilərin İmam Hüseyni (ə) dəvət etməsi və sonra bu dəvətlərini, bu əhd-peymanlarını sındırmaları və ümumən Kufədə baş verənlərin seçmə insanların yanlış davranışlarının nəticəsi olması barədə, bunların hansı ağır müsibətlər gətirməsi barədə danışmışıq.

Müslim ibni Əql (r.ə), Hani (r.ə), Qeys ibni Müzhir (r.ə) kimi əzizlər haqqında geniş danışıldı. Digər tərəfdən Ubeydullah ibni Ziyad (lən), Husayn ibni Təmim (lən) və bu cür cinayətkarlar haqqında da toxunuldu.

Kərbəlanı dərk etmək üçün Bəni-Üməyyəni tanımaq gərəkir

Böyük İslam alimləri Kərbəla hadisəsini təhlil edərkən bu mövzuya toxunurlar ki, ilk olaraq Kərbəlada nə baş verdiyini anlamaq üçün gərək Əməvi sülaləsinin, Bəni-Üməyyə xərçənginin mahiyyəti ilə tanış olaq.

Kərbəla və Aşura məktəbi – İslamı öz halından çıxarmaq, mübarək dinin hətta adının da qalmayacağı həddə qədər onu dəyişmək və tam mənada ruhunu, hər cəhətini təhrif etmək niyyətində olan Bəni-Üməyyənin qarşısında bir qiyamdır. Ona görə də Bəni-Üməyyə cinayətlərinin kökündə, mahiyyətində duran mövzulara toxunmaq zəruridir.

Bəni-Üməyyənin yaşanma formulu – ancaq öz maraq və mənfəətləri

Məkkənin fəthinə qədər Bəni-Üməyyədən heç kəs, xüsusən də iki rəhbər şəxs – nə Müaviyyə (lən), nə də atası Əbu Süfyan (lən) hətta zahirdə də İslamı qəbul etmirdilər, kafir idilər. Yəni, deyə bilərik ki, bütün Məkkə dövrü, bütün Mədinə dövründə bu mərhələlərdə Bəni Üməyyənin nəinki hər hansısa bir müsbət rolu olub, əksinə – istər İslam təzə inkişaf edəndə, istər Mədinə dövründə İlahi vəhyin qarşısında duran və inad göstərən məhz bu nəsil olub.

Yalnız Məkkənin fəthindən sonra və yalnız maraqları üçün olanda, onlar məcburiyyət qarşısında zahirdə İslamı qəbul ediblər. Həzrət Əlinin (ə) bununla bağlı mübarək buyuruşda gəlir: “Onlar İslamı qəbul etmədilər, zahirdə müsəlman oldular”.

Sonra bütün mərhələlərində həmişə öz maraqlarını güddülər, maraqlarının ardınca oldular. Bəni-Səqifə cinayəti baş verən zaman hələ onlara aydın deyildi ki, vəziyyət necə inkişaf edəcək. Onların hesab-kitabına görə düşünürdülər ki, güc Həzrət Əlinin (ə) yanındadır. Buna görə də, onun yanına gəlib öz maraqları üçün bildirdilər ki, lazım olsa, haqqının bərpası üçün ayağa qalxmağa da hazırdırlar.

Ondan sonrakı dövrdə ilk fürsətdə onlar özlərinin yeni, özlərinə uyğun bir müsəlman zümrəsinin formalaşdırılmasına başladılar. Yeni müsəlman olmuşlar zümrəsi formalaşdırılmağa başlandı. Məkkə görməyən, Mədinə görməyən, Peyğəmbər (s) və onun pak Əhli-Beyti (ə) ilə praktiki olaraq tanış olmayan böyük bir zümrə formalaşdı. Onlar İslamı Bəni-Üməyyənin vasitəsilə, onların təqdimatı ilə qəbul ediblər. Belə bir zahiri müsəlman toplumu formalaşdırırlar.

Əgər biz müxtəlif vaxtlarda Bəni-Üməyyənin, Əməvi sülaləsinin davranışlarını anlamaq istəsək, bunun bir formulu var. Onlar hər zaman öz xeyir və mənafelərinin ardınca oldular. Bir gün xeyirləri Quranı nizəyə salmaq idi – bu simaya, bu rola daxil oldular. Bir gün Quranın təhrif olunması iddiasında çıxış etmək gərəkirdi – o rolu oynadılar. Bir gün hədis yazmağı qadağa etmək sərf edirdi, həqiqətlərin yazıya gəlib yayılması onlara lazım deyildi – o yolu tutdular. Özləri üçün yazmaq lazım olanda – təşviq yolunu, mükafatlandırma yolunu tutdular.

Yəni belə deyil ki, vəziyyət birdən-birə gəlib bu yerə çatdı ki, Həzrət Əlinin (ə) qətli baş versin, ondan sonra Həzrət İmam Həsənin (ə) bəlli məcburi sülhü meydana çıxsın, Həzrət İmam Hüseyn (ə) bəlli vəziyyətdə Mədinəni tərk edib Məkkəyə getməli olsun, Kufədə bəlli hadisələr baş verməli olsun.

Bütün bunların hamısını toparlayıb deyə bilərik ki, Aşura məktəbini, Kərbəlada baş verənləri tam dərk etmək üçün gərək Bəni-Üməyyənin mahiyyəti ilə, onun bütün mənfilikləri ilə dərindən tanış olaq.

“Mənim kimi birisi, yezid (lən) kimi birisinə tabe olmaz”

Belədə Həzrət İmam Hüseynin (ə) bu buyuruşunu anlamaq olur. İmam Hüseyn (ə) buyurur: “Mənim kimi birisi, Yezid (lən) kimi birisinə tabe olmaz”.

Mühüm bir mövzu budur ki, burada fərdi məsələ yoxdur. İmam Hüseyn (ə) demir ki, mən Yezidə (lən) beyət edə bilmərəm. Buyurur ki, mənim kimi birisi, onun kimi birisinə beyət edə bilməz. İmam Hüseyn (ə) kimi etiqada, düşüncəyə, imana, təqvaya malik olan, siratəl-müstəqim gedən, haqq yolda olan, haqq dində olan bir şəxs, İslamın ruhunu aradan aparmaq istəyən Yezid (lən) kimi birisinə tabe ola bilməz.

Əgər biz Aşura məktəbinin, Kərbəlanın davamlı yaşamasının səbəblərini axtarsaq, bu cümlədə də açar mövzular var. Hər bir fitrətinin səsinə qulaq asan insan, bu sözü qəbul edir ki, mömin, imanlı, təqvalı, Allahın buyurduğu dəyərlərlə yaşayan şəxs fasiq, dəyərlərdən uzaq, mənfiliklər yaşadan kəsə tabe ola bilməz.

Allahdan istəyimiz budur ki, bizlərə həyatımızda Hüseyni olmaq və İmam Hüseynin (ə) bu dəyərlərini əməli yaşatmaq ləyaqətini nəsib etsin.

İnsan üçün ən böyük fayda - əməlisaleh həyat yoldaşı

Burada aktual bir məsələdə haşiyə çıxaq. Hansı ki, mövzumuzla birbaşa əlaqəsi var. Həzrət İmam Rza (ə) buyurur: “Allah bəndələri üçün ən böyük fayda – saleh həyat yoldaşları olan xanımlara malik olmaqdır”. Yəni, Allah bəndəsi üçün, mömin bir kişi üçün həyatında ən böyük fayda budur ki, onun əməlisaleh həyat yoldaşı olsun.

Qurani-Kərim ailəni, həyat yoldaşları arasında münasibətləri – aramlıq yaradan, əmin-amanlıq yaradan, səmimi bir hüzur olan bir ab-havanın olması kimi qiymətləndirir. Ailənin mahiyyəti, fəlsəfəsi, canı budur ki, hər iki tərəfin səyi nəticəsində ailədə mənəvi hüzur, aramlıq olsun və bu baxımdan bir mömin insan üçün əməlisaleh həyat yoldaşı ən böyük xeyirdir.

Hər nə qədər ailədə xanım əməlisaleh olsa, evdə ana nə qədər əməlisaleh olsa, ailə o qədər aramlıq içərisində olar. Əksinə, hər nə qədər ailədə xanım imandan, təqvadan, İlahi dəyərlərdən uzaq olsa – o qədər ailədə təlatümlər baş verər.

Kərbəla qəhrəmanlarının həyat yoldaşları əməlisaleh idi

Kərbəla məktəbində xanımların da özünəməxsus yeri var. Kərbəla səhnəsində yer almış qəhrəmanları birləşdirən dəyərlər sırasında həm də əməlisaleh həyat yoldaşlarına malik olmaq da xüsusən sezilir. Kərbəlada şəhidləri arasında iki nurani şəxs – Həbib ibni Məzahir (r.ə) və Zuheyr (r.ə) də bu səadətə malik şəxslərdən olub.

Həbib ibni Məzahiri (r.ə) tarix təqva əhli kimi tanıdır. Qurani-Kərim hafizi idi. Pak və sadə yaşayışa meyilli idi. Tarix Həbibin (r.ə) Peyğəmbərimizin (s) səhabəsi və ya tabein olması barədə qəti söz demir. Az mənbələrdə səhabə olmasına işarə var. Daha çox mənbələrdə tabein kimi qeyd olunur. Amma, Həbib ibni Məzahirlə (r.ə) bağlı tarix birmənalı bəyan edir ki, Həzrət İmam Əlinin (ə), Həzrət İmam Həsənin (ə), Həzrət İmam Hüseynin (ə) sadiq səhabəsi və ardıcılı olur.

Tarix bunu da bəyan edir ki, Həzrət Əli (ə) zahiri xilafətə gəldikdən sonra Həzrətin (ə) yaratdığı, xüsusi missiyası olan bir əmniyyət dəstəsi olub. Onlar hər zaman silahlı olublar, hər zaman Həzrətlə (ə) olublar. Bəzi rəqəmlərə görə altı yüz nəfər olublar, bəzi rəqəmlərə görə Həzrət Əlinin (ə) şəhadətinə yaxın bir mərhələdə daha çox sayda olublar. Onların işi, missiyası, İslamın diri qalması üçün xüsusi missiyanı həyata keçirmək, fitnəni yatızdırmaq olub.

Həbib ibni Məzahirlə (r.ə) bağlı tarix deyir ki, bu xüsusi dəstənin də üzvü olub. Yəni, Həbib ibni Məzahir (r.ə) yetmiş beş yaşında Kərbəladakı qəhrəmanlığına qədər Həzrət Əlinin (ə) dövründə xüsusi bir təqvalı xidmətçilər dəstəsinin üzvü olub.

O nurani dəstədə kimlər olmayıb?! Miqdad (r.ə), Əmmar Yasir (r.ə), Cabir ibni Abdullah Ənsari (r.ə) o dəstədə olub...

Həbib ibni Məzahir (r.ə) Bəni-Əsəd qəbiləsindən idi və Müslüm (r.ə) Kufəyə gələn andan onun yanında olan şəxslərdən idi. Amma Kufənin halı dəyişən zaman Həbibin (r.ə) missiyası bu olur ki, Kufəni tərk etsin və İmam Hüseynə (ə) qoşulsun. Xüsusi şərtlər altında bunu həyata keçirdə bilir, Məhərrəm ayının yeddinci günü İmam Hüseynin (ə) mübarək karvanına qoşulur.

Əvvəldə dediyimiz kimi, saleh həyat yoldaşı həlledici məsələdir. Bəzən xanım imanlı olmaz – adamın evini yıxar, qoymaz kişi imanda qalsın. Bəzən isə bir əməlisaleh xanım həyat yoldaşının əsas dəstəkçisinə çevrilər. Həbib ibni Məzahirin (r.ə), Zuheyrin (r.ə) həyat yoldaşları kimi. Bir vəziyyətdir ki, Həbib (r.ə) İmam Hüseynə (ə) qoşulacağını bildirmir. Hətta ona məktub çatanda, zahirdə bunu təzahür etdirmir. Onun İmam Hüseynin (ə) məktubunu soyuq qarşılamasını görən xanımı, çox narahat olur. O həddə qədər xanımı Həbib ibni Məzahirə (r.ə) etiraz edir ki, Həbib (r.ə) sonda xanımını rahatladır ki, özü belə davranır ki, onun niyyəti bilinməsin. Nəhayətdə şəhadətə qədər gedib çatmış olur...

İnsanı keyfiyyətli edən həyat yoldaşı

Zuheyrin (r.ə) hekayəsi bir qədər fərqlidir. Zuheyr (r.ə) qətiyyən iddialı bir şəxs olmayıb. Nə məktub yazıb, nə imza atıb, nə yüksək-yüksək sözlər danışıb, nə şüar verib. Heç bir iddiası olmayıb. Amma keyfiyyətli adam olub. Keyfiyyətli adam olduğu üçün İmam Hüseyn (ə) onu dəvət etmiş olur.

O, Kufədən məktub göndərmir, həccə gedir. Məkkədən dönəndə Züheyr və yanındakıları qəribə bir vəziyyətlə qarşılaşırlar. Görürlər ki, İmam Hüseyn (ə) də öz mübarək karvanı ilə Kufəyə tərəf yoldadır.

Bir öhdəliyi də yoxdur, məktub yazmayıb, dəvət etməyib. Amma, İmam Hüseynin (ə) kim olduğunu bilir, amma nə edəcəyini hələ tam bilmir. Amma hələ qərarlaşmayıb.

Nəhayət belə bir vəziyyət yaranır ki, nisbətən yaxın məsafədə olan zaman onlar bir də xəbər tuturlar ki, İmam Hüseyn (ə) onları dəvət edir. Tərəddüd edərkən, fikirləşərkən yenə saleh həyat yoldaşı meydana çıxır. Xanımı bəyan edir ki, burada düşünməli bir məsələ yoxdur, aydın mövzu var: əgər İmam Hüseyn (ə) çağırırsa, getmək lazımdır.

Zuheyr (r.ə) gedir, ünsiyyət vaxtı artıq mövzular həll olur. Artıq geri dönən Zuheyr (r.ə), gedən Zuheyr (r.ə) deyil. Şad, xürrəm, axtardığı həqiqəti tapmış bir haldadır. Döndükdən sonra yanında olan hər kəsi yola salır. Bildirir ki, yalnız şəhidliyi qəbul etmək halında olanlar qalsın. Ondan düz Aşura günündə şəhidliyə qədər Zuheyrin (r.ə) davranışlarının bir izahı var: o, bilir nə edir, nə üçün edir və hər an şəhidliyi qəbul etməyə hazırdır...

Allahım, bizlərə bu mənəvi dərslərdən ibrətlər götürməyi nəsib et!

Allahım, müsəlman ailələrində bəyəndiyin mənəvi ab-havanın olmasını nəsib et!

Allahım, bizlərə Hüseynvari həyat əta et! Amin!
4258 dəfə baxılıb
در حال ارسال اطلاعات...