Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Təbliğ yolunun çətinlikləri

İslam məktəbinin imkanlı və istedadlı küfr məktəbi qarşısında qələbəsinin əsas səbəbi həzrət Peyğəmbərin (s) 23 il müddətində ardıcıl izlədiyi təbliğ üsulu idi. Əlbəttə ki, Peyğəmbərin (s) təbliğində onun şəxsiyyəti mühüm rol oynayırdı. Həzrət (s) səbirli, dözümlü, işində sabit idi. Həzrət Peyğəmbər (s) öz peyğəmbərlik dövründə həyata keçirdiyi təbliğlə bağlı müəyyən nöqtələri qeyd edir. Həzrət olduqca mürəkkəb bir cəmiyyətdə yaşayırdı. Bu cəmiyyətdə din təbliğ etməyin böyük çətinlikləri vardı. Həmin çətinlikləri mövzu və tarix baxımından nəzərdən keçirmək olar.

Peyğəmbər (s) öz ilahi missiyasına başlayandan sonra üç il gizli təbliğlə məşğul oldu. O bu üç ildə bir növ özək təşkilatını yaratdı. Həzrət Xədicə, həzrət Əli (ə), Zeyd ibn Harisə, Zübeyr ibn Əvam, Əbdürrəhman ibn Ovf, Səəd ibn Əbuvəqqas, Təlhə ibn Übeydullah, Əbu Ubeydə Cərrah, Əbu Sələmə kimi şəxslər həmin dövrdə İslamı qəbul ediblər. Bu üç ildə Peyğəmbərin əsas məqsədi kiçik də olsa bir müsəlman qərərgahı yaratmaq idi. Bu dövürdə Qüreyş Peyğəmbərin dəvətinə sərt reaksiya göstərmədi. Peyəmbər özü də həmin dövürdə yalnız layiq bildiyi şəxsləri İslama çağırırdı. Bu üç ildə Qüreyş, Əbu Süfyan eyş-işrətə məşğul idi. Onlar Peyğəmbərin dəvətini ciddiyə almır, məsxərəyə qoyurdular. Cəmiyyətdə dinə təbliğatın ənənələri vardı. Vərəqə ibn Abdullah, Üməyyə xalqı Tövrat və İncilə dəvət edirdilər. Amma tərəfdar toplaya bilmədiklərindən tədricən öz fəaliyyətlərini dayandırdılar. Əbu Süfyan Peyğəmbərin dəvət xəbərini eşidəndə Vərəqə və Üməyyəni yada salıb, bu dəvətin də tezliklə boşa çıxacağını dedi.

Peyğəmbər (s) öz ətrafında cəmlənmiş insanların sayını artırıb ibadət yerinə yetirirdi. O yavaş yavaş əhatə dairəsini genişləndirir, qohumlarını İslama dəvət edirdi. Həzrət (s) dövrünün ictimai münasibətlərinə çox diqqətli idi. Cəmiyyət tayfalardan qurulmuşdu. Peyğəmbər öz tayfasına sığınmaqla öz ictimai dayağını gücləndirdi. Şüəra surəsinin 214-cü ayəsində buyurulur: "Və ən yaxın qohumlarını qorxut!" Təfsirçilər yazırlar ki, Peyğəmbərə (s) qohumlarını dinə çağırmaq əmr edildi. Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) tapşırdı ki, yemək hazırlasın, süfrəyə süd də qoysun. O vaxt həzrət Əlinin (ə) 13-15 yaşı olardı. Bəni-Haşim başçılarından 45 nəfər dəvət edildi. Məclisin gedişində Peyğəmbər (s) öz dəvətini açıqlamaq istədi. Amma onun əmisi Əbu Ləhəb sözü dəyişərək məclisdə bu dəvətə yolu bağladı. Həzrət Peyğəmbər (s) səhəri gün də qohumlarını dəvət etdi. Allaha həmd-sitayişdən, Onun birliyinin etirafından sonra buyurdu: "Doğrudan da, bir cəmiyyətə yol göstərən şəxs öz adamlarına yalan danışmır. And olsun o Allaha ki, Ondan başqa məbud yoxdur! Mən sizə və bütün bəşəriyyətə göndərilmiş elçiyəm. And olsun Allaha, yatdığınız kimi ölərsiniz. Oyandığınız kimi də ayağa qaldırılacaqsınız. Əməllərinizə görə sorğuya çəkilərsiniz. Daimi behişt və həmişəlik cəhənnəm var... Kimsə öz yaxınlarına mənim sizə gətirdiyimdən yaxşısını gətirməyib. Sizə dünya və axirət xeyiri gətirmişəm. Allahım mənə göstəriş verib ki, sizi Ona doğru çağırım. Hansınız mənə arxa olmağa hazırsınız ki, onu özümə qardaş və canişin seçim?" Həzrət Peyğəmbər (s) sözünü başa vuranda məclisə sükut çökdü. Sükutu pozan həzrət Əli (ə) oldu. O dedi: " Ey Allahın peyğəmbəri! Sizə arxa olmağa hazıram." Həzrət Peyğəmbər (s) həzrət Əlini (ə) oturmağa dəvət etdi. Öz təklifini iki dəfə təkrarladı. Yenə də Əlidən başqa cavab verən olmadı. Həzrət Peyğəmbər (s) buyurdu: "O (Əli) mənim qardaşım və sizin aranızda canişinimdir. Ona qulaq asın, ona tabe olun." Məclis başa çatdı, gələnlər Əbu Talibə kinayə ilə dedilər: "Məhəmməd əmr etdi ki, oğluna tabe olub, ona itaət edəsən..."

Bu tarixi məlumatda Qüreyşin Peyğəmbərin dəvətinə biganəliyi müşahidə olunur. Həzrət həmin məclisdə qohumlarını rəsmi olaraq Allahın dininə dəvət etdi. Amma onlar hələ ki Peyğəmbəri təhlükəli saymadıqlarından bu dəvəti istehza və gülüşlə qarşıladılar. Amma Peyğəmbərin təbliğ üsulu öz sözünü deyəsi idi. Beləcə, Peyğəmbər (s) əvvəlcə gizli təbliğ etdi, sonra fərdi qaydada təbliğə başladı, növbəti addımda heç bir sərtliyə yol vermədən qohumlarını dəvət etdi.

Həzrət Peyğəmbər (s) üç il gizli dəvətdən sonra açıq təbliğə başladı. Bir gün Səfa dağının ətəyində dayanıb xalqı bir Allaha itaətə çağırdı. Həzrət (s) elə bir şəxsiyyətə malik idi ki, xalq onu qəbul edirdi. Öz əmanətdarlığı, doğruçuluğu ilə tanınırdı. Həzrət buyurdu: "Ey insanlar! Əgər sizə desəm ki, bu dağın arxasında düşmən dayanıb, sizin malınıza və canınıza təcavüzə hazırlaşır, inanarsınız?"

Hamı bir ağızdan "bəli", dedi. Kimsə ondan aylan eşitməmişdi. Həzrət buyurdu: "Ey Qüreyş! Özünüzü oddan xilas edin. Mən sizin üçün bir iş görə bilmərəm. Sizi əzabla qorxuduram. Mənim işim uzaqdan düşməni görüb xəbərdarlıq üçün qövmünə doğru qaçan şəxsin işi kimidir. O şəxs haray salmaqla qarşıdakı təhlükəni xəbər verir." Həzrət öz dəvətində qövmünü əzabla qorxutdu. Dəvətdən aydın olur ki, insanlar bir Allaha etiqaddan məlumatlı idilər. Həzrət bu zəminədən istifadə edir. İnsanların Peyğəmbəri təsdiq etməsi göstərir ki, onun üç illik təbliği insanları qıcıqlandırmamışdı. Həzrət elə aram təbliğ edirdi ki, ona qarşı təhqir və ya terror fikri yaranmırdı. Amma artıq yeni mərhələ başlayırdı. Həzrət bütün təhlükəni qəbul edib açıq təbliğə keçirdi. Artıq cəmiyyətin inancı olan bütpərəstlik Peyğəmbərin hədəfi idi. Bu çıxışlar Peyğəmbərə qarşı etirazları gücləndirirdi. Qüreyş Peyğəmbərin dəvətini təsirsizləşdirmək üçün 10 il çalışdı. Son qərarları Peyğəmbərin

qətli oldu. Peyğəmbərə qarşı hansı addımlar atıldı? İlk təziq vasitəsi qəbilənin təziqləri idi. Qəbilə başçısı Əbu Talib idi. Onun görüşünə getdilər və dedilər ki, sənin qardaşın oğlu bizim tanrıları təhqir edir. Tələb etdilər ki, ya öz dəvətindən əl çəksin, ya da Əbu Talib onu himayə etməsin. Əbu Taliblə görüşdə məsələnin həm sülh, həm də cəza yolu ilə həllindən danışıldı. Əbu Talib bir tədbirlə onları yola saldı. Amma Peyğəmbərin təkrarlanan bəyanatları xüsusilə haram aylar dövründə, hacılar Məkkəyə gələndə müxalifləri yenidən Əbu Talibin görüşünə gətirdi. Bu dəfə yalnız hədə dilində danışdılar və dedilər: "Ey Əbu Talib! Sən şöhrət və yaşda bizdən böyüksən. Sənə xəbərdarlıq etdik ki, qardaşın oğlunu öz dəvətindən çəkindir. Amma sən buna əhəmiyyət vermədin. Artıq səbrimiz tükənib. Əgər onu çəkindirməsən həm onunla, həm də onu himayə etdiyin üçün səninlə mübarizə aparacağıq." Əbu Talib söz verdi ki, onların sözünü Peyğəmbərə çatdırsın. Peyğəmbər əmisinin görüşünə gələndə buyurdu: "Əmican! And olsun Allaha, günəşi sağ, ayı sol əlimə qoysalar ki dəvətimdən əl çəkim, heç vaxt qəbul etmərəm. Ya bu yolda məqsədə çatacağam, ya da canımı verəcəyəm." Əbu Talib dedi: "And olsun Allaha, ilahi əmri yerinə yetirənədək səni himayə edəcəyəm."

Bəli, artıq Qüreyş Peyğəmbərin dəvətini sükutla müşahidə edə bilmirdi. Peyğəmbər maddi baxımdan həzrət Xədicə və Əbu Talib tərəfindən himayə olunurdu. Qüreyş qərar çıxardı ki, bu himayədarlıqlara son qoysun. Düşündülər ki, Əbu Talib Peyğəmbəri oğulluğa götürdüyü üçün himayə edir. Buna görə də Vəlidin gənc, şair, gözəl simalı oğlunu onun yanına aparıb təklif etdilər ki, bu gənci oğulluğa götürsün. Əbu Talib qəzəblə dedi: "Bu çox çirkin bir müamilədir. Mən sizin övladınızı ağuşuma alım, siz mənim övladımı öldürəsiniz? And olsun Allaha, bu olası iş deyil!" Qüreyş istənilən bir yolla Peyğəmbəri Əbu Talibin himayəsindən məhrum etmək istəyirdi. Amma artıq onu öldürməkdən başqa yol görmürdülər.

Qətlə qədər Qüreyşin planı bu idi ki, Peyğəmbəri şirin vədlərlə tutduğu yoldan çəkindirsin. Amma əmin oldular ki, heç bir məqam, var-dövlət, gözəl qadınlar onu fikrindən daşındıra bilməz. Əbu Talibin evinə gəlib dedilər: "Məhəmməd bizim sıx sıralarımızı pozdu, aramızda təfriqə yaratdı, bizim düşüncəmizə güldü, bütlərimizi məsxərəyə qoydu. Əgər o var-dövlət istəyirsə, məqam istəyirsə istədiyini verək. Əgər xəstədirsə, ən yaxşı həkimi gətirək." Əbu Talib Peyğəmbərin fikrini soruşdu. Həzrət buyurdu: "Mən onlardan bir şey istəmirəm. Təklifləri müqabilində mənim bir sözümü qəbul edib həmin söz əsasında ərəbə və qeyri-ərəbə hakimlik etsinlər." Əbu Cəhl ayağa qalxıb dedi ki, sənin bir yox, on sözünü qəbul edirik. Həzrət buyurdu: "Yeganə istəyim, Allahın birliyini etiraf etməyinizdir." Həzrətin sözü onları heyrətə gətirdi. Ümidsizliklə dedilər: "Biz 360 tanrını kənara qoyub, bir Allaha pərəstiş edək?!"

Müşriklər israr göstərirdilər ki, Peyğəmbər öz fəaliyyətlərini məhdudlaşdırsın, ən azı tanrılarla işi olmasın. Tarixçilər və təfsirçilər deyirlər ki, Kafirun surəsi bu münasibətlə nazil olub. Peyğəmbərə təklif edirdilər ki, sən bizim dinimizi qəbul et, biz də sənin dinini. Bir il sən bu işi gör, bir il də biz sənin dediyini edərik. Onlar çalışırdılar ki, Peyğəmbəri əsas məqsəddən yayındırsınlar. Əslində bu işlə şəkk yaratmaq istəyirdilər. Amma Peyğəmbər mövqeyini dəyişmədi, ilahi vəhyə əsaslanaraq onların hiyləsinə uymadı. Qüreyş başçıları Peyğəmbərdən bütlərə zahiri hörmət istəyirdilər. Bu vaxt Kafirun surəsi nazil oldu və onların arzusunu gözündə qoydu.

Müşriklər oxlarının daşa dəydiyini görüb başqa yol seçdilər. Məsxərə, istehza yolu ilə Peyğəmbərin şəxsiyyətini kiçiltməyə çalışdılar. Bu yolla onun çevrəsini daraltmaq istəyirdilər. Peyğəmbərə qarşı təziq vasitələri arasında istehza xüsusi yer tutur. Peyğəmbərə istehza edənlərin adı tarixə düşüb. Onlarla belə insandan yalnız iki nəfəri iman gətirdi. O birilər Mədinə müharibələrində və ya Məkkənin fəthindən qabaq öldülər. Tarixçilər bunu Peyğəmbərin həmin şəxslərə ünvanlanmış nifrini ilə əlaqələndirirlər. Əbu Ləhəb, Əbu Cəhl, Əsvəd ibn Əbd Yəğus, Vəlid ibn Muğeyrə, As ibn Vail, Əqəbə ibn Əbu Muid, Əbu Süfyan bu qrupdandır. Əbu Ləhəb Peyğəmbərlə mübarizədə heç nədən çəkinmədi. Arvadı Ümmi Cəmil Peyğəmbəri o qədər incitdi ki, haqqında ayə nazil oldu. Bundan xəbər tutan Ümmi Cəmil Peyğəmbərə həcv qoşdu. Əbu Süfyan da bu işi gördü. Üməyyə ibn Xələf o qədər istehza etdi ki, haqqında Huməzə surəsi nazil oldu.

Əbu Cəhl bir şəxsə borclu idi. Həmin şəxs şikayətlənəndə müşriklər istehza ilə Peyğəmbəri göstərdilər. Peyğəmbər Əbu Cəhlin evinə gəldi, Əbu Cəhl kişinin borcunu verməyə məcbur oldu. Bütün hallarda Peyğəmbərin istehza ilə qarşılaşdığını görürük.

Əsvəd Əbd Yəğus müsəlmanları məsxərəyə qoyurdu. Onları görəndə "yer üzünün padşahları gəldilər", deyirdi. Peyğəmbəri görüb soruşdu: "Ey Məhəmməd, bu gün səmadan səninlə danışan olub?" Nəql edirlər ki, bu şəxs əzab içində öldü. As ibn Vail Peyğəmbərin ailəsini məsxərəyə qoyurdu. Cavab olaraq "Kövsər" surəsi nazil oldu. Həkəm ibn Əbülas Peyğəmbərin ardınca gedib onu yamsılayardı.

Bu meydanda Əbu Cəhl öndə gedirdi. Bir gün Səfada Peyğəmbəri görüb təhqir etdi. Peyğəmbər ona cavab vermədi. Əbu Cəhl Kəbə ətrafında dayanmış Qüreyşlərə tərəf getdi. Həmzə Peyğəmbərin əmisi və süd qardaşı idi. Həmin gün ovdan qayıtmışdı. Təvaf edib evə qayıdırdı. Əbu Cəhlin Peyğəmbəri təhqir etdiyini görən kəniz bunu Həmzəyə danışdı. Həmzə geri dönüb kamanını Əbu Cəhlin başına vurdu və dedi: "Məhəmmədi təhqir edirsən?! Mən ona iman gətirmişəm və getdiyi yolu gedirəm. Bacarırsansa mənimlə danış."

Həzrət Peyğəmbər xalqı tövhidə dəvət edəndə Əbu Ləhəb Peyğəmbərin ardınca gedir, ona daş atır, xalqı itaətsizliyə çağırırdı. Arvadı da onda geri qalmırdı. Allah bu qadını "həmmalətəl-hətəb" adlandırdı. Bu qadın Peyğəmbərin keçəcəyi yola tikan səpirdi. Bir gün Əbu Cəhl Qüreyşə dedi: "Görürsünüz ki, Məhəmməd bizim dinimizi, ata-babalarımızın ayinlərini, tanrılarımızı yalan sayır. Sabah pusquda dayanacağam, Məhəmməd səcdəyə gedəndə daşla vuracağam." Səhəri gün Peyğəmbər namaz qılanda Əbu Cəhl Peyğəmbərə yaxınlaşdı. Amma qəlbinə elə bir qorxu düşdü ki, rəngi qaçmış halda Qüreyşin yanına qayıtdı. Hamı işin sonu barədə soruşurdu. Əbu Cəhl dedi: "Qarşımda bir heykəl dayandı ki, ömür boyu belə qorxmamışdım."

Bir gün Əqəbə ibn Əbu Muid Peyğəmbəri təvaf halında görüb təhqir etdi, əmmaməsini boynuna dolayıb məsciddən çölə çıxartdı. Bəziləri Bəni-Haşimin qorxusundan Əqəbəni Peyğəmbərdən uzaqlaşdırdılar. Əqəbə Əbu Ləhəblə birlikdə Peyğəmbərin qapısına çirkab tökərdi. Həzrət buyurur ki, mən Əbu Ləhəb və Əqəbə kimi iki pis qonşu arasındayam. Peyğəmbər səcdəyə getdiyi zaman Qüreyş onun başına zibil atardı. Bir dəfə həzrətin başına torpaq tökdülər. Peyğəmbər evə dönəndə qızlarından biri ağlaya-ağlaya atasının başını təmizlədi.

İbn Hişam deyir ki, Peyğəmbər üçün ən ağır gün evdən çıxanda təkzib olunduğu, incidildiyi gün idi. Həmin gün evə qayıdıb bir guşəyə çəkildi. Muddəssir surəsi nazil oldu.

Müşriklər Peyğəmbəri yalançı, cadugər, divanə, cin vurmuş, şair adlandırırdılar. Hansı yolla olur-olsun həzrəti gözdən salmağa çalışırdılar. Müsafirlər Peyğəmbər haqqında soruşanda Qüreyş Peyğəmbəri sehrbaz və şair kimi təqdim edirdi. Allah-Taala Öz ayələri ilə Peyğəmbərin köməyinə gəlir, onu himayə edirdi. (bax: Zariyat, 53-55).

Bilal, Əmmar, Abdullah ibn Məsud, Əbuzər və həzrətin ətrafındakı başqa insanlar Qüreyşin hədəfinə çevrilmişdi. Əbuzər Peyğəmbərə dörd ya beşinci iman gətirmiş şəxs idi. Dəvət aşkarlanmadığı bir zaman Əbuzər Peyğəmbərə qoşulmuşdu. Ona o qədər əziyyət verdilər ki, huşunu itirdi.

Buraya qədər qeyd edilənlər Peyğəmbərə fiziki və psixoloji təziqlərdən kiçik bir qismi idi. Amma Peyğəmbərlə həm də elmi yolla mübarizə aparılırdı. Onlar yeni dinin təbliğinə mane olurdular. Amma cahiliyyət dövrünün düşüncəsi İslam qarşısında dayanmaq gücündə deyildi. İslam vəhydən güc alırdı. Cahillər isə öz mübarizələrində hətta yəhudilərdən kömək istəyirdilər. İddia edirdilər ki, Peyğəmbər dediklərini kitab əhlindən öyrənib. Quran bu mövzuya işarə edir. (bax: Nəhl, 103). Quran Peyğəmbərə qarşı şübhələrə məntiqi cavab verir. Buyurulur ki, sizin ona aid etdiyiniz əcəm dilidir, Quran isə aydın ərəb dilində nazil olub. Düşmənlər Qurandakı əhvalatları Tövrat əhvalatlarına bənzədəndə Allah onların cavabını verdi. Fürqan surəsində buyurulur: "(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər; Kafir olanlar: “Bu (Quran) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!” – deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar." (ayə 3,4). Quran müşrikləri cəhənnəm odu ilə qorxudanda deyirdilər ki, onda Üzeyrə pərəstiş edən yəhudilər və Məsihə pərəstiş edən nəsranilər də bizimlə cəhənnəmə gedəcək. Quran belə cavab verdi: "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar." (Ənbiya, 101).

Vəlid ərəb başçılarından sayılırdı. Qüreyş İslamla bağlı çətinliklərinin aradan qaldırılması üçün ona müracət etdi. Ondan Quran haqqında hökm istədilər. Vəlid hökm vermək üçün vaxt istədi. Peyğəmbərin görüşünə gedib dedi: "Şeirlərindən mənə oxu." Peyğəmbər buyurdu ki, dedikləri şeir yox, Allah kəlamıdır. Nəhayət, Peyğəmbər "Fussilət" surəsindən 13 ayə oxudu. Ayələr Vəlidə çox təsir etdi. Həyəcan içində evə qayıtdı. Bir neçə gün evdən bayıra çıxmadı. Qüreyş onu məsxərəyə qoyur, dindən çıxmaqda ittiham edirdi. Bu insanlar arasında sonradan dinə iman gətirmiş Ütbə ibn Rəbiə kimi şəxs də var.

Cahillər bütün qapıları bağlı gördükdə Peyğəmbərdən qeyri-mümkün işlər tələb etməyə başladılar. Dedilər ki, sənə bu şərtlər daxilində iman gətirərik: Torpaqlarımızda quraqlıqdır, Allahdan su istə; ağacları arasından su axan meyvə bağı istəyirik; göyü parça-parça başımıza endir; Allah və mələkləri bizə göstər; qızıldan saray istəyirik; bizə göydən məktub gətir ki, peyğəmbərsən...

Təbii ki, Peyğəmbər bu istəklər qarşısında möcüzədən istifadə etmədi. Bir işin həyata keçməsi üçün müəyyən şərtlər ödənməlidir. Mahal, qeyri-mümkün işlər həyata keçəsi deyil. Peyğəmbər şəninə layiq olmayan iş görməz. Möcüzə göstərməkdə məqsəd insanların iman gətirməsi olmalıdır. İnadkar insanların möcüzə istəyi yerinə yetirilmir.

Nur-az.com/Hawzah


5884 بازدید
در حال ارسال اطلاعات...