Bismilləhir-Rahmənir-Rahim!
Bəhsimiz İlahi dünyagörüşü ilə bağlıdır. Dünyagörüşü ilə bağlı ən mühüm məqamlardan biri budur ki, insanın əməllərinə birbaşa təsiri var. “Nə etməli?” süalına cavab vermək dünyagörüşsüz mümkün deyil. Yaxşı insan olmalıyıq. Niyə? Vicdanlı olmalıyıq. Niyə? Düz danışmalıyıq. Niyə? İnsanın dəyərlər sistemi var, o dəyərlər sistemi də ona deyir ki, bu pisdir, bu yaxşıdır.
Ona görə dünyagörüşü insanın əməllərinə birbaşa təsir edir. İnsanın əməllərində ciddi laxlama varsa, bunun köklərini dünyagörüşündə axtarmalıdır.
Maraqlı sual
Dünyagörüşü ilə bağlı bir nəfər maraqlı bir sual vermişdi. Demişdi ki, bir ümumi düstur, bir formula verilsin ki, biz bilək harada nə edək. Cavabında deyildi, harada olsanız - bilin ki, Allah sizinlədir. Sonra hər şey rahat olacaq.
Harada olsan, gərək biləsən ki, Allah səninlədir və sən Allahın məzhərindəsən və Allah məzhərində olduğun üçün nə baş verirsə, Onun diqqətindədir. Bunu nəzərə alsa insan, onda hər şey rahat həll olar. Harada olduğından asılı olmayaraq, insan özünü necə aparmağı bilər.
Ən ümumi bir düsturdur bu. Ən təməl düstur. İnsan bu düstura riayət etsə, özünü hər zaman Allah dərgahında bilsə, əməllərinin hesabatını aparsa - harada nəyi və necə etməyi dəqiq bilər.
İnsan isə İlahi dərgahda olmasını unudur. Və dünyagörüşü məhz buna görə mühümdür ki, insan bunu yaddan çıxarmasın. İnsanın dünyagörüşü İlahi dəyərlər əsasında olanda, onun ötəri və mənasız nəsnələrə görə ruhunu məhv etməsi mümkün olmur. Odur ki, insan bu məsələlərin mühümlüyünü diqqətdə saxlamalıdır, daima və diqqətlə dünyagörüşündə araşdırma aparmalıdır, bunun üzərində düşünməlidir, işləməlidir və inkişaf etdirməlidir.
Allah Təala insanın dünyagörüşünün düzgün formalaşması üçün nəbilər (ə) göndərmişdir. Müqəddəs Kitabımız olan Qurani-Kərim gəlib bizim dünyagörüşü ilə bağlı suallarımıza, bizim vücudi suallarımıza cavab verməyə. Bunsuz biz bilmərik nə üçünük, haradan gəlmişik, haradayıq, hara gedirik.
Dünyagörüşü ilə bağlı mühüm cəhətləri ötən bəhslərimizdə qeyd etmişdik. Bu gün daha birisini - dünyagörüşünün insana nə dərəcədə ümid və məsuliyyət verməsi meyarını təhlil edəcəyik.
Əqlaniyyətin ziddi
Öncə qeyd etdik ki, hər hansı dünyagörüşünün ki, əqlaniyyətlə davası var - o dünyagörüşünün aqibəti tullanılmaq olar. Beləsi dünyagörüşü deyil, əslində bir nağıldır, bir söz yığımıdır. Əqllə zidd olan, əqlə söykənməyən dünyagörüşünün yeri yoxdur, heç vaxt olmayıb və heç vaxt da olmayacaq.
Nəzər salaq ki, bu əlaqədə Müqəddəs Kitabımız nə deyir? Əqlaniyyətlə bağlı Quran nə deyir? Deyirmi ki, şüurunuz yoxdur, ağlınız yoxdur, fikirləşməyin, düşünməyin, ehtiyac yoxdur fikirləşməyə, sizin yerinizə artıq nəyi lazımdır fikirləşiblər? Yoxsa bunun əksini deyir?
Görürük ki, Qurani-Kərim deyir “Niyə fikirləşmirsiniz?!”, “Niyə şüur etmirsiniz?!”, “Niyə təfəkkür etmirsiniz?!” Hər bir tədqiq edən şəxs təsdiq edər ki, Qurani-Kərimin bütün müraciətlərinin mahiyyəti elə məhz insanı ayıltmaqdır.
Dinimiz deyir: kor-koranə qəbul etmə heç nəyi. Düşün! Məhz ağıla dəvətdir İslamın ana xətti. İslamın elə ucalığı da budur və İslamın elə gözəlliyi də budur.
Amma bir çox digər dünyagörüşlərinə ötəri də baxsaq, görərik ki, vəziyyət o qədər də yaxşı deyil. İmpulslar tam fərqlidir: fikirləşmə, təfəkkür etmə, ağlını işlətmə! Bir tərəddüd yarandıqda, ona nə cavab verirlər? Deyirlər: “Şeytan səni çaşdırır! Diqqətli ol! Necə var, elə qəbul et! Tanrının işlərinə qarışma!” Amma belə yanaşmalarla dünyagörüşü olmaz axı...
Fikirləşməmək virusu
Təəssüflər olsun ki, bu proseslər müəyyən mərhələdə İslam mədəniyyətindən, İslam sivilizasiyasından da yan keçmədi. İslam mədəniyyəti daxilində bəzi məktəblər meydana çıxdı ki, “düşünmə!” məfkurəsi ilə yaşamağa başladı. “Düşünmə!” mikrobu, “kor-koranə qəbul et!” virusu müəyyən məktəblər vasitəsilə İslamın daxilinə müəyyən səviyyədə yol tapa bildi. Ümmətin bədbəxtliyi elmi tərəqqidən kənarda qalması, müxtəlif anlaşılmaz simalarla tanınması - məhz buradan mənbələnir. Sual verilir: "Niyə müsəlman mədəniyyəti tənəzzülə getdi, niyə müsəlman sivilizasiyası o ucalıqdan aşağı gəldi?" Cavab elə buradadır. Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) mübarək yolundan, mübarək irsindən ayrı düşməkdədir səbəb. Onların irsinə sadiqlik ümmətin bir hissəsində deyil, ümumən ümmətdə olsaydı, mümkün olmazdı bu cür mikrobların yaşanması.
Bəli, ümmətin İmamını (ə) zindana atanda, zəhərləyəndə, şəhid edəndə toplum o qədər xəttini itirir ki, artıq mahiyyəti də dəyişməyə başlayır. Toplumun içinə elə mikroblar yol tapır ki, fikirləşməyi, düşünməyi, əqli işlətməyi məhdudlaşdırmağa başlayırlar.
Bəli, biriləri dinin əqidəvi köklərində kor-koranə təqlid etdilər. Dinimizin düşünməyə, araşdırmağa etdiyi israrlı dəvətlərə etina etmədən, İslam aləmində lfikirləşmə!» və s. kimi şeylər yayılır və nəticə etibarılə Peyğəmbər (s) və Əhli-Beytinin (ə) o böyüklükdə elm okeanı qalır bir yana, əhkam məsələləri gəlib yekunlaşır ancaq çox zahiri bir məsələlərlə. İslam dinini dəfn kimi məsələlərindən ibarət olan bir şey kimi saxlamaq istədilər. Bütün o biri məsələlər İslamda qoyuldu kənara, donduruldu, yavaşıdıldı.
O İslamı ki, dünya ondan öyrənirdi hər şeyi, o İslamı ki, gigiyenadan tutmuş, əxlaqdan, maarifdən, mədəniyyətdən tutmuş, ailədaxili münasibətlərin harmoniyası kimi, ictimai həyatda iştiraka kimi məsələlərə qədər həyatın bütün sahələrini əhatə edir - o bu təlimi məhdud əhkami məsələlərlə məhdudlaşdırmaq istədilər. Şükürlər olsun ki, böyük mütəfəkkirlərin misilsiz səyi nəticəsində dinimiz bugünədək qorunub yetişə bilmişdir və onu aradan apara bilməmişlər. Və bu, məhz əqlə müraciətin sayəsində baş vermişdir.
İnsan necə robota çevrilə bilir
Qeyd etdik ki, dünyagörüşünün digər tərəfi fitrətlə bağlıdır. O dünyagörüşünün ki, fitrətə müraciəti yoxdur - batil dünyagörüşüdür. Fitrətsiz, eşqsiz, sevgisiz, qəlbsiz, hüzursuz, duasız, münacatsız dünyagörüşü - dünyagörüşü deyil! Belə dünyagörüşü, belə yanaşma adamdan əməlli-başlı robot düzəldər. Robotlaşma adamı haraya çıxarar? Bir gün qapı döyüləcək, deyəcəklər şələ-küləni yığışdır, deyəcəksən qoy bir az da yaşayım, amma bir az da yaşamaq olmayacaq.
Arif şairlərin birində bu məzmunda incə bir mətləb keçir: bu dünyada nə eyş-işrət ola bilər, bir halda ki, hər an karvanın o zəngi çalına bilər; durun yığışdırın şey-şüyünüzü, karvanın hərəkət vaxtıdır.
Nə oturmaq, nə uzun-uzadı planlar qurmaq olar burada, bir halda ki, bizdən asılı olmayaraq, deyəcəklər: getmək vaxtıdır. Heç kimdən də soruşmadan və icazə almadan gəlirlər və dəvət edirlər ki, bu dünyan qurtardı, gedək görək nə var, nə yox.
İnsanın fitrəti var, daxili var, daxilində bəzi şeylər var ki, öyrənməklə-filanla hasil olmur. İnsanda bir hiss var, özünün asılı durumda olmasını anlayır. Hiss edir ki, asılıdır, möhtacdır. Birdən birisi özünü ağılsızlığa vursa ki, mən asılı deyiləm, işlək metodikalar var, bu adama sadəcə olaraq balaca hiss etdirmək lazımdır ki, nəfəs alma. Adam özü-özüylə də təcrübə edə bilər, misal üçün, öz nəfəsini saxlaya bilər. Bir müddətdən sonra başa düşəcək ki, nəfəs almaq üçün oksigen lazımdır. Başa düşəcək ki, asılıdır. Oksigen olmasa, su olmasa, asılılığını başa düşəcək. Başa düşəcək ki, öz-özünə müstəqil, özünəkafi varlıq deyil.
Fitrətlə bağlı da müəyyən virusları, mikrobları müsəlman mədəniyyətinə, müsəlman sivilizasiyasına salmağa cəhd edirlər. Zaman-zaman eşidilir ki, “nəyə lazım İmam Hüseynə (ə) əza saxlamaq?” Gah orada, gah burada eşidilir ki, mərsiyə lazım deyil, əza lazım deyil, İmam Hüseyn (ə) üçün ağlamaq lazım deyil. Belə getsə, bir az da irəli gedib, deyə bilərlər ki, namaz nəyə lazımdır, virtual halda qılınsın. Məscid nəyə lazımdır? Virtual halda ziyarət edilsin.
Bir halda ki, bütün fədakarlıq, şücaət və eyni zamanda mərhəmət, şəfqət elə məhz bu eşqdən, göz yaşından, sinəzənlikdən, əzadarlıqdan, mərsiyədən, Hüseyn (ə) eşqindən, məhəbbətdən qaynaqlanır! Bəli, fitrət olmayan yerdə, insanın insan olaraq mövcudluğu sual altına düşür.
Hamı üçün açıq olan qapı
Dünyagörüşü ilə bağlı digər mühüm bir məsələ də ümidlə bağlıdır. Dünyagörüşü gərək insana ümid versin. Nəyin ümidini? Nicatın, xilasın, qurtuluşun. Olur ki, insan səhv edir, xətaya yol verir. Olur ki, insan bilmir, anlamır, günah edir. İlahi dünyagörüşündə ümid var. İlahi dünyagörüşü deyir: gəl döy qapını. Deyir, hər vaxt döyə bilərsən. Gecə də döy, gündüz də döy bu qapını. Nicat qapısını. Ümid qapısını. Hər zaman açıqdır o qapı. Əsas məsələ də bu İlahi dünyagörüşüdür ki, sevgi verir adama, eşq verir adama. İlahi eşq verir, dirildir adamı, eşqli olmağı öyrədir adama.
Buruda ümid var. Bağışlanma ümidi var burada, Allah dərgahında dirilmə ümidi var, məsuliyyətlikdən doğan bir ümid var burada! Çox ciddi məsuliyyət var. Bir var bir adam iş görür və yaxud məktəbdə dərs oxuyur - amma bunun nə etdiyinə, necə etdiyinə əhəmiyyət verən yoxdur. Başlı-başına buraxılıb. Həm ümidsizlik içindədir ki: lmənə burada fikir verən yoxdur - oxuyuram, ya oxumuram. İşləyirəm, ya işləmirəm». Həm də heç bir məsuliyyət hiss etmir.
Bir də var deyirlər insana ki, oxuduğun məktəbdə nə edirsənsə, hamısı hesaba alınır. İmtahandan-imtahana deyil, rübdən-rübə deyil. Bəzi tələbələr kimi yox ki, axırıcı 5-10 gündə hazırlaşırlar. Baxmırlar axırıncı on gündə necə hazırlaşırsan. Burada belədir ki, axrıncı on günə, beş günə baxmırlar, burada bütün ömrün boyu nə etmisən, necə etmisən, necə oturmusan, necə durmusan - hamısına nəzər salınır.
Məsuliyyət var burada. İlahi dünyagörüşündə insan məsuliyyət hiss edir. Artıq rahatlıqla pislik edə, haqq poza, zülmə dəstək verə bilmir - məsuliyyətdən çəkinir. İlahi dərgahda cavab verəcəyini nəzərə alır. Və yaxşı həyat sürməyin, insan kimi yaşamağın motivasiyası var burada. İnsan anlayır ki, özlüyündə insani yaşamın, hürr insan kimi yaşamağın mənəvi üstünlükləri öz yerində, Hesab Günündə bunun nəcib nəticələrini görəcəkdir.
Məsuliyyət, yoxsa məhdudiyyət?
Burada bir yeni müstəvi də açılır ki, məsuliyyyət və məhdudiyyət kimi iki anlayışın ətrafında gedən müəyyən spekulyasiyalarla bağlıdır. Bəziləri iddia edir ki, məsuliyyət hissi - azadlığın məhdudlaşdırılması deməkdir. Belə iddialardan bu çıxır ki, İlahi peyğəmbərlərin (ə) işi insanın azadlığını məhdudlaşdırmaqla bağlıdır. Yəni, “məsuliyyət müəyyən etmək” kimi bütün normal insanların qəbul etdiyi anlayış - zira, hamı razılaşar ki, məsuliyyətsizlik anarxiyaya və xaosa gətirib çıxarır - “azadlığın məhdudlaşdırılması” kimi insanlara xoş gəlməyən söz birləşməsi ilə süni surətdə əvəzlənir. Bundan sonra da “məsuliyyət müəyyən etmək” elə “azadlığın məhdudlaşdırılması” ilə assosiasiya olunur.
Bəli, peyğəmbərlər (ə) gəliblər və insanlara deyiblər ki, belə yaşamayın, belə yaşayın. Bu, azadlığı məhdudlaşdırmaq deməkdir, yoxsa birgəyaşayışın mübarək yolunu təklif etmək? Ümumiyyətlə, azadlıq nədir? Bu, özü çox qəliz bir məfhumdur. Onlarla tərifi var. Hərə bir cür başa düşür azadlıq nədir. Hərə istədiyi kimi bu sözü interpretasiya edir. Bu, daha çox fitri, bədihi məsələlərdəndir.
Bəzi şeylər var ki, onlara tərif vermək çox çətindir. Məsələn gözəllik nədir? Bəşər binayi-qədimdən çalışıb gözəlliyə tərif versin. Amma verə bilmir. Çox çətindir. Binayi-qədimdən çalışıb tərif versin ki, nəzm nədir. Çətindir nəzmə tərif vermək.
O cümlədən də azadlıq sözünün müxtəlif mənaları var. Üstəlik, dildən-dilə tərcümə olunanda çox çətinliklər yaranır. Amma biz elə adi qaydada, “məhdudiyyətin əksi” mənasında qəbul olunmuş bir prizmadan baxaq görək, bizə məhdudiyyətmi yaradır peyğəmbərlər (ə)? Sadə cavabı odur ki, yaratmır.
Bir qədər aydınlaşdıraq. İnsanda tapınma hissi var, ibadət hissi var. Və insan o ehtiyacını ödəmək üçün yer axtarır, tapınmaq ünvanı axtarır. Ehtiyacı ödəmək mənbəyi kimi nəsə axtarır ki, ona tapına. Allahla tanış olmasa, çaşıb gedib insanlara tapınacaq. Elə biləcək insanlardır onun ehiyacını ödəyən. Gedib bütə tapınacaq. Elə biləcək elə bütün xoşbəxtliyi, səadəti ondandır.
Ayıldıcı funksiya
O cümlədən insanın fitri duyğularını ödəməklə də belədir. Mümkündür düz ödəmələr, həqiqi ödəmələr ola və mümkündür yalançı ödəmələri onun qarşısına çıxarsınlar. Necə ki, yemək istəyən uşağa, çeynəmək üçün əmzik kimi nə isə verələr. Onu müəyyən vaxt məşğul etmək olar bununla, amma aclıq hissi bununla ödənməz.
İnsanın eşq hissi, kamal axtarma hissi, tapınmaq hissi, ibadət hissi, ehtiyaclılığı ödəmə hissi ilə də belədir. Bu hissi gedib başqa yalançı yerlərə ödəməmək üçün, peyğəmbərlərin (ə) missiyası var. Peyğəmbərlər (ə) gəliblər deyiblər, ey insan, ayıq ol! Özünü çaşdırma! Bax gör səni aldatmasınlar, özünə bənzərlərə tapınma! Yalançı bütlərə tapınma! Müvəqqəti şeylərə tapınma!
Peyğəmbərlər (ə) bunu deyirlər. İndi bu, bizim azadlığımızı pozur, ya yox? Xeyr, qətiyyən pozmur. Əksinə, bizə tam azad olmağa imkan yaradır ki, biz şüurlu surətdə məlumata malik olaq və sonra seçim edə bilək. Əslində onu görürük ki, peyğəmbərlərin (ə) ayıldıcı və xəbərverici funksiyaları, missiyaları var. Və peyğəmbərlər (ə) bəşəri nəinki məhdudlaşdırır, əksinə - daha azad edir və daha sərbəst və daha dəqiq seçim etməyə imkan yaradır.
Allahım! Bizləri eşq əhlindən, Sənə tapınanlardan, düzgün yolda olanlardan qərar ver! Amin!