Bismilləhir-Rahmənir-Rahim!
Həmd olsun Allaha ki, bizlərə özümüz barədə, halımız, mənəvi durumumuz barədə düşünmək tofiqatını nəsib edib. Hər bir insanın düşünməli olduğu mövzulardan biri - yaşadığı həyatı və bu həyatın müvəqqəti olması və bir gün bu dünya ilə vidalaşması, əbədi, daimi, bu dünyadan daha üstün, daha xeyirli, daha imkanlı, daha davamlı dünyaya keçməsi mövzusudur.
Axirət evinin qapısı - ölüm
Həzrət Əli (ə) buyurur: “Hər bir evin, sarayın bir qapısı var və axirət evinin də qapısı - ölümdür”. Biz yaşadığımız bu həyatımızda əgər bu həqiqətdən qəflət etsək, əgər bu həqiqəti unutsaq ki, bura mühümdür, önəmlidir, həllecidir, amma bitəndir, yekunlaşandır, keçiddir - o halda bizim həyatımızın keyfiyyəti çox aşağı gələcək.
Bunun ən bariz nümunələrindən biri - Aşura müsibətidir. Məhz burada bu dünyanı müvəqqəti bilənlərlə axirəti unudanlar arasında fərq ən aydın formada təzahür tapmışdır. Biz deyə bilərik ki, Kərbəla hadisəsində üz-üzə gələn iki tərəfin bir tərəfində olanlar bu dünyanın nə olduğunu bilirlər, bu dünyanın önəmindən, həqiqətindən, mahiyyətindən xəbərdardırlar. Bununla yanaşı bilirlər ki, bu dünya sınaq yeri, imtahan yeri və ən nəhayət - əkin yeridir.
Onlar buna uyğun da yaşayırlar, həyatlarını tənzimləyirlər. Həzrət İmam Hüseynin (ə) karvanı, tərəfdarları bunu bilənlər idi.
Qarşı tərəfdə olanlar bundan qəflət ediblər. Bütün onları həmin səhraya gətirib çıxaran bəhanlərə diqqət etsək, nəhayətdə bu qənaətə gələ bilərik ki, Yezidin (lən) bütün tərəfdarlarını bir ümumi cəhət birləşdirirdi. Onlar axirəti unudublar, axirətdən qəflət ediblər, ölümün gerçək olduğu yadlarından çıxarıblar və yalnız buralıq işlərini görürlər. Onların yaşayışları, mövcudiyyətləri yalnlız bu dünya ilə bağlıdır. Əlbəttə ki, buralıq işləri də ən şərəfsiz, ən ağılsız formada realizəsini tapır. Onları səciyyələndirən xüsusiyyətlər - qəddarlıq, satqınlıq, xəyanət, qeyri-insani davranış, nakişilikdir. Bütün bunlar - hətta bu dünya həyatına da son dərəcədə dar baxışın acı nəticələridir. Yezid (lən) güruhunu fərqləndirən amil - şüursuz, nadan, cahil adamlar yığını, alçaq və pis bir niyyətlə birləşmiş adamlar dəstəsi olmalarıdır. Bunun da bazasında ölümü unutmaq, sorğu və əvəz dünyasının mövcudluğundan qəflət etmək mövzusu durur.
Ona görə də Həzrət Əli (ə) bizləri xəbərdar edir ki, hər bir sarayın qapısı var və axirət sarayının qapısı da ölümdür. Hər kəs buna diqqət etməlidir ki, bir gün buranı tərk edəcək, əbədi saraya tərəf yollanacaq və hər birimizin yekunu bundan keçir.
Mömin ölümü bu cür yaşayacaq
Mömin ölümü bir cür yaşayacaq, kafir, münafiq, fasiq başqa cür yaşayacaq. Mömin ölümə bir həqiqət kimi baxır, həyata bir İlahi nemət kimi yanaşır. O, Allah nə qədər ömür veribsə, ona uyğun əkin yeri kimi bu dünyanı axirət səfəri üçün istifadə edir.
Mömin fərqindədir ki, bir gün bu dünyanı tərk etməlidir. Buna hazırlığı var. Mömin bu dünyadan gedəndə sanki əynindəki geyilmiş, işlənmiş libasını çıxardır, əbədi həyata daxil olanda yeni libasını əyninə geyinmiş olur. Bunu Həzrət İmam Səccad (ə) öz nurani buyuruşunda belə bəyan edir: “Mömin üçün ölüm - bədəndən çirkli geyimi çıxartmaq və ağır zəncirləri açmaq, onun yerinə ən nəfis, ən dəyərli geyimləri, ən gözəl ətirlərlə geyinmək kimidir”.
Mömin ölümü ilə bu dünyadan qalma çirkli geyimləri əynindən çıxardır, onu bağlayan məsələlərdən qurtulur və onun əvəzinə ən nəfis, ən gözəl, ən ətirli geyimləri geyinir. Həzrət İmam Səccad (ə) möminin ölümünü belə vəsf edir ki, mömin öləndə iki proses gedir - sanki geyilmiş, istifadə edilmiş geyimini bədənindən çıxardır və gözəl, nəfis geyimlərini geyinir.
Söhbət o kəsdən gedir ki, bu dünya həyatını şərəfli, abırlı, ləyaqətli yaşadı və səfər geyimini, yol geyimini çıxartmaq zamanı gəlib çatdı. Bu libas yol gedən zamanı çirkləndi, bulaşdı, bu geyimi istifadə edildi, indi onu bədəndən çıxartmaq vaxtı gəlib çatıb. Ölüm - bu deməkdir.
Ölüm - dünya zəncirlərindən qurtuluşdur
İmam Səccad (ə) həm də bəyan edir ki, mömin üçün ölüm - zəncirlərin açılması kimidir. Ölüm, bu dünya həyatının zəncirlərindən qurtuluşdur. Bu dünyada o qədər məsələlər var ki, bizi öz buxovuna salmağa çalışır, öz ixtiyarına almaq istəyir, bizi məşğul edən bağlantılar var. Ölüm bu bağlantılardan, bu asılılıqlardan, bizi burada giriftar edən, məhdud edən, əzən, sıxışdıran dünya zəncirlərindən qurtuluşdur. Bununla da əbədi axirət həyatının gözəl geyimləri geyinilər.
Bu həyat bizi müxtəlif zəncirlərlə, buxovlarla, asılılıqlarla girinc edib. Həvayi-nəfsin və dünyanın cəzb etdiyi növbənöv buxovları ilə biz burada ilişib qalırıq, aram ola bilmirik. Bir yandan aclıq, bir yandan susuzluq, digər tərəfdən cürbəcür həvayi-nəfsin istəkləri, ad, san, məqam, vəzifə, iş, güc, internet, sosial şəbəkələr, bəyənilmələr, insanların fikirləri və s. - bütün bunlar insanı əsir edir.
İş o yerə gəlib çatır ki, araşdırmalar göstərir ki, indi dünyaya yeni göz açan insanlar, internetlə tanışlıqları yarananda dəhşətlə qarşılaşırlar. Ata-anaları bu dünyanın içərisində özləri üçün məşğuliyyətlər tapıblar, övladları dünyaya gələr-gəlməz onun haqqında hər şeyi, böyüyərkən görmək istəmədikləri vəziyyətlərini, uşaqlığının müxtəlif mərhələlərinin şəkillərini internetə, sosial şəbəkələrə yükləyirlər.
Yeniyetmə uşaqların bir böyük hissəsi bununla bağlı depressiya yaşamaqdadır. Anlayır ki, onun özü haqqında başqaları ondan daha çox şeyi bilir. Bunlar ondan gəlir ki, valideynlər bu dünyanın zəncirlərində ilişib qalırlar, nəfslərində, eqolarında, özünüifadə komplekslərində ilişib qalırlar.
Əgər bu dünya həyatı ölümü düşünərək yaşanmasa...
Bu dünya həyatı əgər aqibəti və axirəti düşünərək yaşanmasa, oyun-oyuncaq olar. İnsanın yaşı artar, böyüyər, amma uşaqlıq oyuncaqlarından əl çəkməz. Adam böyüyər, amma uşaqlıq dövrünün əyləncələrindən, cavanlıq dövrünün zinətlərindən çıxıb böyüyə bilməz.
İnsan orta yaşa gəlib çatar, orta yaşın mənəm-mənəmlik xəstəliyinə yoluxar. İnsan yaşlanar, amma onun işi-gücü ancaq dünya məsələlərində yarışmaq olar, malını, mülkünü, sərvətini, nəslini artırmaqda yarışar.
Yalnız ölüm haqqında düşünən insan mömin olar və mömin bu dünyadan gedəndə əynindəki sanki işlənmiş geyimləri çıxardar və əbədi geyimi geyinər. Buradan gedənə qədər hər an təhlükə var ki, insan haradasa büdrəyər və bu dünyanın hansısa zəncirlərində ilişib qalar. Qəbrə çatana qədər çox ehtimal var ki, insan büdrəsin, yanlış etsin, zəncirlərdə ilişib qalsın. Mömin bu anlamda xoş bir durumdadır.
Dinimiz özü üçün ölüm arzulamağa çox pis baxır
Bəzən olur ki, insanlar bu dünyada müəyyən vəziyyətlərlə rastlaşarkən, bəla, müsibət, çətinlik qarşısında olarkən Allahdan özünə ölüm istəyir. Dinimiz buna çox pis baxır. Din deyir ki, sən bu dünyanı şərəflə, ləyaqətlə yaşayacaqsan, imtahanlı, sınaqlı bu dünyanın mərhələlərini adlayacaqsan, Allah verən ömrünü sona qədər yaşayacaqsan. Özü üçün Allahın ən böyük neməti - ömür neməti müqabilində ölüm istəməyə dinimiz olduqca pis baxır.
Həzrət Rəsulallah (s) buyurur: “Sizlərdən heç biri gərək deyil qarşılaşdığı çətinlik və problemlərə görə ölüm arzulasın”.
Bəli, dinimizin ölüm istəməyə çox pis baxır. Dinimiz həyata bir nemət kimi yanaşır. Amma necə nemət? Bu neməti dəyərləndirmək lazımdır ki, gedəndə hazır vəziyyətdə olaq. O nemət nə qədər ixtiyarımızda olacaq? Bu, yalnız Allahın ixtiyarında olan məsələdir.
Az günah edək ki, ölüm bizə asan olsun
Həzrət Rəsulallah (s) buyurur: “Az günah et ki, ölmək sənin üçün asan olsun”. Biz nə zaman ölümü özümüz üçün çətin görürük? O zaman özümüz üçün ölümü çətinləşdiririk ki, növbənöv günahlar edirik. Xüsusilə dili nəzarətə götürmək lazımdır. Çünki, dil ilə edilən günahlar insanın aqibətini, axirətini puç və zay edir.
Adam əgər nə danışdığını bilmirsə, özünə nəzarət etmək vərdişləri yoxdursa - danışmasa, sussa ondan qat-qat yaxşıdır. İnsan məhz dili ilə qeybət edir, insanları məsxərəyə tutur, şər atır, yalan danışır və özünün aqibətini qaraldır.
Xüsusilə bizim toplumumuzda təəssüflər olsun ki, məsxərə etmək adi bir hala çevrilib. Qaba və səviyyəsiz zarafat edənlərin çoxu deyir ki, bəs zarafat etdiyim adam mənim etdiyim zarafatdan incimir. Biz nə bilirik ki, filankəs dediyimizdən incimir?!
Bu, daha çox orta məktəblərdən gələn xəstəlikdir. Gərək insan öz dilinə fikir versin. Əgər əmin deyilsə ki, danışdığı onun aqibəti üçün yaxşıdır - danışmamağı daha məsləhətlidir, daha düzgündür.
Bəzən görürsən ki, insanlar mübarək bir məqsəd üçün bir yerə toplaşır, amma birilərin dili dinc dayanmır, o, qəflət edir, başı qarışır və bir də ayılır ki, mübarək bir məqsəd üçün yığışdığı bir yerdə qeybət edir, yalan danışır, insanları acılayır və s.
Haqq uğrunda ölüm - baldan şirindir
Qeyd etdiyimiz kimi, ölüm - möminlər üçün əbədi dünyaya keçiddir, daimi gözəlliklərin başlanğıcıdır. Ona görə də möminlər ölümü gözəl görərlər.
Söz ölümdən düşmüşkən, yaxşı olar ki, Kərbəla qəhrəmanlarından birinin ölümə baxışını təqdim edək. Kərbəla qəhrəmanlarından biri də Həzrət İmam Həsənin (ə) oğlu Qasim (ə) olub. Aşura gecəsində bu yeniyetmənin şüuru, dərki o həddə olur ki, danışılanları kamil surətdə anlayır. Birdən fərqinə varır ki, elə-belə bir mərhələyə daxil olmayıb. Burada həyat və ölüm söhbətləri, əbədiyyət söhbətləri gedir.
Görür ki, zamanın İmamı (ə) zamanın ən yaxşı insanlarına xəbər verir ki, sabah hamınız şəhadət məqamına çataqcaqsınız. Orada əmisi İmam Hüseynə (ə) bir sualla müraciət edir. Soruşur ki, bu danışılanlar, şəhid olma ona da aiddir?
Qiyamət gününə qədər nümunə oluna bilinəcək bir səhnələr yaşanır. Dövrün İmamı (ə) qardaşı oğluna sual verir. Buyurur: “Ölüm sənin üçün nədir?”.
Cavabında bu yeniyetmə, İmam Həsənin (ə) oğlu Qasim buyurur: “Haqq uğrunda ölüm - mənim üçün ölüm baldan daha şirindir”. Əgər biz dünya alimlərinin, filosoflarının ölümə verdiyi tərifləri, definisiyaları, aforizmləri təhlil etsək, bu cavabla müqayisə olunacaq səviyyədə bir cavab tapa bilmərik.
Ümumiyyətlə, haqq yolunda ölümə, şəhidliyə, isarlı, fədakar ölümə bundan gözəl tərif verən olmayıb. Əgər ölüm haqq yolundadırsa, əgər ləyaqət uğrunda, dəyərlər uğrunda, zəmanə İmamını (ə) qorumaq, onun çağırışına “Ləbbeyk!” demək uğrundadırsa - belə ölüm baldan daha şirindir...
Allahım, bizlərə hər an bu dünyanın müvəqqəti olmasını xatırlamağı, buna uyğun dünya həyatımızı dərklə yaşamağı nəsib et!
Allahım, ölümün həqiqətini anlamağı bizlərə nəsib et!
Allahım, möminlərə xas həyat yaşamağı aqibətimiz üçün nəsib et! Amin!