İslam dinində təqdim olunmuş İlahi proqramda üç istiqamətdə vəzifələr müəyyənləşdirilmişdir:
1. Allah qarşısında vəzifələr;
2. Şəxsi vəzifələr;
3. Cəmiyyət qarşısında vəzifələr
Allahı tanıyıb Onun buyruqlarına itaət etmək insanın ilkin vəzifəsidir. Səadət sorağında olan insan anlamalıdır ki, bu səadət Allah-təalanın ixtiyarındadır.
Predmeti tanımadan onun forma və məzmununu dəyişmək olmaz. Məsələn, tanımadığı iki metalı bir-birinə qaynaqlamaq istəyən insan müfəvvəq ola bilmir. Metala qaynağın hərarəti dəydikcə onu əridib mayeyə çevirir.
Allah öz yaratdığı insanı hamıdan yaxşı tanıdığı üçün Onun göstərdiyi səadət yolu ən doğru yoldur. Amma ilahi yolda hərəkətə başlamalı olan insan özü də özünü tanımalıdır. Həzrət Əli (ə) buyurur: «Özünü tanıyan insan ən yüksək mərifət mərtəbəsinə çatmışdır».
Axı öz istedadlarından xəbərdar olan insanın heyvani həyat tərzində yaşaması necə mümkün ola bilər?! Özündə əql qüvvəsini duyan insan tərəqqisiz dura bilərmi?! Özünü tanıyan insanın heyvani hisslərə uyub çılpaq və iffətsiz, yırtıcı və mərhəmətsiz bir həyat sürməsi qeyri-mümkündür. İnsani şəxsiyyətini tanıyan insan özünə və özgələrə biganə qala bilmir, fərdi və ictimai vəzifələrinə qarşı məsuliyyətlə yanaşır.